"Düşünürəm ki, Ermənistandakı Rusiya qoşunlarının statusunun dəyişdirilməsi təkcə Paşınyan hökumətinin mövqeyindən asılı deyil. Bunun üçün Ermənistan parlamentinin də razılığı olmalıdır"
Ovqat.com xəbər verir ki, politoloq Elşən Manafov Ermənistan Müdafiə naziri David Tonoyanın Rusiya sərhəd qoşunlarının statusuyla bağlı açıqlamasını şərh edərkən belə deyib.
Qeyd edək ki, Tonoyan İrəvanda jurnalistlərə verdiyi açıqlamasında Rusiya ilə imzalanan sənədlərdə problemlər yarandığını və onlarda dəyişikliklərə ehtiyac olduğunu bildirmişdi: "Bu dəyişikliklər ediləcək".
Xatırladaq ki, erməni nazirin sözügedən bəyanatı Gümrüdəki rus sərhədçilərinin ölkə rəhbərliyinə xəbər vermədən hərbi təlimlərə başlamasından sonraya təsadüf etmişdi. Bir çox mütəxəssislər rus sərhədçilərinin həmin hərbi təlimlərini Paşinyan hökumətinə xəbərdarlıq kimi qiymətləndirmişdilər. Prinsipcə, rəsmi İrəvan da məsələyə bu cür yanaşmış və müxtəlif rəsmilərin diliylə öz etirazını bildirmişdi. Ermənistan hökumətinin birbaşa və dolayısıyla etirazına baxmayaraq, ölkədəki rus sərhədçilərinin bu gün geniş tərkiblihərbi təlimlərə başladığı xəbər verilir. Məlumata görə, 3 min rus əsgərinin yer aldığı taktiki təlim iyulun 28-dək davam edəcək. Təlimlərə təxminən 500 texnikanın, o cümlədən hava hücumundan müdafiə, qırıcı və pilotsuz təyyarələrin cəlb olunduğu vurğulanır.
Həmsöhbətimiz Elşən Manafov rəsmi İrəvanın iradəsinə rəğmən, Rusiya qoşunlarının hərbi təlimlərinə başlamasını təsadüfi saymır:
"Ermənistan parlamentində hələ də Rusiya ilə bağlı olan Sarkisyanın liderliyindəki Respublika Partiyası üstün mövqelərə malikdir. Buna baxmayaraq, yaxınlarda keçirilməsi nəzərədə tutulan növbədənkənar parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi YEK partiyasının qalib gələcəyi şübhə doğurmur. Yalnız bu zaman Ermənistandakı Rusiya Federasiyasının sərhəd qoşunlarının statusunun dəyişdirilməsinə ölkə parlamentində aydınlıq gətirilə bilər".
Aslan Həmidli
Ülkər Fətəliyeva
Paylaş: