Xəbər lenti

 

“Hazırkı rejimin indiyə qədərki hökmranlığını təmin edən ən azı 3 amil həlledici rola malik olub - neft pulları (1), xalqın səbri (2) və Qərbin riyakarlığı (3)”.

Ovqat.com xəbər verir ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu bu gün paylaşdığı facebook statusunda belə yazıb.

Onun fikrincə, ötən 16 ildə ölkəyə 148,2 milyard dollar neft pulları davamlı olaraq gəlib, bu dövrdə xalq təbii sərvətlərin və gəlirlərin ədalətsiz bölüşdürülməsinə səbr nümayiş etdirib, Qərb Azərbaycan neft-qaz resursları ilə enerji təhlükəsizliyini təmin etməyə çalışıb.

Hazırda vəziyyətin sürətlə dəyişdiyini yazan Qubad İbadoğlu fikrini belə əsaslandırıb: “Son illər neft pulları həm miqdar və həm də qiymət effektinə görə azalır, iqtidarın zülmünə, məmurların özbaşınalığına, yaşam şərtlərinin pisləşməsinə dözə bilməyən xalqın səbr kasası dolub, daşır, korrupsiyanın miqyası sərhədləri aşdığına görə qərb institutları rüşvətə bulaşmaqdan ehtiyatlanaraq hakimiyyət ilə əlaqələrdən qaçır, xaricdən dəstək zəifləyir.

 

Bu dönəmdə dövlət idarəçilikdə yeni yanaşma tələb etsə də, neofeodal təfəkkürlü yüksək vəzifəli məmurlar qərarların qəbulunda korrupsiya maraqlarından, inzibatçılıqdan və amirlikdən geri çəkilməyərək ciddi səhvlər buraxır. Onlardan bir neçəsi 19 oktyabrda daha qabarıq göründü:

1) Dinc nümayişçilərə qarşı polislər tərəfindən törədilən aşırı şiddət əks effekt verdi;

2) Mitinqdə saxlanılaraq amansızca və ölümünə qədər döyülən AXCP sədri Əli Kərimlinin səhhətinə edilən qəsdə dair rəsmi açıqlamalar baş verənləri təsdiq etmək üçün əlavə arqumentlər yaratdı;

3) Mitinq günü Milli Şuranın Kordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylinin ABŞ və Avropa diplomatları ilə danışığının səs yazısının ictimailəşdirilməsi 1961-ci ilə qəbul olunmuş "Diplomatik əlaqələrin Vyena Konvensiyası"nın 29 və 30-cu maddələri ilə ziddiyyət yaratdı və Azərbaycan hakimiyyətinə ciddi və haqlı suallar doğurdu.

19 oktyabr mitinqi göstərdi ki, daxildəki qrup maraqlarının kəskinləşməsi səbəbindən hakimiyyətdə vahid idarəçilik itib, bir sözlə, Azərbaycan hakimiyyəti idarəçilik böhranı yaşayır. Ölkədə böhran menecmenti işləmir, çünki o mövcud deyil, yeganə mövcud olan hərbi-polis rejimidir, onlar da ağılla deyil, güclə idarə olunur.




Ana səhifəyə qayıt        Baxış: 2 010          Tarix: 21-10-2019, 06:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma