Xəbər lenti

  

ABŞ-ın nüvə sazişindən geri çəkilməsi və İrana qarşı sanksiyaları yenidən tətbiq etməsi əks-reaksiya doğurub.

Ovqat.com xəbər verir ki, İran da artıq 2015-ci ildə bağlanan sazişdən imtina etmək ərəfəsindədir və bu istiqamətdə ilk addımlarını atıb.

İranın dini lideri Xameneyinin dünən ayətullah Xumeyninin ölümünün 29-cu ildönümü münasibətilə keçirilən tədbirdə dilə gətirdiyi bəzi fikirlər də bunu təsdiqləyir.

Məlumata görə, dini lider həmin tədbirdə ölkəsinin atom enerjisi qurumuna 190 min sentrifuqa istehsal olunması barədə tapşırıq  verib. Xameneyi tapşırığının səbəbini açıqlayarkən deyib:

 "Bəzi Avropa ölkələrindən alınan siqnallara görə, onlar həm sanksiyalara dözməyimizi, həm də nüvə fəaliyyətlərdən əl çəkib bu sahədə məhdudlaşdırmalara davam etməyimizi gözləyirmişlər. Bunu yuxularında görürlər".

 Xamenei nüvə sazişinə uyğun olaraq sentrifuqa sayının azaldılmasına diqqəti çəkərkən bildirib ki, İran eyni anda həm sanksiyaları, həm də nüvə fəaliyyətini məhdudlaşdırmağı qəbul etməyəcək. İran Atom Enerjisi dərhal sabah 190 min sentrifuqa hazırlamağa başlasın. Prezident (Həsən Ruhani) bu istiqamətdə lazımi addımlar atsın".

 Qeyd edək ki, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 5 daimi üzvü (İngiltərə, ABŞ, Çin, Fransa, Rusiya) və Almaniyayla İranın 2015-ci ildə imzaladığı “nüvə sazişi” kimi tanınan Əhatəli Birgə Fəaliyyət Planına görə, Tehran rəhbərliyi uran istehsalı üçün istifadə etdiyi 19 min sentrifuqanı 5 min 60-a qədər azaldacaq, 10 il ərzində bu sayda tutacaqdı. Saziş çərçivəsində İran, həmçinin 15 il ərzində ağır su reaktoru inşa etməyəcək, uran zənginləşdirmə işini təkcə Natanz nüvə obyektiylə məhdudlaşdıracaq və onu ən uzağı, 3,67 faiz zənginləşdirə biləcəkdi.

Müqaviləyə imza atan ölkələr İranın nüvə fəaliyyətlərini inkişaf etdirərək, atom bombası istehsal etmə gücünə çatacağından narahat idilər.

3 il əvvəl bağlanan bu müqavilə isə birmənalı qarşılanmırdı. Xüsusilə İsrail müqaviləyə qarşı çıxır, onu İranın 10 ildən sonra nüvə silahı hazırlamaq imkanına rəsmən qovuşağı kimi qəbul edirdi. Obama hakimiyyəti dövründə İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-a müqavilədən vaz keçmək üçün göstərdiyi bütün təzyiqlər isə heç bir nəticə vermirdi.

ABŞ-dakı son prezident seçkilərinin ardından hər şey dəyişildi. Yeni prezident Donald Tramp Ağ evdəki bütün maneələri təmizləyərək, sazişdən imtina etməyi bacardı. Sazişə imza atan digər dövlətlərin Trampa basqıları da heç bir işə yaramadı.

Üstəlik, Tramp İrana qarşı sanksiyaları da əvvəlki kimi davam etdirməyə başladı və yenidən nüvə çalışmalarına başlayacağı halda, Tehranı müharibə ilə təhdid etdi. Bu təhdidləri çəkindirici hala gətirmək üçün Pentaqon öz hərbi qüvvələrini Yaxın Şərqə göndərdi.

Görünən budur ki, Trampın hədələri və  konkret addımlarından sonra rəsmi Tehran qarşısında ABŞ-la ziddiyyətlərə getməkdən başqa yol qalmayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 464          Tarix: 5-06-2018, 08:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma