Xəbər lenti

 Azərbaycanın Baş naziri Novruz Məmmədovun vəzifədən kənarlaşdırılmasının sirri açılır.
Bu haqda hərbi ekspert Üzeyir Cəfərov sensasion iddia ilə çıxış edib.
O, sosial şəbəkədə yazıb ki, N. Məmmədov ölkənin Silahlı Qüvvələrinə qarşı imza atdığı bir sənədə görə vəzifəsindən kənarlaşdırılıb.
Ü. Cəfərov iddia edir ki, N. Məmmədov bir neçə nazir və güc strukturlarının rəhbərləri ilə (digərlərinin adı açıqlanmasa da, onların da vəzifədən kənarlaşdırılacağını yazır – red.) Prezidentin imzaladığı maaş artımı ilə bağlı sənədə qanunsuz müdaxilə ediblər. 
Bundan sonra məsələ ölkənin rəhbər şəxslərindən biri vasitəsiylə Prezidentə məruzə olunub və Novruz Məmmədovdan izahat istənilib. O da vəziyyətdən çıxmaq üçün min bir bəhanə və dəlil gətirməyə çalışıb. Ancaq N. Məmmədovun Baş nazir kimi imzaladığı 25/15-lə (Yəni 25 faiz maaşa, 15 faiz rütbəyə görə) Silahlı Qüvvələrin şəxsi heyətini bilərəkdən və ya bilməyərəkdən Ali Baş Komandandan və dövlətdən narazı salmaq kimi qiymətləndirilib. Bu səbəbdən də, N. Məmmədov Baş nazir vəzifəsindən kənarlaşdırılıb.
Ü. Cəfərov hesab edir ki, ölkə başçısı onu təkcə vəzifədən deyil, 1 il 6 ay ərzində müharibə vəziyyətində olan ölkənin Baş naziri kimi bircə dəfə də olsun, hər hansı hərbi hissəyə və ya birləşməyə baş çəkmədiyinə görə cəzalandırmalıdır: “Bu adam, sanki hansı vəzifənin sahibi olduğunu unutmuşdu. İtə, qurda, giləmeyvəyə, ermənilərin dostu Şiraka vaxt tapsa da, hərbi hissəyə getməyə vaxt tapmaq istəmirdi.
Deməkdən dilim qabar oldu ki, ay Novruz Məmmədov, cənab tovariş, Silahlı Qüvvələrə diqqət və vaxt ayırın. Məsələn, ərzaq pulu kimlərsə tərəfindən artıq 6 ildir mənimsənilir. Əsgərə 128 manat, zabitə 64 manat ərzaqpulu verilir. Axı, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 5-ci bəndini heç kimin pozmağa ixtiyarı yoxdur.
Bildiyim qədər hörmətli Samir Şərifov maliyyə naziri kimi hər ay dövlət büdcəsindən məhz bütün hərbi qulluqçulara ərzaq üçün 128 manat ayırır. Ancaq həmin pul bəzi vicdansız və baz (yanlarında mamlı-matan saxlayan) general və rəhbər şəxslər tərəfindən mənimsənilir. Buna Baş prokuror da, Hərbi prokuror da göz yumur. Niyə?
Novruz Məmmədovu “pensioner”lər siyahısına yazmaqla doğru iş gördülər. Qoy, o da özbaşına, özündənrazı nazir Sahil Babayevin hansı hoqqalardan çıxdığının şahidi olsun.
Bunu yeni Baş nazir Əli Əsədovun da oxuması çox yaxşı olardı”.
Ü. Cəfərov daha sonra yazır ki, onu tanıyanlar yaxşı bilirlər ki, heç vaxt yıxılana balta vurmayıb və bunu etik qaydalara zidd sayır. Ona görə də N. Məmmədovla bağlı yazdıqlarının düzgün qiymətləndirilməsini xahiş edir:
“Bacarırsansa, vəzifədə olan məmurun nöqsan və çatışmazlıqlarını üzünə de və ya tənqid elə. Necə ki, zabit kimi Müdafiə Nazirliyində xidmətdə olanda nazirlər Məmmədrəfi Məmmədov, Səfər Əbiyev və digər yüksək rütbəli şəxslərlə bağlı öz iştirakları ilə keçirilən mühüm tədbirlərdə nöqsanları açıq şəkildə Prezident və Ali Baş Komandanın qarşısında necə var, elə də təqdim eləmişəm. Bunu mənimlə o vaxtlar birgə xidmət etmiş onminlərlə zabit və ya əsgər yaxşı xatırlayır”, – Ü. Cəfərov qeyd edib.//“Yeni Sabah”




Ana səhifəyə qayıt        Baxış: 1 735          Tarix: 12-10-2019, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma