Xəbər lenti

 

İdlib və Qarabağ məsələsi bir-birindən tamamilə fərqlənən problemlərdir.

Ovqat.com-un məlumatına görə, bu sözləri Axar.az-a Ərdoğanın Putinlə İdliblə bağlı razılaşmasının əvəzində Moskvadan Dağlıq Qarabağı alacağı ilə bağlı iddialara münasibət bildirən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, İdlibdə çox böyük dövlətlərin - istər Rusiya, istər Türkiyə, istərsə də ABŞ-ın öz maraqları var:

“Orada hər bir qruplaşmanın arxasında duran xüsusi xidmət orqanları var. Putin və Ərdoğanın son Soçi görüşündə İdliblə bağlı belə bir nəticəyə gəlinib ki, bölgədə atəşkəsə nail olsunlar və müəyyən qoşun hissələrini və vətəndaşları buradan çıxarsınlar. Bu məsələ ilə bağlı Rusiya və Türkiyənin razılaşmasında əsas məqam bundan ibarətdir”.

Politoloq vurğulayıb ki, bu iddianın məhz erməni KİV-lərində şişirdilərək Dağlıq Qarabağla bağlanması təbii ki, Ərdoğan-Putin yaxınlaşmasına görədir:

“Rusiya eyni zamanda Ermənistanı özünün vassalı sayır və ərazisində hərbi bazalarını saxlayır. Təsəvvür edin ki, bu gün Rusiya və Türkiyə sərhədi Ermənistandan keçir. Bu, eyni zamanda, NATO-Rusiya sərhədidir. Yəni bu gün tam şəkildə Rusiya və Türkiyənin müttəfiqliyinin bərpa olunduğunu deyə bilmərik. Yəni bunlar müxtəlif hərbi bloklarda birləşmiş dövlətlərdir. Ayrı-ayrılıqda hər birinin Azərbaycana olan həm siyasi, həm iqtisadi, həm hərbi baxımdan münasibəti tamam başqa məsələdir. Bu da Azərbaycanın yürütdüyü balanslı siyasətlə bağlıdır”.

Politoloq qeyd edib ki, Azərbaycanın daxili və xarici siyasətində Dağlıq Qarabağ məsələsi prioritet istiqamətdir:

“Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin ən aparıcı və açar fiqurlarından biridir. Türkiyənin məhz Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla heç bir diplomatik münasibətləri yoxdur, sərhədləri bağlıdır. Bu haqda Ərdoğan özü dəfələrlə çıxışlarında qeyd edib. Ancaq bütün bunların fonunda Azərbaycanın bu iki dövlətə güvənərək öz ərazi bütövlüyünü bərpa edəcəyini söyləmək doğru deyil. Təbii ki, bu iki dövlət həm qlobal, həm regional məsələlərdə ən güclü aktorlar, oyunçulardır”.

Politoloq bildirib ki, Azərbaycan sülh yolu ilə torpaqlarını işğaldan azad edə bilməsə, hərbi yolla bunu edəcək:

“Buna da qadirdir. Ermənistanı da qorxudan budur. Ona görə də Ermənistan tərəfi Paşinyanın nəzarətində olan KİV-lərdə belə bəyanatlarla çıxış edirlər”.

Qeyd edək ki, Ermənistanın “Lragir” saytı Rusiyanın Türkiyəyə İdlibin əvəzində Qarabağı qaytaracağı iddiası ilə çıxış edib.




Ana səhifəyə qayıt        Baxış: 600          Tarix: 19-09-2018, 19:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma