“Biz müharibə istəmirik. Hərbi qarşıdurmaya girmək istəmirik. Bir yalan məlumata əsaslanaraq hərbi qarşıdurmaya girmək dəhşətli bir şeydir. Amma gözümüzü qırpmadan ölkəmizi müdafiə etməyə də hazırıq."
Ovqat.com xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Cavad Zərif mətbuata açıqlamasında deyib.
CNN-nin jurnalistinin "ABŞ və ya Səudiyyə Ərəbistanı İran ərazisinə hücum edərsə nəticəsi nə olar" sualını cavablandıran nazirin mövqeyi xeyli qəti olub: “Şiddətli və hərtərəfli müharibə başlayar”.
Ötən həftənin son günündə Səudiyyə Ərəbistanının neft təsislərinə edilmiş hücum barədə də danışan Cavad Zərif bu hücumda İranın rolunu bir daha inkar edib:
"Səudiyyə Ərəbistanına İran ərazisindən edilən hücumu haradan uydururlar? Yəmənlilər hücumun məsuliyyətini öz üzərlərinə götürdülər. Bu barədə açıqlama verdilər. Səudiyyə Ərəbistanının dezinformasiyasını yalanladılar və bu hücumu özünümüdafiə məqsədi ilə təşkil etdiklərini açıqladılar".
İranın bu hücumla əlaqələndirilməsini müharibə üçün bəhanə axtarışı kimi qiymətləndirən nazir deyib:
“Bir şeylər etmək üçün İrana yüklənməyə çalışırlar. Buna görə müharibənin qəsdən qızışdırıldığını düşünürəm. Onlar öz maraqları üçün yalan uydururlar. Ancaq bu da onların maraqlarına xidmət etmir."
Bu yerdə CNN müxbirinin də Cavad Zərifə sualı maraqlı olub:
"Husilər illərdir mühasirədə qalan üsyançılardır. Yemək və dərman tapmaqda çətinlik çəkirlər. Onların dron və kruiz raketləri kimi on milyardlar dollarlıq silah texnologiyasından istifadə edərək hava hücumundan müdafiə sistemləri qurmasına və Səudiyyə Ərəbistanının yüzlərlə kilometr içərisinə keçərək 19 ayrı hədəfə hücum etməsinə dünyanı necə inandıra bilərsiniz?”
Cavad Zərif bu suala belə cavab verib:
"Əgər hesabınızı buna uyğun aparsanız, Səudiyyə Ərəbistanı mühasirədə olan bu insanlara qarşı müharibəni çoxdan qazanmalı idi. Ancaq 4-5 ildir bunu bacarmırlar”.
Paylaş: