Xəbər lenti

 

 Türkiyənin Şimali Suriyada terror təşkilatı PYD/PKK/YPG-yə qarşı apardığı “Zeytun Budağı” hərəkatı 15-ci gününə girdi.

Ovqat.com-un Türkiyə Silahlı Qüvvələrinə istinadən verdiyi məlumata görə, indiyə qədər əməliyyat çərçicəsində ən azı 900 terrorçu öldürülüb.

Bu gün əməliyyatlar əsasən, Racu dağı ətrafında yürüdülür. Bölgədən alınan məlumatlara görə, artıq 3 gündür ki, Racu ətrafındakı yaşayış yerləri uğrunda ağır döyüşlər gedir.

Kürd separatçıları da ağır bombardıman altında qaldıqlarını etiraf edirlər. Demokratik Suriya Qüvvələrinin (DSQ) Xarici əlaqələr üzrə sözçüsü Redur Xəlilinin bildirdiyinə görə, Türkiyə Afrin bölgəsində 893 top atışı və 460 hava bombardımanı həyata keçirib.

 

Separatçılar indiyədək nə qədər hərbi itki verdiklərini açıqlamır, ancaq mülki itkidən bəhs edirlər. Afrin vilayəti Səhiyyə Şurasının həmsədri Angela Reşo əməliyyatlarda 150 mülki vətəndaşın həyatını itirdiyini, 298 nəfərin isə yaralandığını bildirib.

Türkiyənin də bu əməliyyatda itkiləri var. Bir həftə əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan o zamana qədər TSQ ilə ASO birliklərinin 20 şəhid verdiklərini, bunun 7-sinin Mehmetçik olduğunu bildirmişdi.

Ən acı xəbər isə bu gün gəlib.

TSQ-nın yaydığı məlumata görə, bu gün PKK/PYD qüvvələri bir Türk tankını vurub və tankın içindəki 5 əsgər şəhid olub. Səhər saatlarında isə Şimali İraqdan Türkiyənin Kilis qəsəbəsinə edilən raket hücumunda 1, cəbhə xəttində 2 əsgər vətən uğrunda şəhadətə yüksəlib. Beləcə, təkcə bu gün TSQ, indiyə qədərki şəhidlərindən daha çox - 8 əsgərini itirib.

Bu da getdikcə daralan çəmbərdə kürd separatçılarının daha sıx müdafiə olunduqlarını göstərir.




Ana səhifəyə qayıt        Baxış: 1 781          Tarix: 3-02-2018, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma