İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən günortadan sonra yüksək səviyyəli heyətlə Ermənistana gedib.
Ovqat.com-un bildirdiyinə görə, Ruhaninin bu səfəri Ermənistan Baş nazirinin rəsmi dəvəti ilə baş tutub.
Səfər çərçivəsində onun bu gün İrəvanda keçiriləcək Avrasiya İqtisadi Birliyinin sammitində iştirakı gözlənilir. Qeyd edək ki, bu cür sammitlər hər il ittifaq ölkələrindən birində keçirilir və ev sahibi tərəfin istədiyi dövlət rəsmilərini də toplantıya çağırmaq haqqı var. Ev sahibləri isə adətən strateji müttəfiq hesab etdikləri dövlət rəsmilərini qonaq qismində sammitə çağırırlar. Necə ki, bir neçə il əvvəl Türkiyədə keçirilən G-20 sammitinə Azərbaycan prezidenti İlham Əliyev dəvət olunmuşdu. Ermənistanın da eyni məntiqlə İranı Avrasiya İqtisadi Birliyinin sammitinə dəvət etməsi ilk növbədə Azərbaycana qarşı apardığı psixoloji savaşın bir elementi təsiri bağışlayır.
Amma Ruhaninin bu səfərini yalnız Ermənistanın psixoloji savaşı kimi qiymətləndirmək olmaz. Sirr deyil ki, Avrasiya İttifaqının əsas söz sahibi Rusiyadır və Ermənistanın bu birlikdə mövqeyi özbaşına qonaq çağıracaq səviyyədə deyil. Bu həqiqət İran Prezidentinin Moskvanın razılığı ilə İrəvana çağırıldığı məntiqini doğurur. Deməli, bu səfəri Rusiya və İranın maraqları çərçivəsində şərh etmək daha doğru olar.
Rusiyanın maraqlarına gəlincə, ABŞ və bəzi Qərb ölkələri tərəfindən küncə sıxışdırılan Moskva region dövlətlərilə əməkdaşlıqlarını genişləndirərək dünya gücünə çevrilməyə çalışır. Onun öz genişləmə fəaliyyətini əsasən 3 istiqamətdə yürütdüyü müşahidə olunur. İstiqamətlərdən biri Qərb sərhədlərindədir ki, Rusiya xüsusilə Şərqi və Mərkəzi Avropa ilə münasibətlərini getdikcə gücləndirmək əzmindədir. Artıq bir çox Şərqi Avropa ölkələrində ruspərəst hakimiyyətlərin iqtidara gəldiyi, Almaniya, Fransa kimi nəhəng dövlətlərlə enerji lahiyələrinə start verdiyi gözdən yayınmır. Xüsusilə, Baltik dənizindən keçərək Almaniyaya uzanan Şimali Qaz kəməri layihələri Rusiyanın bu istiqamətdə atdığı uğurlu addımlarındandır. ABŞ-ın aqressiv xarici siyasətlərinin yaratdığı təsirlərdən faydalanan Rusiya Avropadakı mövqeyini getdikcə möhkəmləndirməkdədir. Təsadüfi deyil ki, Vaşinqtonun bütün səylərinə və təzyiqlərinə baxmayaraq, Almaniya Şimali Qaz kəməri layihəsindən geri çəkilmədi, əksinə rus qazının əsas ötürücüsü şansını qazandı.
Moskvanın ikinci genişlənmə istiqaməti isə şərq sərhədlərindədir. Bu istiqamətdə əsas hədəflərdən biri Çin, Pakistan və s. ölkələrlə iqtisadi, ticari əlaqələri gücləndirmək, xüsusilə müasir “İpək yolu” layihələrində mərkəzi tranzit ölkə statusu qazanmaqdır. “Bir yol, bir quşaq” adlanan bu proje Çinin dünya dövlətinə çevrilmək layihəsi olduğundan rəsmi Pekinin də maraqlarına uyğundur. Bu da Rusiyanın şərq istiqamətində işini asanlaşdırır. Çindən çıxaraq, istər Orta Asiya, istərsə də İran vasitəsilə Qərbə uzanan “Bir yol, bir quşaq” tranzit xəttinin əhəmiyyətli hissəsinin Rusiyadan keçəcəyinə heç bir şübhə yoxdur. Burada sadəcə bir sual var: İrandan sonra bu xətt hansı dövlətin ərazisindən keçəcək?
Məsələ burasındadır ki, İranla Rusiya arasında birbaşa quru əlaqəsi yoxdur. Çindən Avropaya göndərilən mallar iki ölkənin ərazidən keçərək Rusiyaya daşına bilər. Bunlardan biri Azərbaycan, digəri isə Ermənistandır. Ermənistan vasitəsilə tranzit xəttinin bir çatışmayan tərəfi odur ki, həmin mallar üçüncü dövlətin, yəni Gürcüstanın ərazisindən də keçməlidir. Azərbaycanın isə Rusiya ilə birbaşa quru əlaqəsi olduğundan bir problem yoxdur. Fəqət bundan daha həssas problem, belə görünür ki, İranı Ermənistana meylləndirir. Həmin problem isə son zamanlar İranla Azərbaycan arasında yaranan gərginliklə bağlıdır. İranın iddialarına görə, bizim ərazimizdən havalanan İsrailə aid PUA-lar qonşu dövlətin ərazisində kəşfiyyat uçuşları aparır, bəzən hətta İraqdakı hərbi bazalara belə, hücum həyata keçirirlər. İddiaların doğruluq payı mübahisə doğursa da, ABŞ-ın strateji müttəfiqi olan İsrailin iki dost dövlət arasında bu gərginliyi yaradan təxribatlara getmək ehtimalı da istisna olunmamalıdır. Bu məsələ üzərində əvvəlki yazılarımızda dayandığımızdan təkrarçılığa varmaq istəmirik. Əsaslı və ya əsassız olmasına baxmayaraq, hər halda İran belə düşünür və Ermənistana yönəlik siyasətə üstünlük verir.
İranın rəsmi açıqlamasına görə, onun əsas siyasəti aralarında Ermənistanın da olduğu qonşularla səmimi münasibətləri inkişaf etdirməkdir. ABŞ-la münasibətlərinin kəskinləşdiyi, ciddi sanksiyalara məruz qaldığı indiki şəraitdə İranın postsovet məkanına açılması həqiqətən ciddi bir nəfəslikdir.
Ruhaninin Avrasiya sammitinə çağırılması əslində İranın bu ittifaqla münasibətlərində yeni bir dövrün başlanğıcı sayılsa da, əslində bu əlaqələrin təməli bir neçə ay öncə atılıb. Avrasiya İqtisadi Birliyi və İran İslam Respublikası arasında azad ticarət zonasının yaradılması müqaviləsi 17 may tarixində Qazaxıstanın Astana şəhərində imzalanıb. Həmin müqavilədə bəzi mühüm hədəf ortaya qoyulub: Ticarətin asanlaşdırılması; Müstəqil Dövlətlər Birliyi - MDB zonasında vahid bazarın yaradılması; İttifaq içində gömrük tariflərin tədricən qaldırılması, üzv ölkələr arasında müştərək xarici tariflərin tətbiqi, gömrüklərdə koordinasiya; Avrasiya İttifaqı tərkibində sərbəst mal, kapital, işçi qüvvəsi və xidmət nəqliyyatı; energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat vasitələri sahəsində birgə siyasətin qurulması kimi.
Yeri gəlmişkən, İran İslam Respublikasının Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqının hər 5 üzvü ilə ikitərəfli investisiya müqavilələri onsuz da var. Bu sammitdə isə iqtisadi münasibətlərin perspektivinə daha rahat aydınlıq gətirilə bilər. Avrasiya İttifaqı ölkələri arasında təxminən 753 milyard dollar dəyərində olan idxal və ixrac həcmi nəzərə alınarsa, İranın böyük bir bazara niyə meyl etdiyini anlamaq mümkündür. Bir sözlə, İran Ermənistana böyük Avrasiya bazarı üzərində salınmış körpü kimi baxır.
İndiki şəraitdə Azərbaycanın bu prosesdən kənarda qalması və öz potensial imkanlarını reallaşdıra bilməməsi ciddi itki hesab oluna bilər. Ən azı ona görə ki, rəsmi Bakı qarşısına “Bir yol, bir quşaq” layihəsində əsas tərəflərdən birinə çevrilmək hədəfi qoymuş və bu istiqamətdə mühüm addımlar atmışdır. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars və Şimali Avropanı Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizləri bu layihələrdəndir. Qeyd edək ki, bu hədəflər Azərbaycanın hazırladığı Strateji yol xəritələrinə də düşüb. Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi çərçivəsində Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi nəzərdə tutulub. Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.
Şimal-Cənub nəqliyyat dəhlizi isə Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək ki, bu xətt də İrandan keçir. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Azərbaycan İran tərəfinə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kreditin ayrılmasını nəzərdə tutub.
Strateji yol xəritələrində 2020-ci ilədək region üzrə tranzit ticarət həcmini artıraraq Azərbaycanın aşağıdakı göstəricilərə müvafiq pay əldə etməsi hədəflənmişdir:
- Orta Asiya və Qara dəniz marşrutu üzrə 40 faiz;
- Orta Asiya və Avropa marşrutu üzrə 25 faiz;
- Çin və Avropa marşrutu üzrə 3 faiz;
- Rusiya və İran marşrutu üzrə 40 faiz;
- İran və Qara dəniz marşrutu üzrə 25 faiz.
İndi isə İranın Ermənistana meylli siyasət yürütməsi, Avrasiyaya İran üzərindən körpü salmağa çalışması Azərbaycanın “İpək yolu” layihələrinə necə təsir göstərəcəyi bəlli deyil. Amma o da bəllidir ki, Ermənistanın logistik imkanları “İpək yolu”nun ağır yükünü qaldıra bilməyəcək. Odur ki, istər rəsmi Tehran, istərsə də rəsmi Bakı iki dost və qardaş ölkə arasına salınan bu nifaqın gec də olsa qarşısını almalı, daha geniş iqtisadi əlaqələr qurmalıdır. Bu, hər iki dövlətin ümumi maraqlarına xidmət edərdi.
Ovqat.com
Paylaş: