Xəbər lenti

 

"Müştərək Əməliyyat Mərkəzi tam gücü ilə fəaliyyətə başladı. Mərkəzin idarəçiliyini bir Türk və bir ABŞ generalı yerinə yetirir”.

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Xülusi Akar dünən İzmirdə bir hərbi hissəni ziyarət edərkən deyib.

Onun sözlərinə görə, ABŞ-la Türkiyənin birgə qurduğu Müştərək Əməliyyat Mərkəzinin prinsiplərinə əsasən, vaxt itirmədən güvənli bölgə qurmaq planlaşdırılıb.

 ABŞ-lı həmkarı Mark Esper ilə çərşənbə günü keçirilən görüşü zamanı planlaşdırmanın ilk mərhələsinin başlanacağı və hərbi heyətlərin növbəti mərhələləri həll etmək üçün yenidən Ankarada bir araya gələcəyi barədə razılığa gəldiklərini xatırladan nazir ortaq hərəkatda artıq ilk addımların atıldığını da gizlətməyib:

 

“Tətbiqat sahəsində fəaliyyətin ilk mərhələsinə keçildi. Bu çərçivədə ilk pilotsuz təyyarəmiz 14 avqustda əməliyyat bölgəsinə uçmaq üçün havalandı. İlk ortaq vertolyot uçuşu isə bu gün günortadan sonra həyata keçiriləcək. Həmçinin, terrorçuların mövqelərinin və istehkamların dağıdılmasına da başlanıldı".

Maraqlıdır ki, Türkiyə və ABŞ-ın bu planına Suriyalı kürdlərdən də dəstək gəlib. Ankara tərəfindən PKK-nın Suriya qanadı olaraq görülən PYG-nin rəhbərlik etdiyi Suriya Demokratik Güclərinin (SDG) komandiri Məzlum Kobani dünən Həsəki şəhərində jurnalistlərə verdiyi açıqlamasında ABŞ və Türkiyə arasında uzlaşmanın uğurla başa çatması üçün səy göstərəcəklərini bildirib:

"SDG bu əməliyyatın uğurla başa çatması yolunda müsbət bir element olacaq."

 

Qeyd edək ki, Türkiyənin ABŞ-la indiyədək anlaşa bilməməsinin başlıca səbəbi rəsmi Vaşinqtonun Suriyanın şimalında əsas müttəfiq kimi YPG-ni görməsi idi. İndisə PYG-nin bu cür açıqlamayla çıxış etməsi beyinlərdə müəyyən suallar meydana gətirir: Əcəba, Türkiyə PYG-ni teror təşkilatı kimi görməkdən vaz keçib, yoxsa PYG öz əlindəki əraziləri Türkiyənin nəzarətinə vermək məsələsində məcburi razılığa gəlib?

Bölgədən gələn xəbərlər ikinci ehtimalı daha çox qüvvətləndirir. Məlumata görə, avqustun 7-də ABŞ və Türkiyə rəsmiləri Müştərək Əməliyyat Mərkəzi yaratmaq barədə ortaq fikrə gəldikdən sonra YPG Türkiyə sərhədlərində qurduğu postları tərk edib. Üstəlik, Ankara və Vaşinqtonun əldə etdiyi razılığa görə, başda Kobani, Telabyad, Rəsuleyn, Qamışlı və Amudə kimi PYG-yə bağlı bölgələr olmaqla, 10 nöqtədə müşahidə postları qurulacaq və bu postlar Türkiyənin nəzarəti altında olacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 137          Tarix: 25-08-2019, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma