Xəbər lenti
Dünən, 19:25

  

Son zamanlar AMİP lideri Etibar Məmmədovla bağlı təbliğatların artdığı gözdən yayınmır. Hətta digər partiya liderləri belə onu fəallaşmağa çağırırlar. Etibar Məmmədov hələ ki bu çağırışlara konkret cavab verməsə də, AMİP-in artıq fəallaşdığı hiss olunur. Partiya müxtəlif rayonlardakı təşkilatlarını gücləndirir, bölgəyə səfərlərə çıxır və qurultaya hazırlaşır. Partiyanın Mərkəzi Aparatının üzvləri də dövri mətbuatda əvvəlki illərlə müqayisədə daha tez-tez görünməyə başlayıblar.

Qarşıdan seçkilərin gəldiyi indiki şəraitdə bu fəallaşma adi hal kimi görünsə də, o da sirr deyil ki, bu zamana qədərki seçkilərdə analoji vəziyyət müşahidə olunmurdu. Maraqlıdır ki, AMİP fəallaşdıqca, bəzi çevrələr tərəfindən ona və liderinə qarşı qara piar kampaniyası da start götürüb. Bəzi hallarda sosial şəbəkələrdə əxlaq normalarını aşan bu kampaniya, təbii ki, səbəbsiz ola bilməz. Sanki kimlərsə AMİP liderinin bu fəallaşmasından qorxuya düşüb, troll dəstələrini işə salıblar.

Bəs siyasi partiya liderləri bu barədə nə düşünürlər? Etibar Məmmədovla bağlı fəallıq təsadüfidirmi?

 

Ovqat.com-un suallarını cavablandıran Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bu fəallaşmaya normal baxır.

Onun fikrincə, təkcə Etibar Məmmədovun deyil, hər bir vətəndaşın siyasi fəaliyyətlə məşğul olmaq hüquq var və buna qeyri-adi yanaşmaq lazım deyil. O ki qaldı konkret Etibar Məmmədovla bağlı fəallaşmaya, E.Musayevin bu barədə daha fərqli təsbitləri var: “Etibar Məmmədov nə vaxt siyasətdən uzaqlaşmışdı ki? AMİP liderinin passiv mövqe tutması, vaxtaşırı mətbu orqanlarda görünməməsi, sakit dayanması da bir siyasətdir və bu onun fəaliyyətində açıq-aşkar sezilir”.

  

Azərbaycan Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn isə Etibar Məmmədovun fəallaşdığını hələ ki müşahidə etməyib. Bununla belə o, siyasi fəaliyyətlə məşğul olmağı hər bir vətəndaşın konstitusion hüququ sayır.

  

Ədalət partiyasının sədri İlyas İsmayılov da AMİP liderinin fəallaşmasına müsbət yanaşır. Onun fikrincə, ölkədə demokratik mühitin formalaşması üçün siyasi potensialı olan, arxasınca kütləni apara bilən hər kəs fəallaşmalıdır: “Azərbaycan bu gün elə bir vəziyyətdədir ki, heç kim kənara çəkilib başımıza gələnlərə laqeyd qalmamalıdır. Bugünkü şərait hər kəsdən öz iradəsini ortaya qoymağı, bacardığı qədər siyasi proseslərə təsir göstərməyi tələb edir. Məşhur bir aforizm var: “Sən siyasəti idarə etməsən də, siyasət səni idarə edəcək”. Arzuladığımız kimi, idarə olunmaq üçün səssiz qalmamalı və aktiv fəaliyyət göstərməliyik”.

Etibar Məmmədovun da cəmiyyətə kifayət qədər təsir gücünün olduğuna inanan İlyas İsmayılov bəzi çevrələrin aktiv siyasiləri zərərsizləşdirmək üçün təhqir kampaniyasına əl atdığını və bunun zəiflik əlaməti olduğunu bildirir:

Təhqir siyasi mübarizə silahı deyil və zəiflərin müraciət etdiyi son çarədir. Son vaxtlar Azərbaycanda böhtan və təhqir kampaniyasının təşkil edildiyi və arxasında hakimiyyətdəki bəzi çevrələrin dayandığı hiss olunur. Görünür, onlar da cəmiyyətdəki təsir güclərini itirdiklərini hiss etdiklərindən zəiflərin bu silahına sarılmağa çalışırlar”.

 

Nazilə Nəriman

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 767          Tarix: 21-09-2019, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma