“Bercam nüvə sazişini istər birbaşa, istərsə də dolayısıyla ləğv etmək Tramp iqtidarının milli təhlükəsizlik istiqamətində ata biləcəyi ən pis addım olacaq”.
Ovqat.com xəbər verir ki, bu sözləri Amerika Dövlət Departamentinin keçmiş müşaviri və İran ilə nüvə danışıqları aparan ABŞ nümayəndə heyətinin rəhbəri Vandi Şerman bildirib.
Şermanın fikrincə, Amerikanın saziş şərtlərini pozması üzündən İran bu razılaşmadan geri çəkilsə, nüvə silahı çalışmalarına yenidən başlayacaq və Beynəlxalq Atom Enerjisi Təşkilatı İranın nüvə proqramına nəzarət etmək səlahiyyətini itirəcək.
Xanım diplomatın bu qədər narahat olması isə əsassız deyil. ABŞ Nümayəndələr Palatası ötən çərşənbə günü İrana mülki təyyarə satışını yasaqlayan iki əlavə qərar qəbul etdi. Qərarlarda Suriyaya silah və döyüşçü nəql etmək ehtimalı qadağanın əsas səbəbi kimi irəli sürülsə də, müşahidəçilər bunun bəhanə olduğu fikrində həmrəydirlər. Mülki təyyarə satışının yasaqlanması isə Bercam sazişinə ziddir və həmin razılaşmadan faktiki olaraq imtina edilməsi mənasına gəlir.
Qeyd edək ki, Bercam müqaviləsi 2015-ci ilin iyul ayında İran BMT TŞ-nin 5 daimi üzvü və Almaniya ilə bağladığı nüvə sazişinin bir başqa adıdır. Uzun müzakirələrdən sonra qəbul edilən saziş ABŞ-da birmənalı qarşılanmamış, xüsusilə yəhudi lobbisinin sərt təpkisinə səbəb olmuşdu. Əleyhdarlarının bildirdiyinə görə, saziş fakiki olaraq 10 ildən sonra İranın atom silahı çalışmalarına yaşıl işıq yandırmaqdan başqa bir şey deyil və dərhal ləğv edilməlidir.
Yəhudi lobbisinin ciddi dəstəyini alaraq hakimiyyətə gələn Donald Tramp da bənzər düşüncələrə sahibdir və hakimiyyətinin ilk günlərindən sazişinin əleyhinə mövqeyilə seçilir. Di gəl ki, Bercam sazişinə imza atan digər ölkələrin yenidən İran gərginliyinə qayıtmaq istəməmələri həmin sazişin ləğvini çətinləşdirir. Vaşinqton, sadəcə, bu sazişdən geri çəkildiyini elan edə bilər. Bu ehtimalda isə İranın əli güclənər və nüvə sazişinin tələblərinə uymamağın məsuliyyəti ABŞ-ın üzərində qalar.
Görünür, məhz bu səbəbdən Vaşinqton Bercam sazişini konkret ləğv etmək yolunu tutmur, nəticə etibarilə onun hökmünü dayandıran önəmli qərarlar qəbul edir. Bəlkə də bununla küncə sığışdırdığı İranı ilk tərəf olaraq sazişdən geri çəkildiyini rəsmən açıqlamağa vadar etməyə çalışır. Beləcə, Qərb ölkələrini İrana qarşı mövqeyə gətirmək istəyir.
ABŞ-ın öz rəsmisi və Bercam sazişinin müəlliflərindən birinin Vaşinqtonu günahlandıran bəyanatla çıxış etməsi bu baxımdan olduqca mühüm əhəmiyyət daşıyır.
Xanım Şermanın dilə gətirdiyi təhlükə Şimali Koreya təcrübəsində də yaşanmamışdı. Pxenyanla Vaşinqton arasında bağlanan nüvə sazişini ləğv edən ata Buşun bu addımı Şimali Koreyanı yenidən nüvə silahı istehsalına başlamasının önünü açmış və 1994-cı ilə qədər 1 və 2 atom bombası olan Kim Jong-Un sülalə hakimiyyətinin indi 60-dan artıq daha güclü nüvə silahına yiyələnməsinə şərait yaratmışdı. Üstəlik, Şimali Koreya bir neçə gün öncə, özünün hidrogen bombasını sınaqdan çıxararaq, toxunulmazlığını möhkəmlətmişdi.
Yəqin, xanım Şerman eyni səhvin İran məsələsində də təkrarlanacağından ehtiyatlanır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: