Xəbər lenti

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel İncirlik böhranın pərdəarxasını izah edib. Vaşinqtona səfəri zamanı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) çıxışında İncirlik böhranının həlli üçün Türkiyənin irəli sürdüyü şərti açıqlayıb.

"Ərdoğanın (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) hökuməti "Sığınacaq üçün sizə müraciət edənləri qaytarsanız, millət vəkilləriniz alman əsgərlərini ziyarət edə bilər" deyib. Bu qanunlarımızın və Konstitusiyamızın pozuntusudur", - alman nazir bildirib. O, bildirib ki, Türkiyə vətəndaşlarından təxminən 450 nəfər sığınacaq üçün Almaniya hökumətinə müraciət edib və onlardan 80-nin müraciəti müsbət cavablandırılıb. "İndi Türkiyə hökuməti onların həbs edilməsi üçün Türkiyəyə verilməsini istəyir. Bu NATO-dakı bir müttəfiqin digər müttəfiqini şantaj etməsi deməkdir. Bu, qətiyyən mümkün deyil. Almaniya kansleri Angela Merkel bağlı qapılar arxasında dəfələrlə Türkiyə tərəfinə vəziyyətin ciddiliyini çatdırmağa çalışıb", - Ziqmar Qabriel vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə İncirlik bazasına alman deputatlar qrupunu buraxmayıb. Alman deputatlar ölkələrindən olan hərbçiləri ziyarət etməyi planlaşdırırdılar. Angela Merkel bildirib ki, Berlin alman hərbi kontingentinin İncirlik bazasından qonşu ölkələrə yerdəyişməsinin alternativlərini axtarmağa davam edəcək. O, alternativlərdən birinin İordaniya olduğunu vurğulayıb. Türkiyənin xarici işlər nazir Mövlüd Çavuşoğlu isə "Getsinlər, biz yalvarmayacağıq" şəklində cavab verib. Türkiyə Yaxın Şərqdə NATO-nun əsas üzv ölkəsidir. İncirlik təyyarə bazası isə regionda ABŞ və NATO-nun əsas bazalarından biridir. Açıq mənbələrdə olan məlumata görə, bazada nüvə silahı saxlanılır. İncirlikdə İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın ölkələrinin təyyarələri yerləşir. Alman hərbi mütəxəssisləri isə NATO-nun AWACS radiolokasiya kəşfiyyat təyyarələrinin ekipajlarının formalaşmasına cəlb edilib. Berlin həmçinin 6 ədəd "Tornado" kəşfiyyat təyyarəsi ilə dəstək göstərir. "Tornado"ların Suriyanın hava məkanında kəşfiyyat missiyaları demək olar ki, gündəlikdir. Almaniyanın Fəthullahçı Terror Təşkilatının (FETÖ) Avropada əsas sığınacağına çevrilməsi, xüsusilə NATO-da türk hərbçilərinin (Bu hərbçilər 2016-cı il 15 iyul çevriliş cəhdində iştirakda şübhəli bilinir -red.) sığınacaq üçün bu ölkəyə üz ttuması və Ankaranın terror təşkilatı hesab etdiyi PYD-yə (PKK terror təşkilatının Suriya qolu -red.) hərbi yardım göstərməsi iki ölkənin münasibətlərində gərginlik yaradıb. Publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 965          Tarix: 19-05-2017, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma