Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı sərt şəkildə tənqid edib.

"Report"un xəbərinə görə, o, Rusiyaya səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, İran Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatına müxtəlif reaksiyalar verib.

"İrandan gələn bəzi açıqlamalardan narahatam. İran heç də uzaq olmayan, 15-20 il əvvəlki keçimişinə nəzər salsa, Rəcəb Tayyib Ərdoğanın İranın nüvə silahı ilə bağlı məsələsində hansı mövqe tutduğunu görər. Mənim bu mövqeyimi bütün dünya bilir. Təəssüflər olsun ki, İrandan bizim "Barış pınarı" əməliyyatımıza qarşı müxtəlif reaksiyalar verilib. Təbii ki, bunu İran prezidenti Həsən Ruhanı söyləmir. Amma başda cənab Ruhani olmaqla bu cür danışanları susdurmaları lazım idi. Onların bu cür reaksiyaları başda özüm olmaqla bütün dostlarımı narahat edir.

Biz Soçi müqaviləsini imzalayan 3 ölkədən biriyik. Bir sənədə imza atmış, eyni prosesin iştirakçısı olan ölkə digərinə belə xəyanət edərmi? Bütün bu hərəkətlərin hamısı yanlışdır. Ona görə də "Barış pınarı" əməliyyatları ilə bağlı verdikləri reaksiyalara görə onları ciddi şəkildə qınayıram. Biz Astana prosesi ilə başlayan və Soçi müqaviləsi ilə davam edən bir mərhələni bundan sonra necə davam etdirəcəyik?", - deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlamışdı. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 17-də Türkiyədə səfərdə olub. O, Ankarada Türkiyə prezidenti R.T.Ərdoğanla görüşüb. Görüşdən sonra bölgədə 120 saat müddətində atəşkəs elan olunması və həmin müddətdə terrorçuların bölgəni boşaltması barədə razılıq əldə olunub. 




Ana səhifəyə qayıt        Baxış: 1 617          Tarix: 22-10-2019, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma