Xəbər lenti

 

Prezidentin sabiq köməkçisi Əli Həsənova şeir həsr etməmişəm. Çünki bu adam mənim nəzərimdə şeir yazılacaq qədər önəmli vəzifə daşımayıb (Sonra “xan” deməsin ki, mən ona layiq olduğu dəyəri vermirəm). Bununla belə, Əli Həsənovun həyata keçirdiyi mətbuat siyasətini arada “vəsf” edərdim. ““İki itə para sümük” – Jurnalistlərə ev bölgüsü haqqında ballada” adlı şeirim də bu qəbildəndir.

İki il bundan əvvəl dövlətin vəsaiti hesabına jurnalistlərdən çox, özünün və sevimli redaktorlarının qohum-əqrəbasına, sürücüsünə, katibəsinə ev paylayan Əli Həsənovun “hamam suyundan dost tutmaq” siyasətini tənqid etdiyim şeiri indi onun gedişi münasibətilə yenidən paylaşıram.

Ümid edirəm ki, Əli Həsənovun bundan sonra olan-qalan əqlini elmi yaradıcılığa həsr etməsiylə başlayan yeni dövrdə qələm və söz adamlarının önlərinə atılan ev sayəsində kiməsə nökərçilik etməsinə də son qoyulacaq. Bu şeirim də yeni dövrə ərmağanım olsun.

  

 

Yekə-yekə xırdalanan “addılar”

Heç bilinməz çapardılar, atdılar;

İki itə para sümük atdılar;

Qarabaşda, Alabaşda nə günah.

Məmməd Araz

(Məmməd Araza nəzirə)

 

“İki itə para sümük atsalar”,

Məmməd Araz, nə məsələ, nə dərddi?

Sən gördüyün “insaflılar” yox artıq,

İndikilər onlardan da namərddi.

 

Şərt qoşurlar itə sümük atanda:

“Üç il gərək hürüşəsən qapımda”.

İt yalvarır: “bircə parça sümük at,

Kimi desən, mən üç illik qapım, da!”

 

Razılaşmaz it yazığın sözüylə

“Sümük yoxdur hürməyənə”, deyirlər.

“Sümük yoxdur sabunlu, ya sabunsuz

Yaxşı gözə girməyənə”, deyirlər.

 

İtlər düşər bir-birinin üstünə

Diş qıcayıb hey hürüşə-hürüşə.

Sümük üstə it yarışı yayılar

Gecə-gündüz qurd daraşan örüşə.

 

Erkək it var, para sümük xətrinə,

Neçə illik dişisini tanımır,

Dişi it var, sümük görcək hürüyür,

Erkəyini, “kişisini” tanımır.

 

Köpək vardır, doymaq bilmir sümüyə,

Beş sümüyü bir nəfəsə bitirir.

Köpək vardır, topladığı sümüyü

Bircə anda göz önündən itirir.

 

Məmməz Araz, sümük üçün Qarabaş

Alabaşla yarışsaydı, nə vardı?

Hürüşərək, didişərək, qaparaq

Bir-birinə qarışsaydı, nə vardı?

 

Bu yarışda itlərdən ön çərgədə

Dayanıbdır çöl çaqqalı, tülküsü,

Çaqqalı da, tülkünü də it edib

İtə düşən para sümük bölgüsü.

 

Tülkülər var, “layka” plaş geyərək,

Sümük üçün gözə köpək görünər.

Quyruğunu gah bulayıb, gah qısıb

Yal dalınca sürüm-sürüm sürünər.

 

Çaqqal vardır, para sümük qapmağa

Hər gün təzə notda hürüş öyrənir.

Şair, artıq itlər qalıb qıraqda

Uzunqulaq, at da hürüş öyrənir.

 

Sən gördüyün ferma çoxdan dağılıb

Bu örüşdə qurdlar dönüb çobana.

Qoyunları çoban olan qurd yeyib

İtlər hürür sümük adlı yavana.

 

Sən gördüyün o fermada itləri

Ağa, nökər, qaravaşa bölüblər.

Sümsük itə ad qoydular-Qarabaş,

Sümüyü də Qarabaşa bölüblər.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 4 156          Tarix: 29-11-2019, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma