Xəbər lenti

 

NATO-nun son London toplantısının yekun Bəyannaməsinə ilk dəfədir ki, Çinin də adı salınıb. Bəyannamədə “Çinin artan nüfuzununun və beynəlxalq siyasətinin alyans üçün yeni imkanlar və çətinliklər yaratdığı qeyd olunur.

Halbuki, Alyansın indiyə qədərki bəyannamələrində əsasən rus təhdidindən bəhs olunurdu. Budəfəki bəyannamədə isə Rusiyanın aqressiv mövqeyinin təhdid meydana gətirdiyi qeyd olunsa da, NATO-nun diyaloqa və mümkün çərçivədə Moskva ilə konstruktiv əlaqələr qurmağa açıq olduğu vurğulanır. NATO-nun təhdid alqısının Rusiyadan Çinə dəyişməsini nəylə izah edilə bilər və bu, Azərbaycana nə vəd edir?

 

Ovqat.com-un Suallarımızı cavablandıran AMİP-in sədr əvəzi Arzuxan Əlizadə Çinin yeni təhdid ünsürü kimi NATO-nun yekun Bəyannaməsinə salınmasında qəribə heç nə görmür. Onun fikrincə, Çin dünya dövlətləri arasında hərbi büdcəsinin böyüklüyünə görə ABŞ-dan sonra ikinci yeri tutur: “Baxmayaraq ki, onun hərbi büdcəsi ABŞ-la müqayisə olunmayacaq qədər azdır. ABŞ-ın builki hərbi büdcəsi 630 milyard dollar, Çininki isə 160 milyard dollardır. ABŞ-la müqayisədə hardasa 5 dəfə zəif olmasına baxmayaraq, 160 milyard dollarlıq büdcə də xor görüləcək rəqəm deyil. Üstəlik, ABŞ ordusu dünyanın ən müxtəlif bölgələrinə yayıldığından və tez-tez hərbi əməliyyatlar keçirdiyindən sahib olduğu vəsaitin böyük qismini bu sahəyə ayırır. Çin isə daha effektiv silahlanmaya və yerləşdiyi regionda məhkəmlənməyə can atdığından bu büdcəylə də öz hədəfini reallaşdıra bilir”.

 

Çinin xüsusilə Cənubi və Şərqi Çin dənizində hərbi donanmasını gücləndirməsinin NATO qüvvələrini narahat etdiyini vurğulayan A.Əlizadə bunu həmin su hövzəsinin geopolitik və iqtisadi əhəmiyyəti ilə əsaslandırdı: “Bilirsiniz ki, dünya ticarətinin böyük hissəsi dəniz yoluyla həyata keçirilir. Dünya dəniz ticarətinin isə bir neçə keçid nöqtəsi var. Onlardan ən böyüyü Cənubi Çin dənizidir. Vyetnam, Tayvan, Sinqapur, Flippinin də sahilində yerləşdikləri bu dəniz Yaponiya, Çin, Koreya kimi dövlətlərin də əsas ticarət qapısıdır. Hər il 4-5 trilyon dollara yaxın malların keçdiyi bu dənizi Çin özünün gölü hesab edir və üzərində süni adalar inşa edərək ərazilərini genişlədir. Bu isə digər sahildaş dövlətlərin milli maraqlarını tapdalayır, hansı ki ABŞ onları özünün müttəfiqi hesab edir. Ötən il Çinə səfər edən ABŞ Müdafiə naziri Cim Mattislə görüşündə Çin Kommunist Partiyasının rəhbəri Xi Jinping bu dənizin özlərinə məxsus olduğunu və ata-babalarından miras qalan əraziləri kiminləsə paylaşmayacaqlarını vurğulaması isə rəsmi Pekinin ABŞ qarşısında meydan sulaması kimi qiymətləndirilə bilər.

 

Ötən il ABŞ-la Çin arasındakı bu ziddiyyətlərin təkcə ritorikada deyil, real fəaliyyətdə də pik nöqtəsinə çıxdığını bildirən AMİP yetkilisi Pentaqonun bölgəyə öz hərbi gəmisini göndərdiyini xatırlatdı: “Çin bu təhdidə də laqeyd almadı. Özünün 500 metrlik hərbi gəmisiylə ABŞ donanmasına aid “USS Decatur”un qarşısını kəsən Çin rəqibindən bölgəni dərhal tərk etməsini istədi. “USS Decatur” bu tələbə boyun əydi”.

Çinin bu uğurunun hərbi dəniz qüvvələrində üstünlüyü ələ keçirməsiylə əlaqələndirən AMİP yetkilisi fikrini belə əsaslandırdı: “ABŞ hərbi donanmasının bir sıra gəmiləri artıq 40 yaşına yaxınlaşırlar. Bu, onların təkcə köhnə texnologiyalarla təchiz olunduqları mənasına gəlmir, həm də artıq istifadə middətlərinin bitmək üzrə olduqlarını göstərir. Çünki hərbi gəmilərin ömrü 40-50 ildir. “Qoca” gəmilərin modernləşdirilməsi də mənasızdır və boş yerə xərclənən vəsait deməkdir. Çinin hərbi gəmiləri isə daha gəncdir və modern silahlarla təchiz olunub. Hərbi donanma baxımından Çinin daha irəlidə olduğunu hətta NATO qüvvələri də qəbul edir və ABŞ donanmasının ən azı ona çatmasının vacibliyini vurğulayırlar”.

 

Digər tərəfdən, Çinin bir çox projelərlə dünyanın hər tərəfinə yayıldığını, hətta Avropa Birliyinə daxil olan 5 Balkan dövlətini öz təsir dairəsinə saldığını deyən həmsöhbətimiz rəsmi Pekinin xüsusilə “İpək yolu” layihəsiylə öz imperial niyyətlərini reallaşdırmağa çalışdığını və bu hədəfə yaxınlaşdığını düşünür: “Bu isə ABŞ və Qərb ölkələrinin müxtəlif regionlarda həyata keçirdikləri siyasətləri əngəlləyir. “İpək yolu” layihəsi çərçivəsində Çinin İrana verdiyi kreditlər və nəqliyyat xətlərinin inşası proqramları Qərb ölkələrinin bu dövlətə tətbiq etdiyi embarqoları zəiflədir və onu çətin vəziyyətdən qurtarır. Üstəlik, İran enerji resurslarının yeni bazarı meydana gəlir ki, bu da yaxın dövrlərdə rəsmi Tehranın əlini gücləndirməsinə səbəb ola bilər. Çin təsirinin Şərqi Avropaya qədər yayılması isə NATO-nun genişlənməsi staretegiyası baxımından bir başqa problemdir. Faktiki, Çin öz iqtisadi siyasətilə getdikcə NATO-nun hegemonluğu altında olan coğrafiyaları öz təsir dairəsinə salır”.

 

Çinin genişlənmə strategiyasının qazandığı uğurun maliyyə-kredit siyasətindən qaynaqlandığını iddia edən Əlizadəyə görə, Avropa və Qərb dövlətləri hər hansı dövlətə kredit verərkən siyasi tələblər ortaya qoyur və kreditləri ödəmək şərtləri də ağır olur: “Çin isə kredit məsələsinə yalnız iqtisadi yöndən yanaşır. Hətta həmin ölkələrin siyasi islahatlar aparmasını istəmir də. Verdiyi kreditlərin faizi də daha aşağıdır və bu da istər-istəməz  bir çox avtoritar rejimlərin diqqətini cəlb edir. Təsadüfi deyil ki, Çin ucuz və siyasi tələblərsiz siyasətlərilə artıq Afrikanın ən perspektivli ölkələrinə hakim olmağı bacarıb. İndi onun hədəfi Orta Asiya, Rusiya və Şərqi Avropa ölkələrinə yayılmaqdır ki, bu da NATO ölkələrini çəkindirir”.

Azərbaycana gəlincə, ölkəmizin də “İpək yolu” layihəsinin bir parçası olduğunu deyən Arzuxan Əlizadə Çin təsirinin və onun maliyyə dəstəyi sayəsində dirçələn güclü Rusiya amilinin bizdən təsir ötüşmədiyi görüşündədir: “Hesab edirəm ki, Azərbaycanın getdikcə Qərbdən uzaqlaşmasında məhz bu təsirlərin rolu böyükdür”.

 

Çinin super gücə çevrilməsinin perspektivdə Azərbaycanın iqtisadi maraqlarına zərər vuracağını proqnozlaşdıran AMİP yetkilisi ən ciddi zərbənin TANAP-TAP layihəsinə dəyə biləcəyindən ehtiyatlanır. Onun fikrincə, bu gün deyilsə də, sabah Rusiyanın qaz strategiyası ilə çarpışacağı ehtimal olunan TANAP-TAP layihəsinin perspektivi şimal qonşumuzun taleyi ilə birbaşa bağlıdır: “Bəllidir ki, Rusiya Avropanı qaz inhisarına almaq istəyir. Bu gün Avropanın qaz tələbatının 30%-ni təchiz edən Rusiyanın bu üstünlüyünə son vermək üçün ABŞ alternativ marşrutları dəstəkləyir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP-TAP layihələri  də belə alternativlərdəndir. Bu gün TANAP-TAP boru xətləri ilə ildə 10 milyon kub metr qaz nəqli nəzərdə tutulduğundan Rusiya buna səbrlə yanaşır. Sabah isə bu xətlə nəql olunan qaz həcminin 40 milyon kub metrə qədər artırılacağı proqnozlaşdırılır. Bu isə Türkmənistan, Qazaxıstan qazının da həmin xətlə Avropaya nəql edilməsi deməkdir. Həmin qaz nəqlində isə Rusiyanın da gözü var. Moskva Avropa enerji bazarında ən böyük paya sahib olan Qətəri keçmək üçün Orta Asiyadakı qaz ehtiyatlarını da öz kəmərləri vasitəsilə nəql etməyi düşünür. Məhz buna görə yaxın gələcəkdə eyni bazara və bazaya iddialı olan iki dövlət – Azərbaycanla Rusiya təbii rəqibə çevrilə bilər. Çinin də təsirilə Azərbaycanın müttəfiqlərinin bölgədən uzaqlaşdırılması isə ölkəmizin Rusiya qarşısında daha gücsüz hala gətirilməsi deməkdir. Çinin regional iqtisadi siyasətləri də Rusiyanı ABŞ-ın sanksiyalarından sığortaladığından onun çöküşünü əngələyir. Bu da TANAP-TAP layihələrinin perspektivini təhlükə altında qoyur.

 

Arzuxan Əlizadənin fikrincə, Çinin Avrasiya üzərində təsir dairəsini artırma siyasətinin digər önəmli nəticəsi  İrandakı mövcud molla rejimini ABŞ sanskiyalarından qorumasını şərtləndirə bilər ki, bu, həm bizim, həm də cənublu soydaşlarımızın maraqlarına ziddir: “Çinin dünya gücünə çevrilməsi Orta Asiya türklərinin taleyini də təhdid edir. Bu isə Azərbaycanın perspektiv planlarını və ən yaxın strateji müttəfiqlərini təhlükə altına qoyur.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 849          Tarix: 8-12-2019, 21:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma