Xəbər lenti

 

Almaniya hökumətinin Transatlantik Əlaqələr koordinatoru Jürgen Hardt

 

Türkiyə ilə Almaniya arasındakı İncirlik böhranı bu həftə keçiriləcək NATO sammitinin də əsas gündəm mövzusuna çevrilə bilər. Bəs, almanlar bu sammitdən nə gözləyirlər?

Almaniyanın hakim Xristian Birlik Partiyasının (CDU / CSU) Federal Məclisdəki deputatı, parlamentin Xarici Siyasət komissiyasının üzvü Jürgen Hardtin mövzuyla bağlı DW-ə müsahibəsini Ovqat.com  oxucularına təqdim edirik:

- İncirlik gərginliyindən sonra diqqətlər bu həftə keçiriləcək NATO sammitinə çevrildi. Sizcə, Baş nazir Angela Merkel ilə Prezident Rəcəb Tayyib Ərdoğan sammitdə bu məsələni müzakirə edərək həll yolunu tapa biləcəklərmi? Ümumiyyətlə, bu mövzu NATO-nun gündəmində yer almalıdırmı?

- Mövzu Şimali Atlantika Şurasında NATO ölkələrinə yerləşdirilmiş hərbi birliklərə siyasi ziyarətlərin həyata keçirilməsi üçün məcburi təməl standartların müəyyənləşdirilməsi baxımından ələ alınmalıdır. Sammitdə həmçinin digər NATO ölkələrinin liderləri Ərdoğana İŞİD-lə mübarizənin ziyarət qadağaları kimi bleflərlə təhlükəyə atılmayacaq qədər əhəmiyyətli, ciddi bir məsələ olduğunu açıqca izah etməlidirlər ki, gələcəkdə müttəfiqlər arasında bu cür gərginliklərdən qaçınılsın.

- Almaniya xarici işlər naziri Gabriel razılıq əldə edilə bilməməsi halında, yalnız İncirlikdəki alman əsgərlərinin deyil, Konyada NATO missiyası çərçivəsində xidmət edənlərin da geri çağırıla biləcəyi mesajını verdi. Siz isə Konyadan əsgərlərin çəkilməsinə etiraz edirsiniz. Niyə?

- İncirlikdən fərqli olaraq Konyadakı NATO-AWACS missiyası tam Almaniyanı maraqlandıran bir məsələ deyil. Buradakılar, Almaniyanın yox, NATO-nun kəşfiyyat təyyarələridir. Əgər biz ordakı əsgərlər geri çəksək, bu zaman NATO-ya verdiyimiz əhəmiyyətli dəstək də dayanacaq. Bu mövzunu çox yaxşı müzakirə etməliyik. NATO-nu, əndazəni aşan Türk siyasətinin məhbusu halına gətirməməliyik.

  

- Türkiyə hökuməti, millət vəkillərinin İncirlik ziyarətinə icazə vermək üçün, məlum çevriliş cəhdinin ardından Almaniyaya sığınan türk dövlət adamlarının qaytarmasını istəyir. Bir çox siyasi müşahidəçiyə görə, Ankara bu şərtin qəbul edilə bilməsinin mümkünsüzlüyünü də bilir. O zaman Ankaranın hədəfi nədir, nəyə nail olmaq istəyir?

- Türkiyə hökumətinin nə etdiyini çox yaxşı bildiyi qənaətindəyəm. Bu səbəbdən də, məncə, qaçqınlar məsələsi Türkiyənin Almaniya ilə didişmə axtarışı çərçivəsində ortaya qoyulan bəhanədir. Bir vaxtlar Federal Məclisin erməni qərarı da Türkiyə hökumətinin ziyarətləri məhdudlaşdırmaq üçün bəhanə kimi önə sürülmüşdü. Ərdoğan daxili siyasi hesablara söykənən səbəblərdən ötrü NATO müttəfiqləri ilə gərginlik axtarışındadır. Qaçqınlar mövzusu da onun üçün bu hədəfinə çatmaq üçün bir vasitədir.

- Bəzi mütəxəssislər Türkiyənin xarici siyasətində Rusiya ilə yaxın əlaqələrinin təsirli olduğunu söyləyir, bəzləri isə Ərdoğanın daxili siyasi hədəfləri istiqamətində Türkiyəni Qərbdən ayırmağa çalışdığını iddia edir. Siz buna necə baxırsınız?

- Həqiqətən də Türkiyənin yürütdüyü siyasətlər prezident Ərdoğanın anti-demokratik və Qərb əleyhdarı mövqeyiylə əslində tam olaraq nəyə hədəfləndiyi ilə əlaqədar suallar yaradır. Ankaranın hərbi ittifaqdakı dostlarını hirsləndirib incitməsi Türkiyənin mənfəətinə ola bilməz. Ərdoğanın NATO-da çata yol açması Rusiyanı sevindirir və Putin məmnuniyyətlə əllərini ovuşdurur.

- Türkiyə ilə Almaniya arasındakı İncirlik gərginliyi Transatlantik münasibətlərə və NATO-ya necə təsir edir?

- Brüsseldəki NATO sammiti tam zamanında keçirilir. NATO-nun sammitdən güclənərək çıxmasını, mövcud gərginliklərin ələ alınmasını, amma eyni zamanda da həll edilməsini gözləyirəm. Dünyanın fərqli bölgələrində qeyri-sabitliyə yol açan problemlər səbəbiylə NATO-nun zəifləməsini gözə ala bilmərik. Əslində məhz bu səbəbə görə ABŞ prezidenti Donald Tramp da əvvəl ortaya qoyduğu şübhəli mövqeyindən uzaqlaşaraq, NATO-ya yönəlmək xəttini tutdu.




Ana səhifəyə qayıt        Baxış: 917          Tarix: 23-05-2017, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma