Xəbər lenti

   

Monqolustanın paytaxtı Ulanbatordakı bir özəl məktəbin direktoru İbrahim Akçay dünən səhər saatlarında kimliyi naməlum beş nəfər tərəfindən qaçırılıb.

Ovqat.com-un fransız xəbər agentliyi AFP-ya istinadən  verdiyi məlumata görə, Akçayı qaçıranlar onu təyyarəyə mindirib Türkiyəyə aparmaq istəyiblər.

 Bildirildiyinə görə, 50 yaşlı Akçay evinin qarşısında zorla mikroavtobusa mindirilib. Direktorun məktəbə getmədiyini ortaya çıxmasından sonra ailəsi və yaxınlarının polisə xəbər verməsi nəticəsində onun qaçırıldığı məlum olub.

Araşdırma nəticəsində məktəb direktorunun Türkiyəyə uçmağa hazırlaşan təyyarəyə mindirmək kimi Çingiz Xan Beynəlxalq Hava Limanına aparıldığı ortaya çıxıb. Monqolustan mülki aviasiya reyslərini təqib edən Flightradar24.Com internet saytına görə, TT4010 quyruq nömrəli bu təyyarə Türk Hava Qüvvələrinə məxsus imiş.

 Türk mətbuatı əməliyyatın Milli İstixbarat (Xəbəralma) Təşkilatı (MİT) tərəfindən keçirildiyi bildirilir və məktəb direktorunun Gülən hərəkatı ilə əlaqəli olduğu irəli sürülür. Məktəbin müəllimləri isə bu ittihamı qəbul etməyiblər.

 Məlumatda qeyd olunur ki, direktorun qaçırılması ortaya çıxandan sonra Monqolustan hökuməti dövriyyəyə girib və təyyarə səkkiz saata yaxın aeroportda gözlədilib. Daha sonra Türkiyənin Ulanbator səfirliyinin nümayəndələri Monqolustan hökumətinə hadisə ilə bağlı məlumat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Eyni vaxtda Monqolustanın bir çox millət vəkilləri və Akçaya dəstək verənlər hava limanına gedərək etiraz aksiyası keçiriblər.

Monqolustan XİN-nin hadisə ilə bağlı açıqlamada Xarici İşlər naziri Sogbatar Ağardın Türk həmkarı Mövlud Çavuşoğlu ilə telefonda danışdığı bildirilir. Nazirin müavini Battsetseg Batmunk isə bəyanat verərək, ölkə ərazisindən birini qaçırmaq cəhdini "Monqolustanın suverenliyinə və müstəqilliyinə qarşı ciddi qanun pozuntusu" olaraq qiymətləndirib.

Bildirildiyinə görə, Türkiyə-Monqolustan arasındakı 8 saatlıq gərginlikdən sonra təyyarə havaya qalxıb. Monqolustan Nəqliyyat Nazirliyinin bir rəsmisi təyyarənin Akçaysız ölkədən ayrıldığını açıqlayıb.

Qeyd edək ki, MİT-in xarici ölkələrdəki FETÖ şübhəlilərini gizli şəkildə qaçıraraq Türkiyəyə aparması son zamanlar adi hala çevrilib. Türk kəşfiyyatçıları daha əvvəl də Gülən qruplaşması ilə əlaqəli olduğu iddia edilən şəxslər üçün Kosovo, Qabon, Ukrayna və digər ölkələrdə bənzər əməliyyatlar keçirmişdi.

Azərbaycandan da eyni qayda ilə bir neçə nəfər nəzarət altına alınmışdı. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan da ölkəmizdə səfərdə olarkən bu iddianı qismən təsdiqləmiş və FETÖ ilə mübarizəyə hər cür dəstək verdiyinə görə rəsmi Bakıya minnətdarlığını bildirmişdi.

MİT-in bu gizli əməliyyatlarına səssiz qalan dövlətlər olduğu kimi sərt tərki verənlər də var. Məsələn, bu ilin mart ayında altı Türk vətəndaşının xüsusi təyyarəylə Kosovadan Türkiyəyə aparılması iki ölkə arasında ciddi böhrana yol açmışdı. Kosovoda bu əməliyyatları təhlükəsizlik qaydalarının pozuntusu kimi qiymətləndirmiş və cinayət işi başlatmışdı. Ölkənin Baş naziri Ramuş Haradinaj bununla da kifayətlənməmiş, komandasının milli kəşfiyyat şefi ilə Daxili İşlər nazirini vəzifədən qovmuşdu.




Ana səhifəyə qayıt        Baxış: 933          Tarix: 28-07-2018, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma