Xəbər lenti

  

"Hazırda şahidi olduğumuz bir çox hadisələr NATO-nun beyin ölümüdür".

Ovqat.com xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron "Economist" jurnalına verdiyi müsahibəsində deyib.

O, “NATO-nun beyin ölümü”nə dəlil kimi iki əsas hadisə üzərində dayanıb: “ABŞ ilə Avropa arasındakı koordinasiya əskikliyi və Türkiyənin hərəkətləri”.

Məlumdur ki, beyin ölümü tibbdə geriqaytarılmaz hal kimi qiymətləndirilir. Yəni hər hansı canlı əsasən 3 daxili orqanının fəaliyyətini dayandırması ilə ölür. Bunlardan biri ürək, digəri böyrək, sonuncusu isə beyindir. Bir insanın böyrəyinin və ürəyinin fəaliyyətini dayandırması onun tam ölümü kimi xarakterizə edilmir. Zira müxtəlif tibb avadanlıqların yardımı ilə insan həyatda tutula bilir. Beyin fəaliyyətini dayandırarsa, bu, artıq insanın öldüyünə dəlalət edir.

Fransa prezidenti NATO-nun beyin ölümü yaşadığını deyərkən, görünür, bu alyansa ümidinin qalmadığını ifadə etmək istəyib. Makronun müsahibədə dilə gətirdiyi başqa fikirlər də bu ümidsizliyin ifadəsi kimi səslənir. Belə ki, o, avropalı həmkarlarını qitənin müdafiə gücünü gücləndirməyə çağırıb: "Tramp bizim Avropa layihəsi haqqında fikirlərimizi bölüşmür. Amerika bizə arxa çevirməkdədir. O, NATO-nun öncülü olmaq rolunu tərk edib”.

 

 

Makronun NATO-dan gileyi əsasən ötən aydan başlayıb. Həmin vaxt ABŞ-ın Suriyadan öz qoşunlarını çıxarmasını Twitterdən öyrəndiyini bildirən Fransa prezidenti Trampı  bu hərəkətinə görə pisləmiş, müttəfiq olmağın əsas şərtinin birgə qərar vermək olduğunu xatırladaraq demişdi:

ABŞ-ın da, Türkiyənin də NATO-da olduğunu düşünürdüm. Amma ABŞ-ın Türkiyənin əməliyyatının önünü açmaq üçün əsgərlərini çəkmə qərarı aldığını bir tweet (Twitter paylaşımı) vasitəsilə öyrəndim".

Trampın Suriya qərarından sonra Makronla arasında yaranan soyuq münasibətlər bu ilin avqust ayının sonunda Fransanın Biarritz şəhərində keçirilən G7 sammitində daha da dərinləşmişdi. Həmin sammitdən sonra Makron Avropa ölkələrinə NATO-nun yaxasını buraxıb birgə hərbi alyans yaratmaq təklifi vermiş və ideyasını dəfələrlə təkrarlamışdır. Fransa prezidentinin bu fikrinə isə başda İngiltərə olmaqla Şərqi Avropa ölkələri soyuq yanaşırlar.

 

Maraqlıdır ki, ABŞ da NATO müttəfiqlərindən razı deyil. Müttəfiqlərin NATO Nizamnaməsində nəzərdə tutulan UDM-nun 2%-ni hərbi büdcəyə ayırmaması Vaşinqtonu hələ Obama dövründən narahat etməyə başlamışdı. Tramp hakimiyyətə gələndən sonra isə bunu daha sərt və kobud şəkildə dilə gətirmişdi. O, açıq şəkildə ölkəsinin heç bir xarici təhdidə məruz qalmamasına baxmayaraq, otraq hərbi büdcəyə NATO Nizamnaməsinin tələblərindən belə artıq vəsait ayırmasının Qərb dövlətləri tərəfindən istismar olunduğunu bildirir və bu siyasətə yenidən baxılmasının vacibliyini vurğulayır. Əslində Suriyadakı əsgərlərini geri çəkməsi də Trampın bu düşüncəsindən qaynaqlanır. Çünki Suriyada siyasi vəziyyətin ABŞ-a heç bir zərər vurmadığına, əsl təhdid obyektlərinin isə əlini daşın altına qoymaq istəmədiklərinə inanır.

Qeyd edək ki, NATO-nun ortaq hərbi büdcəsinə ən çox vəsait ayıran da ABŞ-dır - 470 milyon euro. Trampın hərbi xərcləri artırmaq tələbindən sonra Almaniya bu il büdcədəki payını əlavə 25 milyon evro artıraraq 313 milyon euroya çıxarmışdı. Fransa isə bu tələbə etiraz edərək  ancaq 2025-ci ildən sonra NATO-nun Nizamnaməsinin tələblərini yerinə yetirəcəyini, ÜDM-nun 2%-ni hərbi büdcəyə ayıracağını bildirmişdi. Buna baxmayaraq, Makronun ABŞ-ı müttəfiqlik maraqlarını tapdalamaqda günahlandırması həqiqətən də xoş təəssürat yaratmır.

Amma Makron haqsız deyil. NATO həqiqətən də beyin ölümü yaşayır. Bu ölüm isə ABŞ-ın cığallığından çox, müttəfiqlərinin fərqli maraqlarından qaynaqlanır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 430          Tarix: 7-11-2019, 20:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma