Xəbər lenti

  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, rəsmi Twitter hesabından ötən gün keçirilən Tehran sammiti barədə fikirlərini bölüşüb.

Ovqat.com xəbər verir ki, Twitter paylaşımı 5 dildə - türkcə, ərəbcə, ingiliscə, rusca və farsca yayınlanıb.

Sözügedən bəyanatda önə çıxan başlıca mesaj isə Türkiyənin rus və Suriya ordularının başlatdığı İdlib əməliyyatına laqeyd qalmayacağıdır. Ərdoğan yazıb:

 "Rejimin maraqları uğrunda on minlərlə günahsız insanın öldürülməsinə göz yumulması halında, biz belə bir oyunun nə iştirakçısı, nə də tamaşaçısı olacağıq”.

Köhnə müttəfiqləri ilə münasibətləri korlanan və onlara açıq şəkildə “alternativlərim var” deyən R.T.Ərdoğanın yeni tərəfdaşlarıyla keçirdiyi diplomatik görüşlərdən də çox razı qalmadığını göstərən həmin bəyanatı Ovqat.com oxucularına təqdim edirik?

“Türkiyə olaraq, başdan bəri Suriyada axan qanın durması üçün mübarizə apardıq. Heç bir ayrı-seçkilik güdmədən suriyalı qardaşlarımıza sahib çıxdıq. Dünən olduğu kimi, bu gün də tək bir suriyalı qardaşımızın dəxi, burnunun qanamasını istəmirik.

 Bu gün əziz qardaşım cənab Ruhaninin ev sahibliyi və əziz dostum cənab Putinin iştirakı ilə həyata keçirdiyimiz Türkiyə-Rusiya-İran üçlü sammitinə verdiyimiz önəm suriyalı qardaşlarımızın gələcəyinə yönəlik həssaslığımızdan qaynaqlanır.

 Bu gün gerçəkləşdirilən Tehran sammitində Türkiyə suriyalı vətəndaşların can təhlükəsizliyini heçə sayan üsulların terrorçuların dəyirmanına yağ sürməkdən başqa heç bir fayda verməyəcəyini açıq şəkildə ifadə etmişdir.

Rejimin maraqları uğrunda on minlərlə günahsız insanın öldürülməsinə göz yumulması halında, biz belə bir oyunun nə iştirakçısı, nə də tamaşaçısı olacağıq.

 İdlib məsələsi, yeni əzablara, yeni gərginliklərə, yeni çətinliklərə mahal vermədən, Astana ruhuna sadiq qalınaraq həll olunmalıdır. Astanada razılığa gəldiyimiz prinsiplərin mühafizəsi Suriya böhranına davam etdirilə bilən siyasi həll yolunun tapılması baxımından da mühümdür.

 Terrorla mübarizə pərdəsi altında sahədə “oldu-bitdi”lərə gedilməməsi, Suriyanın ərazi bütövlüyünü, qonşu ölkələrin milli təhlükəsizliyini zəiflətməyə yönəlik separatçı təzahürlərə qarşı çıxılması lazımdır.

 3,5 milyondan çox suriyalıya ev sahibliyi edən bir ölkə olaraq, qaçqınların könüllü və təhlükəsiz şəkildə geri dönmələrinin təmin olunması və Suriya münaqişəsinə bütün müttəfiqlərin ortaq bir zəmində görüşdüyü qalıcı bir çözüm tapılması üçün çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, Tehran sammitindən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti ilə onun rusiyalı və iranlı həmkarları arasında mübahisəyə yaxın dialoq yaşanmışdı. Bütün dünyanın gözü qarşısında aparılan bu müzakirələrdə Ərdoğan atəşkəs təklifi irəli sürmüşdüsə də, bu təklif sammitin Bəyannaməsində öz əksini tapmamışdı.  Bütün bunlar isə sammitin əslində xeyli gərgin keçdiyindən xəbər verir. Sammitdən sonra R.T.Ərdoğanın yuxarıdakı bəyanatla çıxış etməsi və Suriyada yaşananlara laqeyd qalmayacaqlarını bildirməsi də bu ehtimalı gücləndirir.

Görünən budur ki, ölkə sərhədlərində baş verənlərdən ciddi narahatlıq keçirən Türkiyə prezidenti problemin sülh yolu ilə çözülməsində maraqlıdır. Əks halda, İdlibdə məskunlaşan 3.5 milyon insanın Türkiyəyə axını ilə qarşılaşa bilər, bu da onsuz da iqtisadi böhran keçirən bir ölkə üçün arzulanmayan əlavə yük deməkdir.

Milli təhlükəsizlik qayğıları səbəbindən Qərb müttəfiqləriylə yollarını ayırmaq mərhələsinə gələn Türkiyənin regional qüvvələrlə də dil tapa bilməməsi tək qardaş ölkədə deyil, bütün Türk dünyasında narahatlıqla izlənilir. Nə yazıq ki, problemin bu həddə gəlməsində AKP hakimiyyətinin də Suriya ilə bağlı siyasətinin də mühüm rolu olub. Regional şərtləri nəzərə almadan keçmişdə atılan bəzi addımlar indi də Əsəd rejimi ilə münasibətlərin tənzimlənməsinə imkan vermir. Əsəd məsələsi böyük taxıntıya və siyasi kabusa çevrilərək Ankaranın qarşında dayanır.

Bir sözlə, Qərblə Şərqin yolayrıcında yerləşən Türkiyə balanslaşdırılmış xarici siyasətin “alternativlilik alternativsizliyi” sindromu ilə üz-üzədir.




Ana səhifəyə qayıt        Baxış: 2 117          Tarix: 8-09-2018, 09:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma