“Xanhüseyn müəllimin 'analitik təhlili' elə növbəti ilin büdcə layihəsi ilə həmahəngdir, gerçəkliyi əks etdirir”.
Ovqat.com xəbər verir ki, Milli Məclis deputatı Xanhüseyn Kazımlının 2020-ci il büdcə layihəsi ilə bağlı çıxışına bu yüksək qiyməti ADR Hərəkatının sədri, məşhur iqtisadiçı Qubad İbadoğlu verib.
Qubad İbadoğlunun “səmimi etirafı"na görə, ABŞ-ın məşhur universitetlərindən birinin professoru olmasına baxmayaraq, heç onun özü də büdcə layihəsinibu cür aydın izah edə bilməzdi: “Mən həmin büdcə ilə yaxından tanışam, 2020-ci ilin büdcəsinin 20 zəif bəndi adlı yazı da hazırlamışam. Amma həmin büdcəni Xanhüseyn müəllim kimi aydın izah edə bilməmişəm”.
Qubad bəy 77 yaşlı deputatın büdcə layihəsi ilə bağlı şərhinə münasibətini öz facebook səhifəsində paylaşdığı statusunda bildirib. Statusunun sonunda Xanhüseyn müəllimi öyə-öyə göylərə qaldıran iqtisadçı alim deputata yekə bir “molodes” də deyib: “Əhsən, 20 illik deputat təcrübəsi ilə gələn ilin büdcəsini yalnız belə izah etmək olardı”.
İqtisadçının fikrincə, hər kəlməsindən hikmət fışqıran Xanhüseyn Kazımlının bu uğuru təsadüfi deyil və Milli Məclisin mahiyyətinə tamamilə uyğundur: “Belə büdcəsi olanın elə də deputatı olmalıdır”.
Qubad İbadoğlunun rəyini diqqətinizə çatdırırıq:
“Sosial Rifah Partiyasının sədri, prezidentliyə keçmiş namizəd, Milli Məclisin "İqtisadi siyasət, sənaye və sahibkarlıq" komitəsinin üzvü (yeri gəlmişkən komitənin sədri də Ziyad Səmədzadədir), iqtisadçı-professor Xanhüseyn Kazımlının 2020-ci ilin büdcə layihəsinin müzakirəsindəki son çıxışı sosial şəbəkələrdə çox paylaşılıb, gülüş hədəfinə çevrilib. Amma mən onu qınamıram, çünki Xanhüseyn müəllimin 'analitik təhlili' elə növbəti ilin büdcə layihəsi ilə həmahəngdir, gerçəkliyi əks etdirir. Mən həmin büdcə ilə yaxından tanışam, 2020-ci ilin büdcəsinin 20 zəif bəndi adlı yazı da hazırlamışam. Amma həmin büdcəni Xanhüseyn müəllim kimi aydın izah edə bilməmişəm. Əhsən, 20 illik deputat təcrübəsi ilə gələn ilin büdcəsini yalnız belə izah etmək olardı... Bir sözlə, belə büdcəsi olanın, elə də deputatı olmalıdır.
Qulaq asmayanlar, dinləsin və büdcəmizin durumunun necə olduğuna bir daha əmin olun!”
Məlumat üçün bildirək ki, ADR Hərəkatının sədri Qubad İbadoğu həm də ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Ratqers Universitetinin professorudur. Hansı ki, bu ali məktəb 1976-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı qazanmış Milton Fridmen kimi dahilər yetişdirib. Bəlkə də Qubad İbadoğlu heç Fridmenin əsərlərindən belə bu qədər feyz ala bilməyib.
Deputatın hər kəsi heyran edən çıxışını bir daha dinləyin.
Paylaş: