Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu ilin ilk yarısında 3874 vətəndaşın müraciətinə baxılıb. Onun sözlərinə görə, bu dövr ərzində 126 cinayət xarakterli material araşdırılıb: "Həmin materialların 82-si (65%) üzrə cinayət işi başlanıb, 44 (35%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib".
O, həmçinin qeyd edib ki, ən çox korrupsiya faktı tikinti sektorunda baş verib. Amma cəmi 1 tikinti şirkətinin rəhbəri barəsində cinayət işi başlanılıb, 13-ə rəsmi xəbərdarlıq edilib.
Korrupsiyanın bu qədər geniş yayıldığı sektorda cəmi bir nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi nə dərəcədə yuxarıda göstərilən statistik rəqəmlərə və etiraflara adekvatdır?
Digər tərəfdən Kamran Əliyev deyib ki, bu il korrupsiya hallarına görə 8 vəzifəli şəxsə töhmət, 2 vəzifəli şəxs şiddətli töhmət verilib.
Korrupsiyaya bulaşmış bir məmurun, vəzifəli şəxsin töhmət və ya şiddətli töhmətlə canını məsuliyyətdən yaxa qurtarmasının hüquqda yeri nədir? Bu cür "humanist" yanaşmanı ümumiyyətlə korrupsiyaya qarşı mübarizə tədbiri saymaq olarmı?
Ovqat.com-un suallarını cavablandıran Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu korrupsiyaya qarşı mübarizəni alqışlasa da, qarşıda hələ görülməli çox işlərin dayandığını vurğuladı:
"Ölkədə yalnız tikinti sahəsində deyil də, bütün sahələrdə korrupsiya halı mövcuddur. Sonluğu qaranlıq qalmış cinayət işləri də korrupsiyaya daxildir".
Partiya sədrinin fikrincə, ölkədəki rəsmi qurumlar vətəndaşların müraciətlərinə ya ümumiyyətlə məhəl qoymurlar, ya da şikayətlərə barmaqarası yanaşırlar:
"Təsəvvür edin ki, MTN-nin 11 illik fəaliyyəti dövründə heç bir vətəndaş bu quruma müraciət etmədi, amma Eldar Mahmudov işdən çıxarıldıqdan sonra faktlarla bağlı palaz-palaz cinayət işləri açıldı".
Korrupsiyaya qarşı mübarizənin özəl sektorlarda yox, dövlət qurumlarında aparmalı olduğunu bildirən A.Şakiroğlu imitasiya xarakterli tədbirlərlə məsələnin həll olunacağlna inanmır:
"Real prinsiplərə söykənən, istisnalar və imtiyazlar olmadan hər kəsin hüquq qarşısında bərabərliyinin tərəfdarıyıq".
Ağasif Şakiroğlunun fikrincə, korrupsiyaya qarışmış dövlət məmurunun töhmətlə canını qurtarması isə hüquqa həqarətdir: "Korrupsiyanı yığışdırmaq istəyiriksə, kimsəyə "humanistlik" etmək olmaz.. Korrupsiya sıradan suç deyil, cəmiyyəti məhvə sürükləyən cinayətdir. Onun cəzası da ağır olmalıdır".
Azadlıq partiyasının sədri Əhməd Oruc da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hesabat xarakterli açıqlamalarına şübhə ilə yanaşanlardadır. Onun fikrincə, Azərbaycanda korrupsiya faktiki olaraq dövlət siyasətinə çevrilib: "Azərbaycanda bütün oliqarxlar dövlət məmurlarıdır. Yəni Azərbaycan oliqarxların sıralaması hakimiyyətdəki sıralamaya təqribən uyğun gəlir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də, bildiyiniz kimi, Baş Prokurorluğun nəzdindədir. Azərbaycanda isə bütün hakimiyyət strukturları, o cümlədən Baş Prokurorluq başdan ayağa korrupsiyanın içindədir. Korrupsiya bu hakimiyyətin mahiyyətidir, idarəetmə stilidir, yaşam, düşüncə tərzidir. Bunların idarə etmə fəlsəfəsi oğurlamaqdır. Ölkədə korrupsionerlərin sayı 100 minlərlədir. Bütün özəl və dövlət sektorunda çalışan insanları hansısa formada cinayət törətməklə dolanmaq məcburiyyətində qoyublar. Bütün məktəblər, xəstəxanalar, hərbi hissələr digər idarələr hamsında korrupsiya mövcuddur. Ona görə mən o hesabatları gözdən pərdə asmaq üçün hazırlanmış teatr hesab edirəm".
"Azadlıq" liderinə görə, korrupsiyaya qarşı ciddi mübarizə aparılsaydı, hakimiyyət sturukturunda təmsil olunananların orta təbəqəsindən ali təbəqəyə qədər hamısı həbs olunardı:
"Tapdıq Abbasov bu yaxınlarda sürücülük vəsiqəsi almaq haqqında bir faktı ictimailəşdirdi. O dedi ki, sürücülük vəsiqəsi 1000 manatdır. Bu faktla bağlı ölkə başcısına, hökumət nümayəndələrinə müraciət etdi ki, belə biabırçı fakt mövcuddur. Amma bu məsələ ilə bağlı nə bir işdən çıxarılan oldu, nə də tutulan. Fakt isə faktlığında qaldı. Yəni bu, hakimiyyətin korrupsiya faktlarına münasibətini göstərən ən bariz nümunədir".
Nərmin Vüqarqızı,
Ülkər Fətəliyeva
Ovqat.com
Paylaş: