Heydər Oğuz
İraqda başlayan kəskin etiraz dalğalarından sonra İran bu ölkə ilə sərhəddə yerləşən “Xosrəvi” və “Çəzabə” nəzarət-buraxılış məntəqələrini bağlayıb.
Günaz.TV bildirir ki, bu barədə məlumatı İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ötən gün keçirdiyi mətbuat konfransında verib. O, qərarın İran vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edildiyini deyib.
“Xosrəvi” sərhəd buraxılış məntəqəsi Kirman əyalətinin Qəsri Şirin şəhərində, İraqın “Diyalə” mühafəzəsi yaxınlığında, “Çəzabə” isə Əhvazın 110 kilometrliyində, İraqın “Əmarə” mühafizəsinin yaxınlığında yerləşir.
Xatırladaq ki, bir neçə gündür İraqda dövlətin yarıtmaz siyasəti və İranın bu ölkədəki fəaliyyətlərinə qarşı keçirilmiş etiraz aksiyaları toqquşmalara çevrilib. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində bu saata qədər 33 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı bildirilir.
Ovqat.com-un məlumatına görə isə, İraqda vəziyyətin birdən-birə gərginləşməsi təsadüfi olmaya bilər. Demək olar ki, hər il meydana gələn xalq üsyanlarının bu il tamamilə nəzarətdən çıxması ilk baxışdan İranın işinə yaramır kimi görünsə də, perspektivdə rəsmi Tehranın bundan kifayət qədər faydalanmaq imkanı var. Böyük ehtimalla, bu il etirazların daha kütləvi alınmasının əsas səbəblərindən biri də elə İrana bağlı güclərin prosesdə iştirakıdır.
Məsələ burasındadır ki, artıq neçə ildir Bağdad hakimiyyətinə qarşı dirənişin önündə Müqtəda əs-Sədr dayanırdı. Ötən il keçirilən parlament seçimlərində ən çox səs almasına baxmayaraq, 329 deputatlı İraq parlamentində sadəcə 56 yer ala bildi. Ən çox səs toplayan siyasi blokun rəhbəri kimi İraq hökumətini qurmaq səlahiyyəti hazırda da əs-Sədrdədir. Məntiqlə, əs-Sədr öz taxtını laxladan proseslərin yaşanmasında, xüsusilə də nəzarətdən çıxmasında maraqlı ola bilməz. İraqda isə proseslər nəzarətdən çıxacaq vəziyyətə gəlib.
Bəs əs-Sədrin taxtını laxladılması kimin işinə yaraya bilər?
Əvvəllər İrana yaxınlığı ilə seçilən Müqtəda əs-Sədrin İŞİD-ə qarşı mübarizədə tamamilə fərqli cizgidən çıxış etməsi, məzhəbçilikdən çox, millətçiliyə yönəlməsi ən çox rəsmi Tehranı ciddi narahat edir. Ötən il keçirilən parlament seçkiləri ərəfəsində Bağdada səfər edən ali dini liderin köməkçisi Əli Əkbər Vilayətinin açıq şəkildə “İraqın liberalist və kommunistlər tərəfindən idarə olunmasına əsla izn verməyəcəyik” deməsi də bu narahatlığın ifadəsi idi. Qeyd edək ki, dini lider olmasına baxmayaraq, Müqtəda əs-Sədr seçkilərə həm lideralları, həm də kommunistləri yanına alaraq qatılmışdı. Bir-birinə zidd bu 3 qüvvənin qurduğu seçki blokunun əsas şüarı isə “nə ABŞ, nə İran, tək istinad nöqtəsi İraq xalqı!” olmuşdu.
Təsadüfi deyil ki, seçkidən sonra ilk ziyarətlərindən birini Səudiyyə Ərəbistanına edən əs-Sədr ərəb ittifaqı tərəfdarı olduğunu bariz şəkildə ortaya qoymuşdu. Əs-Sədrin Riyad ziyarətində şahzadə Məhəmməd bin Salmanla görüşməsi isə bardağı daşıran son damla olmuşdu. Bu mesajdan dərhal sonra İraqa gedən İranın Yaxın Şərq məsələləri üzrə əsas komandanı Qasım Süleymani mətbuata açıqlamasında “İran, mənfəətlərinə qarşı təhdid meydana gətirəcək heç bir Şiə blokunun hökumət qurmasına izn verməyəcək. Bu bizim qırmızı xəttimizdir”,- demişdi. İranlı generalın təlqinlərilə yeni hökumət qurulmuşdu.
İraqdakı hər an dağılmağa hazır olan bu siyasi stabilliyin məhz indiki halda pozulması təsadüfə bənzəmir. Rəsmi Tehranın öz arxa baxçası sandığı ölkədəki “ipiqırıq” əs-Sədr hakimiyyəti ABŞ-ın İrana hərbi müdaxiləsi zamanı asanlıqla mövqe dəyişə bilər. Baxmayaraq ki, Müqtəda əs-Sədr son məhərrəmlik taziyyələrindən birində Tehranda olmuş və dini lider ayətullah Xamneyinin qarşısında təzim vəziyyətdə durmuşdu. İran Müqtəda əs-Sədri və onun əmisini uzun illər öncə də bu vəziyyətdə görmüşdür, daha sonra Müqtəda əs-Sədrin İrana arxa çevirməsini də... İnsafən, kim olsa, Müqtəda əs-Sədrin “yenidən imana gəlməsinə” inanmaz. O ki qala minillik siyasi təcrübəyə malik İran ola. O İran ki, Şah İsmayılın bu məşhur fikirlərilə tərbiyə edilib:
“Gavur qılınc görməzsə, gəlməz amana,
Dörd kitab oxusa da, gəlməz imana”.
Tehranda gözəl anlayırlar ki, Müqtəda əs-Sədrin başının üstündən Qasım Süleymani qılıncı əskik olan kimi, yenə İrana arxa çevirəcək. Qasım Süleymani qılıncının kəsəri isə ABŞ-ın İrana müdaxiləsinə qədərdir. Deməli, sürprizlərlə qarşılaşmadan İraqda xaos ortamının yaranması ən çox İranın xeyrinə işləyir. Ən azı ona görə ki, bu xaotik ortam dünya neftinin əsas bazası olan Fars körfəzinin ümumi abu-havasına təsir qalmayacaq, ara-sıra “hədəfini azan” raketlər neft tankerlərinə dəyəcək. Hətta bəzi adı təzə duyulan “mücahid” təşkilatları belə ortaya çıxa və bir sıra hücumların məsuliyyətini öz üzərinə götürərək, İranı məsuliyyətdən xilas edə bilərlər. Bu mənada İraq - adından da göründüyü kimi İrandan iraqda ABŞ-la döyüş poliqonu üçün ən uğurlu yerdir.
İraq həm də İran üçün böyük dövlətə çevrilmək strategiyasının mərkəzi bazasıdır. “Şiə hilalı” deyilən bu strategiya İraqdan başlayaraq şimal və cənub yarımqövsünə haçalanır. Şimal yarımqövs Suriyadan başlayaraq Fələstinə, Livana və Aralıq dənizinə qədər uzanır. İranın Suriyada oturması ilə Aralıq dənizinədək yayılma siyasətinin artıq tamamlandığını deyə bilərik. Cənub yarımqövsdə isə Küveyt, Bəhreyn, Qətər, Oman və Yəmən bulunur. Yəməni öz təsir dairəsinə salmaq həm də dünya dəniz ticarətinin ən strateji keçid nöqtələrindən sayılan Qırmızı dənizə nəzarət deməkdir. Husilərin Hələbdə hakimiyyətə gəlməsilə İran bu hədəfinə də böyük ölçüdə yaxınlaşmışdır.
Bu iki yarımqövsü birləşdirib hilala çevirən və logistik əlaqələrini təmin edən coğrafiyanı itirmək İran üçün öz qınına çəkilmək mənasına gəlir. Qınına çəkilmək isə həm də cəbhə xəttini ölkə daxilinə çəkmək deməkdir. İran, bunun Suriya və İraqın vəziyyətinə düşməklə eyni anlam ifadə etdiyini gözəl bilir və buna əsla getməz. Bu mənada İran rəsmilərinin dəfələrlə “Suriyada və İraqda savaşmaq öz torpaq bütünlüyümüzün qorunmasının tərkib hissəsidir” deməsi təsadüfi deyil.
Görünən budur ki, İran ABŞ və regional müttəfiqlərilə hesablaşmaq poliqonuna çevirmək məqsədilə İraqı döyüşə hazır vəziyyətə gətirir. Bu həm də əs-Sədr adlı baş ağrısından qurtulmağın ən qısa yoludur.
Paylaş: