“2004-ci ildə İsarildən “Heron” pilotsuz təyyarələri aldıq. Müqabilində böyük pullar xərclədik. 10 ədəd “Heron” almışdıq. Amma onlardan heç bir zaman təsirli bir şəkildə faydalana bilmədik. Bizə həmin silahları istifadə etdirmədilər”.
Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Nurəddin Canikli dünən mətbuata açıqlamasında deyib.
Nazirin sözlərinə görə, İsraildən alınan pilotsuz təyyarələri heç Türkiyə hərbçilərinin özləri də idarə etmirmişlər: “İdarəçilik tamamən İsraildən gələn mühəndislərə həvalə olunmuşdu. Kəşfiyyat məlumatlarını da onlar toplayırdılar. Bu məlumata əsaslanan F-16-larımız düşmən mövqelərini bombardıman edirdilər. Sonradan məlumatların çoxunun yanlış olduğunu, dağı-daşı bombaladığımızı anladıq”.
Türkiyənin Müdafiə nazirinin bu sözləri ona görə diqqətimizi cəlb etdi ki, Azərbaycan ordusunun da əsas silah təchizatçısı İsraildir. Bunu ölkə rəsmilərimiz də gizlətmirlər. Yadınızdadırsa, İsrail Baş naziri Benyamin Netahyahu iki il əvvəl – 2016-cı ilin dekabr ayının 13-də Azərbaycana səfər edərkən, Prezident İlham Əliyevlə birgə mətbuat konfransı keçirmişdilər. Həmin konfransda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, İsraildən 5 milyard dollara yaxın (4 milyard 850 milyon) silah almaq barədə müqavilələr imzalanıb. Maraqlıdır ki, aldığımız bu silahlar içərisində pilotsuz hava aparatları xüsusi çəkiyə malikdir. Hər halda bunu da biz yox, hərbi ekspertlər etiraf edirlər. Prezidentin sözügedən mətbuat konfransında dilə gətirdiyi məlumatları şərh edən hərbi ekspert Rəşad Süleymanov azvision.az-a bildirmişdi ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 11 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır.
Ekspertin fikrincə, ilk illərdə Azərbaycan İsraildən reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları alıb: "2008-ci ildə hərbi paradda bu silahlar nümayiş etdirilib. 22 mm-lik qrad, reaktiv yaylım sistemləri, 305 mm-lik extra operativ-taktik raket sistemləri (uçuş məsafəsi 150-160 km), eləcə də Azərbaycan İsrail şirkətindən "Aerostar" və "Orbiter-2" pilotsuz uçuş aparatları alıb...”
Ekspert həmçinin bildirmişdi ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu "AZAD sistemlər" müəssisəsi fəaliyyətə başlayıb: "Bu müəssisədə "Orbiter-2" pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. Bu pilotsuz uçuş aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib. Sentyabr ayında isə müəssisə "Zərbə" adlı kamikadze uçuş aparatının istehsalına başlayıb. Qeyd etmək lazımdır ki, həmin pilotsuz uçuş aparatlarının motor və elektronik sistemləri çıxılmaqla qalan hissələri tam olaraq Azərbaycanda həyata keçirilir. O cümlədən onun proqram təminatı yerlidir. Bu, hərbi sənayemizə uğur qazandırdı. Sentyabr ayında imzalanan müqaviləyə əsasən, müəssisə Azərbaycan Silahlı Qüvvələri üçün "Orbiter-3" və "Orbiter-4" havada 24 saat qala bilən pilotsuz uçuş aparatlarını istehsal edəcək".
R.Süleymanov onu da vurğulamışdı ki, Azərbaycan İsraildən aprel döyüşlərində istifadə etdiyimiz "Harop" silahlarını alıb: "Eyni zamanda "Herion" və "Hermes" tipli pilotsuz uçuş aparatları İsraildən alınıb. Həmçinin İsrailin şirkəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti ilə bir yerdə müəssisə təşkil edib. Yerli müəssisədə sahil mühafizə xidməti üçün gözətçi gəmilərinin istehsalı həyata keçirilir.
Silahlı Qüvvələrin Baş Qərargah Mərkəzində qurulan sistem İsrail şirkətinə məxsusdur. Bu sistem vasitəsilə bütün ordu korpusları, briqadaları canlı bağlantıya qoşula bilir. Həmçinin sistem vasitəsilə ön cəbhədə vəziyyəti izləmək mümkündür. Bundan əlavə Azərbaycan 2016-cı ildə İsraildən zirehli maşınlar alıb. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində İsrailin istehsalı olan müxtəlif snayper, avtomat, pulemyot və tapancalar yer alır. Bu əməkdaşlıq müdafiə sektorunun bütün sahələrini əhatə edir".
Hərbi ekspert qarşıdakı illərdə bu əməkdaşlığın uğurla davam edəcəyini qeyd edib: "Qarşıdakı illərdə "Dəmir gümbəz" komplekslərinin alınması olacaq. Artıq razılaşmanın olduğuna dair informasiyalar var. Bu komplekslər Azərbaycanın hava hücumundan müdafiəsini və raket hücumlarına qarşı müdafiəsini daha gücləndirmiş olacaq".
Bir sözlə, İsrail Azərbaycana satdığı və bizimlə birgə istehsal etdiyi pilotsuz uçuş aparatları vasitəsilə ordumuzda və sərhədlərimizdə yaşanan ən xırda tərpənişləri belə görə bilir. Bəs, ondan aldığımız bu silahlardan özümüz nə qədər faydalana bilirik? Həmin vasitələr bizim hərbi qurumları nə qədər doğru məlumatlarla təmin edir? Bizə də dağı-daşı boş-boşuna bombalatmırmı?
Düzünü desək, Türkiyə Müdafiə naziri Nurəddin Caniklinin dünənki açıqlamalarından sonra bu ümidlər qarşısında böyük sual işarəsi yaranır.
Paylaş: