“Mehriban xanımın Rusiya səfərini onun hakimiyyətə gətirilməsinin başlanğıcı kimi dəyərləndirə bilərik”.
Ovqat.com xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə müsahibəsində deyib.
Partiya sədrinin fikrincə, Azərbaycan prezidentləri hakimiyyətə gələrkən bir qayda olaraq birinci Rusiyaya səfər edirlər: “Çünki Azərbaycan Rusiyanın təsir dairəsindədir... Burda hakimiyyətə kimin, hansı qüvvənin gəlməsində Rusiyanın razılığından da çox şey asılıdır. Bu da bir mesajdır ki, Mehriban xanım hakimiyyətə gələcəyi təqdirdə, Rusiya ilə razılaşdırılmış siyasət aparacaq”.
Mehriban xanımın Moskvada yüksək səviyyədə qəbulunu onun hakimiyyətə gətirilməsinə razılıq kimi dəyərləndirən S.Cəlaloğlunun fikrincə, bu qarşılanma faktiki olaraq bir prezidentin başqa bir dövlətə səfəri təəssüratı bağışlayırdı: “Mən ilk dəfə idi ki, Mehriban xanımı bir siyasətçi imicində görürdüm. Yəni xüsusi olaraq imicinə də fikir verilmişdi... Əgər səfər zamanı baş tutan görüşlərin səviyyəsinə baxsaq, görərik ki, o, Rusiyanın birinci, ikinci şəxsləri ilə görüşüb. Bu da Mehriban xanımın səfərinin sadəcə bir vitse-prezident səviyyəsində olan səfər kimi dəyərləndirilməsinə imkan vermir. Onu da qeyd edim ki, səfər ərəfəsində Türkiyənin "Türkiye" qəzetində "Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" başlıqlı geniş məqalə dərc olunub. Bu iki faktı uzlaşdırsaq, görərik ki, sanki Mehriban xanımın Rusiya səfəri həm də Türkiyə ilə razılaşdırılıb. Yəni Türkiyədə Azərbaycanda bütün dəyişilmələri məhz Mehriban Əliyevanın həyata keçirdiyi təqdim edilir, bu istiqamətdə iş aparılır”.
Elədirsə, onda Mehriban Əliyevanın hakimiyyətə gəlməsi nə zaman reallaşacaq? - Sərdar Cəlaloğlunun fikrincə, gələn il. Partiya sədri gözlənilən hakimiyyət dəyişikliyinin mümkün mexanizmi barədə də proqnoz verib:
“Əgər Azərbaycanda bundan əvvəlki hadisələri təhlil etsək, onda məntiqli nəticə çıxara bilərik. Məsələn, sonuncu dəfə referendum yolu ilə Azərbaycan Konstitusiyasına dəyişikliklər edilərkən belə bir maddə əlavə edilmişdi ki, prezident özü səlahiyyətlərindən imtina edib növbədənkənar prezident seçkiləri keçirə bilər. Mən hələ o vaxtı demişdim ki, əgər prezident seçkilərə qatılırsa, səhhətində ciddi problem yoxdursa, o zaman nədən özü-özünü hakimiyyətdən uzaqlaşdırmalıdır?! Əslində, həmin maddə İlham Əliyevə belə bir imkan verir ki, istənilən vaxt özü-öz səlahiyyətlərini xətm etsin. Konstitusiyaya görə, bu zaman prezidentin səlahiyyətləri dərhal birinci vitse-prezidentə, yəni Mehriban Əliyevaya keçir... Bununla da o, prezident səlahiyyətlərini icra edən adam kimi bütünlükdə seçkilərə total nəzarəti həyata keçirə, həmin dövrdə müəyyən kadr siyasəti apara biləcək və özünün hakimiyyətə gəlməsinin qarşısında duran əngəlləri aradan qaldırmaq imkanına malik olacaq. Bu baxımdan, hesab edirəm ki, növbəti parlament seçkilərinə qədər Mehriban xanımın prezidentliyə gətirilməsi məsələsi gündəmə gələcək. Odur ki, parlamentdə daha münasib qüvvələrin təmsil edilməsi tələb olunur. Bunun üçün gərək Mehriban xanımın seçkilərə nəzarət imkanı olsun”.
Paylaş: