Suriya hərbi birlikləri Münbiçin qərb hissəsindəki Arimah bölgəsinə daxil olub.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Suriya əsgərləri YPG/PKK-ya bağlı silahlılarla razılaşaraq bu əməliyyata başlayıblar.
Rejim əsgərlərini Münbiçin qərb sərhədlərində kürd separatçıları qarşılayıb və qısa müddətli dialoqdan sonra onları Arimah qəsəbə mərkəzinə buraxıblar.
Qeyd edək ki, Arimah qəsəbəsi Münbiçlə “Fərat qalxanı” əməliyyatlarının aparıldığı ərazilərin tam sərhəddində yerləşir. Odur ki, müşahidəçilər Suriya ordusunun bu əsgəri göndərişlərin təsadüfi olmadığını, Türkiyənin hazırlaşdığı Münbiç əməliyyatını əngəlləmək məqsədi daşıdığını vurğulayırlar. Başqa sözlə desək, kürd separatçıları faktiki olaraq bu taktiki hərəkətlə Türkiyə ilə özləri arasında Suriya ordusundan ibarət bufer zona yaratmış olublar.
Minbüçə yeridilən Suriya hərbi qüvvələrinin sırası o qədər də böyük deyil. Məlumatlara görə hərbi qəfilədə əsgərləri daşıyan 40 pikap, 2 tank, yük maşınları və müxtəlif zirehli texnikalar daxildir.
Bölgədən gələn xəbərlərə görə, ABŞ əsgərləri artıq bölgədən çıxmağa hazırlaşırlar və bundan istifadə edən YPG/PKK silahlıları ətrafdakı əraziləri ələ keçirərək müdafiə istehkamlarını gücləndirirlər. Türkiyə isə öz torpaq bütövlüyünü təhdid edən bu hadisələrə laqeyd qalmaq fikrində deyil və dəfələrlə Münbiçə girəcəyini təkrarlayıb.
Görünən budur ki, ABŞ-ın çəkilməsindən sonra Türkiyə Münbiçi nəzarət altına almaq üçün Rusiya və Suriyayla da razılaşmalı olacaq.
Paylaş: