Ərəb ölkələri Qətərdən üz döndərir.
Ovqat.com xəbər verir ki, dünən axşam əvvəl Səudiyyə Ərəbistanı və Bəhreyn ölkələrinin təhlükəsizliyi üçün Qətər ilə bütün diplomatik əlaqələrini kəsdiklərini, hava sahələrini rəsmi Dohanın üzünə bağladıqlarını bildirib, qətərli diplomatların 48 saat içində ölkələrindən ayrılmasını tələb ediblər.
Ardından Birləşmiş Ərəb Əmirlikləri və Misir də eyni addımı atıb.
Qətər, Səudiyyə Ərəbistanı liderliyindəkı yəmənli Husilərə qarşı yaradılan Beynəlxalq koalisiyadan da qovulub. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da dərc olunan Koalisiya Komandanlığının açıqlamasında bu qərarın səbəbi belə izah edilib: "Yəməndə hökuməti dəstəkləmək məqsədilə qurulan Ərəb Koalisiyası Komandanlığı koalisiyanın terrorla mübarizə prinsipinə zidd hərəkət edən Qətərin başda Əl-Qaidə və İŞİD olmaqla, Yəməndə terrorizmi dəstəklədiyinə və silahlı çevrilişçilərlə əlaqələrinə görə koalisiyadan çıxarılmasına qərar verdi".
Qeyd edək ki, Qətərin rəsmi xəbər agentliyində (QNA) dərc olunan bir məlumat ilk baxışdan ərəb ölkələri ilə rəsmi Doha arasında yaranan ixtilafın əsas səbəbi kimi görünür. 23 mayda dərc olunan və Qətər əmiri Şeyx Təmim bin Hamad Al Saniyə istinad edilən xəbərdə ABŞ-a qarşı çıxılmış, İran isə dəstəklənmişdi. Bu sensasiyalı xəbər qısa müddət ərzində dünya mediasında böyük əks-səda doğursa da, bir neçə saatdan sonra rəsmən təkzib olunmuşdu.
Belə ki, Qətər hökumətinin sözçüsü Şeyx Seyf bin Əhməd Al Sani QNA saytının kiber hücuma uğradığını, ölkənin Xarici İşlər Nazirliyi isə xəbərin rəsmi Dohanın mövqeyini əks etdirmədiyini bəyan etmişdi. Elə həmin gün Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani də məsələylə bağlı şəxsən açıqlama verməyə məcbur olmuş, təşkil etdiyi mətbuat konfransında media üzərindən ölkəsini hədəf alan kampaniya yürüdüldüyünü və məsələylə əlaqədar istintaq aparacaqlarını bildirmişdi.
Görünən budur ki, Qətərin rəsmi açıqlamaları ərəb ölkələrini qane etməyib. Bu isə səbəbsiz deyil. Qətər “ərəb baharı” inqilablarının həm maddi, həm də informasiya cəhətdən əsas təşkilatçısı kimi tanınır. Ona bağlı “Əlcəzirə” xəbər agentliyi ərəb oyanışında misilsiz rol oynayıb və bütün ərəb ölkələrini qorxu altında saxlayıb.
Ərəb ölkələrinin bu zamana qədər rəsmi Dohaya “gözün üstə qaşın var” deməmələri isə Qətər əmirinin ABŞ-ın bundan əvvəlki prezidenti Obamayla əlaqələrindən qaynaqlanırdı. ABŞ-ın regiondakı Böyük Yaxın Şərq proyektinin əsas maliyyəçisi və ideya rəhbəri olan əmirin talesizliyi isə okeanın o tayındakı hakimiyyət dəyişikliyindən sonra başladı. Obamanın bütün siyasətlərindən imtina edən yeni prezident Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən sonra isə Qətər açıq hədəf halına gəldi.
Məsələyə bu baxımdan yanaşanda Qətərə qarşı ərəb hücumlarının əsas səbəbinin hansısa təkzib edilmiş xəbər olmadığı ortaya çıxır. Dohanın təxribat kimi qiymətləndirdiyi həmin xəbər sadəcə ərəb krallarının əlinə keçmiş yaxşı bəhanə təəssüratı yaradır. Əsl səbəb isə ərəblərin başına “ərəb baharı” fəlakətini gətirən Qətəri cəzalandırmaq istəyidir.
Paylaş: