Xəbər lenti

 

Qaradağ Su Kanal İdarəsinin sədri İman Həsənov “Azərsu”nun Bakı şəhər Nizami rayon idarəsinə sədr vəzifəsinə təyin olunub. Qaradağ rayonunun paytaxtdan aralıda yerləşdiyini nəzər alsaq, İ.Həsənovun bu transferinin əslində mükafat olduğu aydınlaşır.

“Hürriyyət” qəzetinin əldə etdiyi məlumata görə, sözgedən mükafatlandırmanın ilginc bir səbəbi var. Sən demə, İman Həsənov öz işçiləriylə küçə söyüşü ilə danışdığı üçün bu iltifata layiq görülüb.

Bəli, səhv duymadınız, bu ölkədə hətta küçə ritorikası da məmurların yüksəlişində mühüm rol oynayırmış.

Məsələ burasındadır ki, Qaradağ Su Kanal İdarəsinin keçmiş, Nizami rayon su idarəsinin indiki sədri söyüşkən olduğundan gündə bir neçə dəfə təhqirə məruz qoyduğu işçiləri durmadan “Azərsu”ya şikayət edirmişlər. Şikayətlərin getdikcə artdığını görən şirkət rəhbərliyi sonunda idarə rəisini yerindən tərpətmək qərarına gəlib. Məlumata görə, bir neçə gün öncə “Azərsu”nun mərkəzi ofisinə dəvət olunan İman Həsənov şəxsən şirkətin sədri Qorxmaz Hüseynovla görüşüb. Qorxmaz müəllim isə ona artıq Qaradağda işləməsinin mümkün olmayacağını başa salıb və onu Nizami rayonuna transfer etmək istədiyini bildirib. Amma bir şərtlə. İman Həsənov gərək Nizami rayonunda özünü yaxşı apara, heç kimi söyməyə.

Qorxaz Hüseynovun bu təklifi ilə razılaşan İman Həsənov ona bir daha işçilərini söyməyəcəyinə dair söz verib. Məhz bu sözdən sonra transfer baş tutub: İman Həsənov Nizami rayonunun idarəsinə, həmin idarənin sədri isə  “Qaradağ Su Kanal”a rəhbər vəzifəsinə göndərilib. Bir sözlə, bir sıra icra hakimiyyətlərində olduğu kimi, idarə rəhbərlərinin yeri dəyişdirilib.

İman Həsənovun məhz Nizami rayonuna göndərilməsi də səbəbsiz deyilmiş. Bildirilir ki, Bakının yeni meri həmin rayonda yaşayır və bu səbəbdən də rayonun icra strukturlarına ciddi nəzarət altında saxlayır. Üstəlik, Qorxmaz Hüseynovun müavinlərindən bir də bu rayonun sakinidir. İman Həsənovun sözügedən rayonda məsul vəzifəyə təyin olunması da elə bununla bağlıdır. O, nəzarət altında tutulmalı və öz üzərində ciddi diqqətin olduğunu görüb söyüşləriylə ətraf mühiti narahat etməməlidir. Bir sözlə, İman Həsənov çətin islahedilən birisi olduğundan “Azərsu” rəhbərliyi bu cür “tərbiyəvi metod”a əl atmaq məcburiyyətində qalıb.

Bəs, görəsən, İman Həsənovu bu qədər qəhət şəxsiyyətə çevirən nədir ki, “Azərsu” rəhbərliyi onun üzərində əsir, tamamilə işdən uzaqlaşdırmağı ağlının ucuna belə gətirmir.

İnformasiya qaynağımız bunun səbəbini “Azərsu”nun qəhət şəxsiyyətinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla qohumluğu ilə əsaslandırır. Məgər ki, İman Həsənov Kərəm müəllimin dos-doğma əmi oğlusu imiş və “baş əlmakçı” söyüşkən qohumuna öz yanında müvafiq iş tapa bilmədiyindən onu su-kanalizasiya idarələrindən birinə rəhbər vəzifəyə təyin etmək üçün Qorxmaz Hüseynova ağız açmalı olub. Qorxmaz müəllim də Kərəm Həsənovun sözünü yerə salmayıb əmi oğlusuna uyğun iş axtarmaq məcburiyyətdə qalıb. Əvvəl gözdən uzaq yer sayılan Qaradağa göndərilən İ.Həsənov burda ümidləri doğrultmadığından göz önünə gətirilib.




Ana səhifəyə qayıt        Baxış: 1 891          Tarix: 18-03-2019, 14:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma