
Prezident İlham Əliyev bu gün imzaladığı Sərəncamla öz köməkçisi Dilarə Bağır qızı Seyidzadəni “Şərəf” ordeni ilə mükafatlandırıb.
Ovqat.com xəbər verir ki, bu, Dilarə xanıma həm də istefa qapısını göstərmək deməkdir.
Sərəncamda mükafatlandırılmanın səbəbi barədə yazılan fikirlər də bu ehtimalı qüvvətləndirir. Sənəddə göstərilir ki, Dilarə xanım “Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə” görə “Şərəf” ordeni ilə təltif edilir. Ekspertlərin fikrincə, bu, həm də Dilarə xanıma “daha bəsdir, əziyyət çəkdiniz, sağ olun!” mesajı verməkdir.
Qeyd edək ki, Dilarə Seyidzadənin sabah 80 yaşı tamam olacaq. O, 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.
1961-1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda Baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda Baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləyən Dilarə xanım Heydər Əliyev hakimiyyətə gələndən dərhal sonra Prezident Aparatında fəaliyyətə başlayıb. Aparatda onun ilk vəzifəsi 1993-1997-ci illər arasında Humanitar siyasət şöbəsində Böyük məsləhətçi işləmək olub. 1997-1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi vəzifəsinə təyin edilib. 1998-ci ildə karyerasında bir addım da irəliləyən Dilarə xanım Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəis müavini-Prezidentin köməkçisi vəzifələrinə təyin olunur. Üzərindən bir il keçir, Dilarə xanım karyerasının ən yüksək pilləsinə qədəm qoyur. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilir və indiyədək o vəzifəni yürüdür.
Amma deyəsən, qısa müddət ərzində böyük sürətlə irəliləməyi bacaran Dilarə xanım üçün “uzun və incə yolun” sonu görünür. Biz də zərif idarəçimizin 80 illiyini və böyük bir məsuliyyətdən yaxa qurtarmasını məşhur bir türk melodiyası ilə təbrik edirik:
Paylaş: