Ukrayna Xarici İşlər Nazirliyi 30 Sentyabra qədər Rusiyaya “Ukrayna və Rusiya arasında Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsi”nin başa çatması ilə bağlı nota göndərəcək.
Ovqat.com xəbər verir ki, məlumatı Ukrayna Prezidenti Pyotr Poroşenko yayıb.
Poroşenko “Twitter” səhifəsində yazdığı paylaşımında bildirib:
"Ukrayna və Rusiya arasında Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Haqqında Müqaviləsinin etibarlılıq müddəti 31 Mart 2019-cu ildə sona çatır. Onun avtomatik olaraq uzadılmaması üçün, müqavilə şərtlərinə görə, Ukrayna tərəfi 30 Sentyabr tarixinə qədər müqavilənin ləğvi ilə bağlı Rus tərəfini məlumatlandırmalıdır. Ən qısa zamanda Rusiyaya bu barədə nota göndərəcəyik".
İki post-sovet ölkəsi arasında 1997-ci ildə imzalanan “Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Sazişi” Rusiya-Ukrayna münasibətlərini müəyyənləşdirən əsas sənəd xüsusiyyəti daşıyır. Sazişdə iki ölkə arasında “qarşılıqlı hörmət”, “suveren bərabərlik”, “ərazi bütövlüyü”, “sərhədlərin toxunulmazlığı”, “münaqişələrin sülh yoluyla həlli”, “iqtisadi təhlükə və digər təzyiq metodları daxil olmaqla gücdən istifadə edilməməsi” prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq nəzərdə tutulur.
Rusiya 2014-ci ildə həmin müqavilənin maddələrini pozaraq Ukraynanın bir hissəsi olan Krım Muxtar Respublikasını qanunsuz şəkildə işğal edib.
Paylaş: