Xəbər lenti

 

Yekə-yekə xırdalanan "addılar"

Heç bilinməz çapardılar, atdılar;

İki itə para sümük atdılar;

Qarabaşda, Alabaşda nə günah.

Məmməd Araz

(Məmməd Araza nəzirə)

  “İki itə para sümük atsalar”,

Məmməd Araz, nə məsələ, nə dərddi?

Sən gördüyün “insaflılar” yox artıq,

İndikilər onlardan da namərddi.

 

Şərt qoşurlar itə sümük atanda:

“Üç il gərək hürüyəsən qapımda”.

İt yalvarır: “bircə parça sümük at,

Kimi desən, mən üç illik qapım, da!”

 

Razılaşmaz it yazığın sözüylə

“Sümük yoxdur hürməyənə”, deyirlər.

“Sümük yoxdur sabunlu, ya sabunsuz

Yaxşı gözə girməyənə”, deyirlər.

 

İtlər düşər bir-birinin üstünə

Diş qıcayıb hey hürüşə-hürüşə.

Sümük üstə it yarışı yayılar

Gecə-gündüz qurd daraşan örüşə.

 

Erkək it var, para sümük xətrinə,

Neçə illik dişisini tanımır,

Dişi it var, sümük görcək hürüyür,

Erkəyini, “kişisini” tanımır.

 

Köpək vardır, doymaq bilmir sümüyə,

Beş sümüyü bir nəfəsə bitirir.

Köpək vardır, topladığı sümüyü

Bircə anda göz önündən itirir.

 

Məmməz Araz, sümük üçün Qarabaş

Alabaşla yarışsaydı, nə vardı?

Hürüşərək, didişərək, qaparaq

Bir-birinə qarışsaydı, nə vardı?

 

Bu yarışda itlərdən ön çərgədə

Dayanıbdır çöl çaqqalı, tülküsü,

Çaqqalı da, tülkünü də it edib

İtə düşən para sümük bölgüsü.

 

Tülkülər var, "layka" plaş geyərək,

Sümük üçün gözə köpək görünər.

Quyruğunu gah bulayıb, gah qısıb

Yal dalınca sürüm-sürüm sürünər.

 

Çaqqal vardır, para sümük qapmağa

Hər gün təzə notda hürüş öyrənir.

Şair, artıq itlər qalıb qıraqda

Uzunqulaq, at da hürüş öyrənir.

 

Sən gördüyün ferma çoxdan dağılıb

Bu örüşdə qurdlar dönüb çobana.

Qoyunları çoban olan qurd yeyib

İtlər hürür sümük adlı yavana.

 

Sən gördüyün o fermada itləri

Ağa, nökər, qaravaşa bölüblər.

Sümsük itə ad qoydular-Qarabaş,

Sümüyü də Qarabaşa bölüblər.

Heydər Oğuz

 P. S: Ümidvaram ki, həmkarlarım məndən inciməzlər. Çünki “təmsildə qəbahət olmaz”, deyiblər. Gecə-gündüz işləməsinin müqabilində kirayədə yaşayan Azərbaycan jurnalistikası yox, onu bu cür məcburi "yarışdıranlar" utansın.




Ana səhifəyə qayıt        Baxış: 2 940          Tarix: 21-06-2017, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma