Xəbər lenti

  

Bu gün tamamlanması gözlənilən G-7 sammitində liderlərin işini ən çox çətinləşdirən məsələnin İran müzakirəsi ilə bağlı olacağını təxmin etmişdik. Sammitin keçirildiyi Fransanın Biarritz  şəhərindən gələn xəbərlər bu ehtimalı təsdiqləyir.

Ovqat.com xəbər verir ki, sammitin ilk günü İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də Fransaya dəvət olunub.

İran XİN-nin sözçüsü Abbas Musəvinin sosial şəbəkə vasitəsilə yaydığı açıqlamasına görə, Zərifi fransalı həmkarı Jean-Yves Le Drian ölkəsinə dəvət edib. Zərifin  G-7 sammitindən qabaq İran və Fransa prezidentlərinin apardıqları müzakirələri davam etdirmək üçün səfərə çıxdığı açıqlanda da, bu əsaslandırma ciddi görünmür. Zira prezidentin qaldığı yerdən yola davam etmək xarici işlər nazirinin boyunu aşan məsələ olduğu kimi, Zərifin Parisə deyil, G-7 sammitinin keçirildiyi Biarritzə getməsi də ağılları qarışdırır. Ağla ilk gələn ehtimal isə İrana G-7 liderlərinin hansısa mesajını çatdırmaq üçün Zərifin Fransaya çağırılmasıdır.

Xatırladaq ki, G-7 sammitindən qabaq İranla ABŞ və İngiltərə arasında ciddi gərginlik yaşanmış, tərəflərin qarşılıqlı geri çəkilmələri ilə durum qismən səngimişdi. Belə ki, İran körfəz sularında ABŞ-a aid bir pilotsuz təyyarəni vurmuş, rəsmi Vaşinqton isə buna bəzi simvolik sanksiyalar tətbiq etməklə cavab vermişdi. Mütəxəssislər ABŞ-ın İrana qarşı ritorikası ilə müqayisədə xeyli yumşaq görünən addımını Donald Trampın ikinci dəfə prezident seçkilərinə başı qarışması ilə izah etsələr də, zənnimizcə, bu ehtimal inandırıcı deyil. Ən azı ona görə ki, iddia etdiyi kimi İranı yaxşıca “əzişdirən” Trampın daha çox səs toplama şansı vardı. Tramp isə bu şansdan istifadə etmək istəmədi, ya da belə görünür ki, bunu bacarmadı.

Bu da azmış kimi, Trampın bu dişsizliyindən sonra ikinci cəsarətsiz ABŞ-ın strateji müttəfiqi İngiltərədən gəldi. Böyük Britaniyanın İrana aid bir tankeri saxlamasına adekvat cavab verən Terhan da Fars körfəzində bir ingilis tankerini girov götürdü. Başlayan ciddi söz savaşının ardından geri çəkilən yenə İngiltərə oldu: Cəbəlitariq məhkəməsinin qərarı ilə İran tankerini azad etdi.

 

İranın bütün sərt tədbirlərə misilləmələri, ABŞ və İngiltərənin isə geri addımları müttəfiqlərin müharibədə maraqlı olmadıqlarını, sadəcə rəsmi Tehranı daha zəif vəziyyətə salıb danışıqlar masasına çəkmək istədiklərini göstərir.

Zənnimizcə, anqlosakson ittifaqının bu dizsiz siyasətləri səbəbsiz deyil. Əsas səbəb isə İranın hərbi gücündə deyil, geopolitik durumunda gizlidir. Nədən ki, İranla başlayacaq müharibə dünya neft hasilatının 40%-dən çoxunun cəmləşdiyi Fars körfəzinin bağlanmasına və enerji qiymətlərinin dəfələrlə artmasına səbəb ola bilər.

Üstəlik, eyni anda həm də Rusiyanın hədəfinə alınması bu iki dövləti daha da yaxınlaşdırar və rus ordusunun Suriyada olduğu kimi, İrana da əsgər sevkiyyatına yol açar. Bu isə Fars körfəzində illərlə davam edən yeni gərginlik ocağının yaranması və neftlə zəngin olan bütün ərəb ölkələrinin iqtisadiyyatının tamamilə durması, nəticə etibarilə dünyanın sənaye ölkələrinin də içindən çıxılması imkansız böhrana sürüklənməsi deməkdir.

Belə bir bəd sürprizə yol verməmək üçün G-7 ölkələrinin İranla anlaşmaqdan başqa alternativləri yox kimidir. Di gəl ki, bu məsələ ilə də ABŞ-ın razılaşıb razılaşmayacağı bəlli deyil. Vaşinqton Tehranın onun özüylə danışıqlara getməsində maraqlıdır və ABŞ prezidenti bu barədə arzularını reallıq - İranın istəkləri kimi dəfələrlə dilə gətirib. Hər dəfəsində isə bu açıqlamalar İran tərəfindən təkzib olunub. İran XİN-nin sözçüsü Abbas Musəvi dünən yaydığı açıqlamasında Məhəmməd Cavad Zərifin Fransa səfəri zamanı ABŞ prezidenti ilə görüşməyəcəyini bildirməklə məsələyə hələlik son nöqtəni qoymuş oldu.

Belə aydın olur ki, Tehran geopoltik vəziyyətin onun xeyrinə olduğunun fərqindədir və buna görə də ABŞ-ın üzərinə getməkdən çəkinmir.

ABŞ-ın indiki şəraitdə İrana qarşı ata biləcəyi yeganə addım isə İsraili dövriyyəyə soxmaqdır. Vaşinqton bəlkə də hesab edir ki, öz lobbiləri ilə dünyanın idarə edilməsində böyük çəkiyə malik olan İsrailin İrana qarşı təcavüzkarlığı ciddi təpkilərə yol açmayacaq. Sammit ərəfəsində və liderlərin toplantıya başladıqları gün İsrailə məxsus pilotsuz təyyarələrin İraqda və Suriyada İran hərbi bazalara hücumu bu taktikaya artıq start verildiyini göstərir. Tel-əviv bu hücumlarını İranın İsrailə qarşı hərbi əməliyyatlara hazırlaşması və özünün isə bunun qarşısını almaq niyyəti ilə əsaslandırır. İsrailin Baş naziri Benjamin Netanyahunun iki gün öncə verdiyi açıqlamalar da bu yöndə idi. Açıqlamasında “İranın İsrailə qarşı hazırladığı hər hücum cəhdinin qarşısını alacağıq”, deyən Baş nazir üstüörtülü şəkildə Dəməşqə də mesaj göndərirdi:

"Bölgədəki hər hansı bir ölkədən İsrailə hücum edilməsinə laqeyd qalmayacağıq. İsrailə düzənlənəcək hücumlar üçün torpaqlarını kiminsə istifadəsinə verənlər  bu əməllərinin ağır nəticələrinə qatlanacaqlar".

B.Netanyahu bu sözlərlə lazım gələrsə, İsrailə də hücum edə biləcəklərinə eyham vurmuşdu.

 

G-7 ölkələrinin boğazında kal armuda çevrilən ölkələrdən biri də Rusiyadır. 2014-ci ildə Ukraynanı işğal etdikdən sonra Rusiyanı öz sıralarından atan G-7 üzvləri son 5 ildə istədiklərini əldə edə bilmədiklərinin fərqinə vardılar. Rusiya Ukrayna mövqeyindən geri çəkilmədiyi kimi, getdikcə öz mövqeyini də gücləndirir. Moskva Ukraynadan keçən qaz xəttini Qara dəniz və Baltikdən keçən Cənub və Şimal axımları ilə kompensasiya etmək niyyətindədir. Xüsusilə “Şimal axımı” projesində ona ən ciddi dəstəyi verən isə Almaniyadır. Qərbi Avropanın Ukrayna böhranını ələ düşən fürsət kimi dəyərləndirməsi ABŞ-ın Rusiyaya qarşı siyasətini də alt-üst edir. G-7 liderləri də artıq bu məsələdə mövqelərini xeyli yumşaltmağa meylli görünürlər. Son G-7 sammitində Rusiya ilə 1998-2014-cü illərdə başlatdıqları ortaqlığa yenidən qayıdış fikirlərinin səsləndirilməsi də bunu təsdiqləyir.

Qısası, görünən budur ki, G-7 ölkələri üçün Rusiya və İran məsələsi hələ çox su aparacaq xəmirə bənzəyir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 100          Tarix: 26-08-2019, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma