
Barış pınarı hərəkatı sahəsinə daxil olan Rəsuləyn bölgəsində patrul xidməti həyata keçirən Türk ordusunun əsgərləri kürd separatçılarının hücumuna məruz qalıb.
Ovqat.com xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Nazirliyin rəsmi Twitter səhifəsində yaydığı məlumata görə, ağır silahlarla edilən hücumda 1 əsgər şəhid olub, 5-i yaralanıb.
“Özünümüdafiə hüququ çərçivəsində düşmənə lazımi cavab verilib, aşkar edilən hədəflər zərərsizləşdirilib”, - Twitter-açıqlamada belə deyilir.
Türkiyənin tam sərhəddində yerləşən Rəsuləyn qəsəbəsi ərəbcə “peyğəmbər aynası” mənasına gəlir. Türk ordusu tərəfindən bu ayın 12-də kürd separatçılarından təmizlənən qəsəbə ilk dövr peyğəmbərlərinin yaşadığı Dəclə-Fərat çaylarının arasında yerləşən önəmli mədəniyyət mərkəzlərindəndir. Mesopotamiya adlanan bu bölgə, din tarixçilərinin bildirdiyinə görə, Qüdsdən belə, çox peyğəmbərə vətənlik etmişdir. Aralarında İbrahim, Yunis, Əyyub, Zülqərneyn, İlyas, Harut və s. peyğəmbərin də olduğu yüzlərlə müqəddəslərdən hansılarının Rəsuləyn qəsəbəsində yaşadığı mübahisəyə açıqdır. Amma adının peyğəmbərlərlə anılması qəsəbənin tarixinin də uzun əsrlərə qədər uzandığını göstərir.
Peyğəmbərlər yurdu olduğu üçün Rəsuləyn də tarix boyu müqəddəs müharibələrin poliqonuna çevrilmiş və bir neçə dəfə dağılıb yenidən bərpa olunmuşdu. Məlumatlara görə, Rəsuləyn qədim dövrlərdə dünyanın ən böyük şəhərlərindən olub və 578-580-cı illərdə tamamən xəritədən silinib. Sasanilər tərəfindən 7-ci əsrin əvvəllərində yenidən bərpa edilən Rəsuləyn 640-cı ildə ərəblər tərəfindən ələ keçirilib. 10-cu əsrdə Bizanslar tərəfindən alınan Rəsuləyn 4 əsrdən sonra Teymurilərin əlinə keçib və I Dünya müharibəsinə qədər türk yurdu kimi tanınıb. I Dünya müharibəsində Osmanlıların məğlubiyyətə uğrayanlar tərəfində olması Yaxın Şərqin əksər coğrafiyaları kimi Rəsuləynin də alnına yeni tarix yazıb: bu qəsəbə də Suriyanın tərkibinə verilib.
Tarix boyu müxtəlif mədəniyyət daşıyıcıların əlinə keçməsi şəhərin dini mənsubiyyətində də silinməz izlər buraxıb. Hazırda şəhərdə ermənilərdən tutmuş kürdlərə, türklərə qədər Yaxın Şərqdə yaşayan hər topluluqdan nümayəndələr yaşayır. Şəhərin dini abidələri də çoxşaxəlidir. Burada xristian kilsəsinə də, müsəlman məscidinə də, Suryani məbədinə də rast gəlmək mümkündür. Bu xarakterilə Rəsuləyn ikinci Qüdsü xatırladır.
Paylaş: