"Dissident sorağında" adlı kitab "Elm və Təhsil" nəşriyyatında işıq üzü görmüşdür. Kitab Əzizə Şamil və Əli Şamilin uzunillik əməyi və zəhməti sayəsində araya-ərsəyə gəlmişdir.
Tarix boyu toplum alışılmış qaydaların dəyişilməsini istəyənləri, fərqli düşünənləri, yenilikçiləri heç də xoş qarşılamamış, əksinə, onları susdurmağa çalışanların, cəzalandıranların tərəfini saxlamışdır. Sovetlər Birliyi dönəmində də belə olmuş, minlərlə insan iqtidarın yanlış siyasətinə etirazını bildirdiyinə görə cəzalandırılmış, haqlarında yanlış bilgilər yayılmış, həqiqət toplumdan gizlədilmişdir.
Sovetlər Birliyi çökdükdə arxivlər açılmış, gizlinlər ortaya çıx-mışdır. Varşavada yaradılan KARTA təşkilatı sosializm düşərgəsinin Doğu Avropa ölkələrindəki içtimai-siyasi baxışlarına görə təzyiq və təqibə məruz qalan insanları tanıtmaq məqsədilə “Dissident sözlüyü” ensiklopediyası hazırlamağı planlaşdırımışdır. “Dissident sözlüyü”nə materiallar hazırlamaq məqsədilə keçmiş sosialist respubliklarında və Sovetlər Birliyinin Avropa hissəsindəki respublikalarda işçi qrupları yaradılmışdır.
Kitaba “Dissident sözlüyü” Azərbaycan qrupunun hazırladığı və 1956 – 1986-cı illəri əhatə edən məqalələr daxil edilmişdir.
Kitabdakı məqalələrin maraq doğuracağını nəzərə alıb həmin məqalələri sıra ilə oxucularımıza çatdırmaq qərarına gəldik.
Ovqat.com
ABDULLAYEV ÇİNGİZ
|
Yoxsu bir ailədə doğulub. 1947-ci ildə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşdur. Sovetlər Birliyi müttəfiqlərinin yardımıyla faşizm üzərində qələbə çalsa da, özü əsarətdə saxladığı xalqlarla faşistsayağı davranırdı. Buna baxmayaraq, haqqı tələb edənlərin səslərini batırmaq olmurdu. Səsini duyuran, haqsızlığa qarşı dirənən gənclərdən biri də Azərbaycan Teatr İnstitutunun tələbəsi Çingiz Abdullayev idi.
O, təkbaşına bir iş görə bilməyəcəyini anlayıb özünə fikirdaşlar axtararkən onunla eyni institutda oxuyan Cahid Hilaloğlu ilə tanış olur. Birgə dərnək qurub Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyirlər. Lakin bu dərnəyin ömrü çox da uzun olmur. Xüsusi xidmət orqanları onların yazdıqları vərəqlərin izinə düşür. Beləliklə, 1948-ci il avqustun 28-də Çingiz Abdullayev Bakıdakı Voroşilov rayonunun 3-cü sahəsində mühakimə edilir və Azərbaycan SSR CM 213-cü maddəsinin 2-ci bəndi ilə, yəni “dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq”da ittiham edilərək üç il azadlıqdan məhrum olunur. İnstitutdan da qovulan Çingiz Abdullayev cəzasını Sovet Sosialist Respublikaları İttifaqının ən sərt rejimli cəza müəssisələrində çəkir. 19 iyun 1950-ci ildə həbsdən azad edilsə də, məsləkdaşları ilə əlaqə saxlamasın deyə Bakıda yaşamasına və işləməsinə icazə verilmir.
Bütün çətinliklərə və sıxıntılara baxmayaraq, Çingiz Abdullayev Cahid Hilaloğlu ilə əlaqə qurur. Sovet Sosialist Respublikaları İttifaqında azad fikirli insanların fəaliyyətinin məhdudlaşdırıldığını görüb Azərbaycanın azadlığı uğrunda mübarizəni mühacirətdə davam etdirməyi planlaşdırırlar. Mühacirət üçün ən münasib yer isə Türkiyə bilinir. Çünki Azərbaycan Cümhuriyyəti rəhbərlərinin çoxu orada yaşayırdı. Onların arasında Çingiz Abdullayevin yaxın qohumu da vardı.
1956-ci ilin əvvəllərində Çingiz Abdullayevlə Cahid Hilaloğlu Lerik rayonunun sərhəd kəndlərində mədəniyyət evlərində işləmək üçün Azərbaycan Sovet Sosialist Respublikası Mədəniyyət Nazirliyinə müraciət edirlər. Nazirlikdə iki gənc mütəxəssisin ucqar rayonda işləməyə getmək istəyi rəğbətlə qarşılanır və onlara tapşırılır ki, sənədlərini hazırlasınlar. Onların məqsədi Lerikdən İrana keçmək, oradan da Türkiyəyə getmək olur.
Çingiz Abdullayev pasport qeydiyyatından çıxmaq üçün Moskvaya gedir. Orada Arxangelskdən xariçi ölkələrə yük aparan gəmilərə işçi axtardıqlarından xəbər tutur. Cahid Hilaloğlunu Moskvaya çağırır ki, birlikdə Arxangelskə gedib yük gəmilərində işə düzəlsinlər. Gəmi xarici ölkələrin birində olanda isə sahilə çıxıb bir daha geri dönməsinlər.
Cahid Hilaloğlu sənədlərini hazırlayıb Moskvaya yola düşən ərəfədə amerikalı skripkaçı İsaak Sterno Moskvaya konsert verməyə gəlir. Çingiz Abdullayev onun konsertinə bilet alır. İsaak Sternoya gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingiz Abdullayevin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də, təkrar görüş üçün vaxt və yer təyin edir. Dörd gün sonraya, yəni 1956-cı il mayın 8-ə təyin olunmuş görüşə Natyanel Devis deyil, səfirliyin hərbi attaşesi Frenk gəlir.
Onunla səfirliyin maşınında söhbət edirlər. Ətraflı sorğu-sualdan sonra üçüncü görüş üçün də vaxt və yer müəyyənləşdirirlər. Lakin bu görüş baş tutmur. Çingiz 1956-cı ilin 8 mayında xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən yaxalanır. Elə həmin gün onu Sovet Sosialist Respublikaları İttifaqı Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, general İvan Aleksandroviç Serov (1905-1990) dindirir və səhərisi gün Moskva şəhər məhkəməsi Çingiz Abdullayevi RSFSR CM 19-58 maddənin 1 hissəsinin a bəndilə tüfeylilikdə, yəni işsiz gəzməkdə ittiham edib həbsxanaya atırlar. Çingiz Abdullayev ona verilən yalançı ittihamla razılaşmır. 1956-cı il oktyabrın 10-da ona təkrar hökm oxunur. Bu dəfə vətənə xəyanətdə suçlayıb Rusiya Sovet Fedarativ Sosialist Respublikası Cinayət Məcəlləsinin 58-10 maddəsinin 1 hissəsiylə şəxsi əmlakı müsadirə edilməklə 10 il azadlıqdan məhrumetmə və azadlığa çıxdıqdan sonra da 3 il siyasi fəaliyyətlə məşğul olmamaqla cəzalandırırlar. Beləliklə, onların xaricə getmək cəhdi də baş tutmur.
O, həbsxanadan Sovet Sosialist Respublikaları İttifaqı Ali Məhkəməsinə, Ədliyyə Nazirliyinə ərizələr yollayır. Rusiya Sovet Fedarativ Sosialist Respublikası Ədliyyə Naziri Boldırevə yazır: ”Məni yazdığım vərəqlərdə Sovet Sosialist Respublikaları İtti-faqının bütün xalqlarını üsyana, insanları qul, zorakılıq, aclıq, böhran şəraitində saxlayan kommunist rejimindən azad olmağa çağırışıma görə ittiham edirdilər. Mən bildirməyə məcburam ki, bu “məhkəmə iclası” teatr tamaşasına oxşayır. Burada marionet hakim hətta məni son sözdən də məhrum etmişdi. Çünki son sözdə mən onların sifətlərindən maskalarını çıxaracaq, iç üzlərini açaraq onların fırıldaqçı, qaniçən, başkəsən, zülümkar olduqlarını sübut edəcəkdim. Bütün respublikaların milli mənafeyini müdafiə edərək onların Rusiya imperiyasının müstəmləkəsi olduğunu açıqlayacaq və respublikalarda BMT-nin nəzarəti altında azad seçkilər keçi-rilməsinin zəruri olduğunu söyləyəcəkdim. Onlar isə bütün qa-nunları kobudcasına pozaraq, ən elementar qaydaları tapdalayaraq mənə son söz vermədilər.
Çünki Sovet Sosialist Respublikaları İttifaqının bütün məhkəmə və prokurorluq orqanları yuxarıların göstərişi ilə işlədiyinə mənim heç bir şübhəm yoxdur. Mən tam qətiyyətlə deyirəm ki, Azər-baycanın qəhrəman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam. Bizə məlum olduğu kimi, aprelin 5-7-də Tbilisidə və bütün Gürcüstanda çoxsaylı nümayişlər keçirilmişdir. Burada 200 min tələbə, fəhlə, kolxozçu, qadın və qoca iştirak etmişdir. Onlar əllərində şüar tutaraq öz müstəqilliyi və azad-lıqlarını, BMT-nin nəzarəti altında azad seçkilər keçirməyi tələb etmişlər.
Lakin imperator-diktator Rusiya, bütün Polşanın və Finlandiyanın ağası “qarğıdalı generalı” Nikita Xruşşovun əmrini yerinə yetirən silahlı qüvvələr günahsız tələbələrin, qadınların, qocaların üstünə tanklarla hücüm edərək, onları güllələmiş və çoxlarını Sibirə sürgün etmişlər. Azərbaycan xalqına qarşı da belə ədalət-sizliklər edilmişdir. Xeyli ginahsız adam qanunsuz həbs edilmiş, təqiblərə məruz qalmışdır.
Azərbaycanın, Gürcüstanın və başqa respublikaların vəziy-yətindən bəhs edən məruzə ilə çıxış etmək istəyirəm. Məqsədim odur ki, BMT Baş Assambleyasının növbəti sessiyasında respublikalarda azad seçkilər keçirilməsi haqqında qərar qəbul olunsun. Xatırladaq ki, Rusiya 1917-ci ilin 16 noyabrında imzaladığı deklorasiyasında Sovet hakimiyyəti tərəfindən bütün dünyaya elan etmişdir ki, yeni yaranmış sosialist, çoxmillətli dövlətin əsasını aşağıdakı demokratik prinsiplər təşkil edir: Rusiyada yaşayan bütün xalqların suverenliyi və bərabərliyi, millətlərin öz müqəddəratını təyinetmə hüququ, millətlərin Rusiyadan ayrılıb öz dövlətlərini qurması və s. Bu prinsiplər 1922-ci ilin dekabrında Xalq Komissarlar Şurasının sədri Vladimir İliç Leninin təklifi ilə Sovet Sosialist Respublikaları İttifaqının yaradılmasına dair hazırlanmış sənəddə öz əksini tapmışdır. Lenin öz əsərində də bildirir ki, millətlər ittifaqı könüllü surətdə yaranır, hər bir dövlət öz istəyilə başqa dövlətdən ayrıla bilər. Belə bir sual meydana çıxır: bu təcavüzkar kommunist rəhbərliyi və Sovet Sosialist Respublikaları İttifaqı hökuməti Leninin vəsiyyətini yerinə yetirirmi? Əlbəttə, yox! Bu təcavüzkar, qaniçən, fırıldaqçı kommunistlər dünya ictimaiyyətini çaşqın salaraq hər yerdə biz “Leninin yolu ilə gedirik” deyirlər. Əgər onlar Leninin yolu ilə gedirlərsə, bəs nə üçün onlar Azərbaycan və Gürcü xalqlarının qanuni tələblərini yerinə yetirmir, əksinə, kobud və vəhşicəsinə onların hüquqlarını tapdalayırlar?
Sovet Sosialist Respublikaları İttifaqı Konsitutusiyası ilə hər bir vətəndaş Sovet Sosialist Respublikaları İttifaqında yaşamaqdan imtina edib xarici ölkəyə gedə bilər. Bəs nə üçün Sovet Sosialist Respublikaları İttifaqının təcavüzkar hökuməti konstitusiyada yazılanların həyata keçməsinə imkan vermir? Əgər bunun həyata keçməsinə imkan verməyəcəksə, onda nə üçün bu maddə konsti-tusiyadan çıxarılmır? Görünür bu, vicdansız kommunistlərə dünya içtimaiyyətini çaşqınlığa salmaq üçün lazımdır. Qəzetlərdə yazıl-mışdır ki, Kiprdə Yunan gənclərinin nümayişi zamanı İngilis hökuməti bir tələbəni öldürmüşdür, bu da Sovet içtimaiyyətinin hiddətinə səbəb olmuşdur. Maraqlıdır, görəsən Azərbaycanda və Gürcüstanda baş vermiş hadisələr – dinc nümayişçilərin güllələnməsi və s. qanlı divanlar hansı miqyasda Sovet və dünya ictimaiyyətinin hiddətinə səbəb olmalıdır?! Mən bütün bunların hamısını DTK-dan olan Serova danışdım. O isə bu fikirlərimə görə məni azı 10 il azadlıqdan məhrum etdirəcəyini bildirdi.
Sovet Sosialist Respublikaları İttifaqı hökuməti hər yerdə car çəkir ki, bizdə mətbuat və söz azadlığı var. Lakin hər bir xırda tənqid üçün milyonlarla insanı həbsxanalarda və islah-əmək düşərgələrində çürüdür. Dünyanın heç bir ölkəsində belə qanunsuzluq yoxdur.
On üç il kommunist əsarəti altında qalan Macar xalqı bu zorakılığa, yalana, aclığa dözməyib 1956-cı ilin oktyabr- noyabr aylarında ayağa qalxdı. Onlar Sovet qoşunlarının Macarıstan ərazisindən çıxarılmasını, bir sözlə, öz azadlıqlarını və müstəqilliklərini, yeni hökumətlərini qurmalarını istəyirdilər. Bunun müqabilində Sovet hökuməti oraya əlavə qoşun yeritdi, tank və təyyarələrin gücüylə dinc əhalini vəhşicəsinə qırdı. Burada baş verən hadisələr “əksinqilabi qiyam” adlandırılır. Bəs nə üçün Əlcəzairdə, Yəməndə, Suriyada belə hadisələr “xalq azadlıq hərəkatı” adlanır?”
Çingiz Abdullayevin RSFSR Ədliyə Naziri Boldırevə yolladığı məktub quruluşun əsaslarını laxladırdı. Ona görə qapalı şəraitdə Mordva MSSR Ali Məhkəməsi 1957-ci il 13 iyulda yenidən onun işinə baxır və cəza müddəti 13 iyun 1957-ci ildən hesablanmaqla o, 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən məhrumetmə ilə cəzalan-dırılır. Cəza müddəti bir il də artırılır və Vladimir şəhərindəki xü-susi rejimli həbsxanaya, təkadamlıq kameraya göndərilir.
1963-cü ildə onu Mordva MSSR-dəki xüsusi-ciddi rejimli islah-əmək düşərgəsinə qaytarırlar. Əqidəsindən dönməyəcəyini görüb 1964 -cü ildə Serbiski adına Ümumittiaq Məhkəmə Tibbi Psixiatrik Ekspertiza İnstitutuna «müayinəyə» göndərirlər. Bu instituta Sovet cəza maşınının əsasını qoyan, DTK-nın ilk rəhbərlərindən Feliks Edmundoviç Dzerjinskinin qızı M.F.Talse rəhbərlik edirdi. Onun başçılıq etdiyi komissya 1956-cı ildə Çingiz Abdullayevə ”anlaqlı” diaqnozu qoymuşdusa, bu dəfə «anlaqsız» hesab edir və SSRİ Daxili İşlər Nazirliyinin Yaroslavl vilayətinin Rıbinsk şəhərindəki xüsusi tibbi psixi xəstəxanaya məcburi müalicəyə göndərir. Orada da Çingiz Abdullayevin sakit oturmadığını görüb Sıçov şəhərin-dəki xəstəxanaya yollayırlar. İki il yarımlıq «müalicə»dən sonra 1968-ci ilin iyulun 25-də Smolensk vilayətinin Sıçov şəhər Xalq Məhkəməsinin qərarıyla Bakıya 1 nömrəli Maştağa Psixi Xəstə-xanasına yollayırlar.
Çingiz Abdullayev xəstəxananın baş həkiminin onunla rəftarından həyatının təhlükə qarşısında olduğunu görür. Uzun illərin «müalicə»si nəticəsində Çingiz Abdullayevin gözündə qlakoma, mədəsində və onikibarmaq bağırsağında xora, pankretit xəstəlikləri yaranır. Elə bu xəstəliklərə görə də, həkim komissiyası onun ikinci qrup əlil olduğunu müəyyənləşdirir. Orada onun kimi məcburi «müalicəyə» göndərilmiş Nadir Ağayevlə tanış olur və başına gələnləri qısa da olsa, yazdırıb qohumlarına göndərə bilir. 14 il 4 aydan sonra «humanist» Sovet hüquq orqanları 1970-ci ilin 25 avqustunda onu «müalicəxana-həbsxana»dan azad edirlər.
O, həbsxanadan ikinci qrup əlil kimii azad edildiyi üçün Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Burada da fikirlərini sərbəst söyləyir, Sovet hökumətinin qəddarlıqlarından danışır. Onu daim nəzarətdə saxlayır və iş yoldaşları arasında fikir forma-laşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağlı pozulduğundan belə danışır.
Bütün bu ağrılara-acılara, təqib və təzyiqlərə baxmayaraq, Çingiz Abdullayev yenidən xaricə getməyi planlaşdırır. Moskvaya gedir. Çox çətinliklə də olsa, 1982-ci ilin 15 sentyabrında milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Səfir Karl de Qeera, səfirin birinci katibi Xell Qren onunla xeyli söhbət edirlər. Danışıqlarında sərbəst, hərəkətlərində tam anlaqlı olduğunu görsələr də, onu səfirliyin həkimlərinə müayinə etdirirlər. Bununla kifayətlənməyib İsveçrədən iki professor da dəvət edirlər. Onlar da Çingiz Abdullayevdə psixi pozğunluq olmadığını təsdiqləyirlər. İsveçdə və başqa xarici ölkələrdə çap olunan qəzetlər onun haqqında geniş məqalələr yazırlar.
Məsələnin böyüdüyünü görən Sovet tərəfi vəziyyəti nəzarət altına almaq üçün Çingiz Abdullayevə vəd edir ki, İsveçrə səfirliyindən çıxsın və vizası gələnədək gözləsin, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcək. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» meh-manxanasında qalmağa razılaşır. Səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun nəinki bütün xərclərini ödəyir, həm də müalicəsi qayğısına qalır.
SSRİ Ali Soveti Rəyasət Heyətində isə Çingiz Abdullayevin xaricə getməsi məsələsi süründürməciliyə salınır. 1984-cü ilin 19 oktyabrında DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otağa daxil olur, onu həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirirlər. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Onlar da Çingiz Abdullayevi təyyarənin gecə reysilə əlləri bağlı, sərnişinlərdən təcrid olunmuş şəkildə gizlincə Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixi Xəstəxanaya qoyurlar.
Sovetlər Birliyinin çöküşündən sonra Çingiz Abdullayevə nəzarət də azalır. O, yenidən xəstəxanadan buraxılır və İsveçrədən siyasi sığınacaq istəyir. 1991-ci ildə qocalıb, əldən düşmüş, kim-səsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. Onun son sorağını 1998-ci ildə Bern şəhərindən almışdıq.
Paylaş: