“Şimali Atlantika Müqaviləsi Təşkilatı soyuq müharibə dövrünün reallıqlarına uyğun yaradıldığından bu gün özünə yeni hədəflər müəyyən etməkdə çətinlik çəkir”.
Politoloq Nəzakət Məmmədova Ovqat.com-a NATO-nun Londonda keçirilən son liderlər sammitini şərh edərkən belə deyib.
Onun fikrincə, London sammitində ortaya çıxan ziddiyyətlərin kökündə əsasən bu sual dayanırdı: “ABŞ-ın istədiyi kimi Rusiyaya və Çinə, yoxsa Makronun dediyi kimi beynəlxalq terrora qarşımı mübarizə aparılmalıdır?! Bu sualın cavabı qismən də olsa yekun bəyannamədə öz əksini tapdı”.
Qeyd edək ki, London zirvəsinin yekun bəyannaməsində Rusiyanın aqressiv mövqeyinin təhdid meydana gətirdiyi, Çinin artan nüfuzunun və beynəlxalq siyasətinin isə alyans üçün yeni imkanlar və çətinliklər yaratdığı vurğulanırdı.
Nəzakət xanım hesab edir ki, sammitdə ABŞ-ın mövqeyinin daha çox qəbul olunması Fransanın terrorizmə qarşı mübarizə anlayışının ikili standartlar ehtiva etməsindən qaynaqlanırdı: “Bir sıra Qərb ölkələrinin liderləri kimi Makron da NATO üzvü olan Türkiyənin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid törədən YPG-ni teror təşkilatı hesab etmir. O, "Economist" jurnalına verdiyi müsahibədə NATO-nu "beyin ölümü" keçirən təşkilat adlandıraraq, Rusiya və Çini düşmən ölkələr adlandırmaqdansa, beynəlxalq terrora qarşı mübarizəyə fokuslanmaq, öz strateji hədəflərini dəqiq müəyyən etmək, Avropanın öz müdafiəsini təkbaşına təşkil etmək çağırışları ilə NATO-da fərqli mövqe ortaya qoymuşdu”.
NATO-nun digər üzvlərinin də ortaq düşmən alqısının dəyişdiyini vurğulayan politoloq buna misal olaraq, Türkiyə ilə Rusiyanın müttəfiqlik münasibətlərini göstərdi: “Bütün bu və digər səbəblərdən həmin NATO üzvləri Rusiyanı alyansın hədəfi, düşmən ölkə olaraq qəbul etmirlər. Bu da təşkilat daxilində fikir ayrılığına və strategiyanın müəyyənləşməsinə mane olur".
Azərbaycana bu prosesin birbaşa aidiyyatı olmadığını bildirən Məmmədova vurğulayıb ki, ölkəmiz Qoşulmayanlar Hərəkatının üzvüdür və heç bir hərbi-siyasi bloka tərəfdar çıxmayıb: "Lakin həm ABŞ ilə strateji tərəfdaşlığımız, həm də Çinlə bir sıra meqa layihələrdə birgə iştirakımız müəyyən regional və qlobal problemlərdə bəzi məsələlərdə bizi seçim qarşısında qoya bilər".
Politoloq Kamran Sultanlı da Çinin dünya siyasətində önəmli bir gücə çevrildiyinə inanır: "Əvvəllər Çin özünün gücünü gizlədirdi. İndiyə qədər Pekin “gücünü gizlət” konsepsiyasına uyğun siyasət aparırdı və əsasən iqtisadi infrastruktur ekpansiyasi vasitəsilə dünya dövlətlərini özündən asılı salırdı. Lakin Çinin artan nüfuzu artıq onun gücünü gizlətməməsinə vadar edir. Artıq istəsə belə, bu strategiya keçmir. Buna görə Pekin indi həm də hərbi cəhətdən güclənməyə başlayıb. Cibutidə açılan hərbi baza, Afrikada genişlənmə strategiyası, İranla ilk dəfə Hörmüz boğazında baş tutacaq təlimlər, Balkanlarda aktivlik Yunanıstanda olan Pirey limanının alınması Transatlantik hegemonluğa qarşı yeni həmlələr, Çinin Yaxın Şərq dövlətləri ilə aktiv əlaqələri və NATO-nun lideri sayılan ABŞ-la qlobal mübarizəsi ilk dəfə alyansın gündəliyinə çıxdı. NATO Çinin Atlantizmi təhdid etdiyini gözəl anlayır. NATO-nun bu qərarında ABŞ-ın da rolu var. ABŞ Çin siyasətində müttəfiqləri olan NATO-nun da onun yanında yer almasını istəyir. NATO liderləri Çinin həm də ciddi bir iqtisadi rəqib olduğunun fərqindədirlər".
Sultanlının sözlərinə görə, Rusiya hazırda Qərb üçün yalnız hərbi, xüsusilə nüvə gücü cəhətdən təhdiddir, amma Çin həm artan siyasi çəkisi, həm iqtisadi gücü, həmçinin də hərbi imkanları ilə təhdid olmağa başlayır: "Qərb hazırda Rusiyanı Çindən ayırmağa çalışır. Fransa lideri Makronun son dövrlər Rusiya ilə bağlı siyasəti buna hesablanıb. Bu, Henri Kissinger strategiyasıdir. Soyuq müharibə dövründə də Çin və SSRİ müttəfiq idi. O dövr Kissinger siyasəti ilə Çini SSRİ-dən ayırdı. O dövrdə əsas rəqib güc SSRİ idi. İndi isə əsas rəqib güc Çindir. Tramp da əslində bu siyasəti aparmağa çalışır, lakin ABŞ daxilində olan fikir ayrılıqları və xüsusilə Trampa qarşı olan demokratların anti-Rusiya siyasəti və bundan ona qarşı sui-istifadə cəhdləri ABŞ liderinin əlini-qolunu bağlayır və iki dövlət arasında əlaqələrin normallaşmasına mane olur. Bu, iki ölkə arasında inam mühitinin itməsi ilə də bağlıdır. Bjezinski öz "Böyük şahmat taxtası" əsərində qeyd edir ki, əgər Avrasiya kontinentində Rusiya və Çin ittifaq qursa, bu ABŞ-ın hegemonluğuna zərbə endirə bilər. Bu baxımdan, Qərb də indi Rusiyanın qazanmağa çalışır".
Politoloqun fikrincə, getdikcə böyüyən Çinin Orta Şərq və Mərkəzi Asiyanın rolu artıracaq və belə olan halda Bakı və Cənubi Qafqaz əsas episentr rolunu oynayacaq: “Bu, Şərq-Qərb mübarizəsində Bakınım xüsusi əhəmiyyətə malik mərkəzə çevrilməsi deməkdir. Hətta Transxəzər magistralı da xüsusi əhəmiyyət kəsb edəcək. Lakin burada Qərblə Rusiyanın nə qədər yaxınlaşa biləcəyi də öz sözünü deyəcək. Qərblə Rusiyanın yaxınlasmasi regional kontekstdə münaqişələrin həllində Rusiyanın mövqeyinin daha çox nəzərə alınmasına səbəb ola bilər. Bakının son dövrlər ehtiyatlı ritorikası məhz buna hesablanıb. Lakin Qərblə Rusiyanın anlaşa bilməsi həm Qərbin Çin siyasəti və regionda təhlükəsizlik tədbirləri ilə bağlı gələcəyi müəyyən edəcək. Çinə qarşı Rusiyanın rolunun artması Rusiyanın regionda maraqlarını daha çox nəzərə alınmasına səbəb ola bilər. Buna görə diqqətli olmalıyıq. Amma Çin-Qərb mübarizəsində istənilən halda Cənubi Qafqaz xüsusi diqqət mərkəzində ola bilər”.
K.Sultanlı onu da nəzərə çatdırıb ki, Qərbin Çinlə bağlı siyasətində ciddi fikir ayrılıqları var: "NATO-nun aparıcı gücləri olan Fransa və Almaniya Çinlə iqtisadi əlaqələrə davam etmək, ABŞ isə bu əlaqələri maksimum şəkildə məhdudlaşdırmaq və Çini düşmən kimi görmək istəyir. Bundan əlavə, ABŞ qlobal texnoloji hegemonluqda Çinin 5G sisteminin genişlənməsini istəmir. Tramp bununla bağlı Avropa liderləri ilə tez-tez əlaqə saxlayır. Cin isə bu lahiyəni həyata keçirməkdə israrlıdır. 5G dünyada inanılmaz bir yeniliklərə yol aça bilər. Xususilə yeni daha sürətli silahların, texnoloji alətlərin inkişafına səbəb ola bilər ki, Çin bununla dünyada olduqca ciddi bir mövqe qazana bilər. Bu da ABŞ-ı ciddi narahat edir. Bu baxımdan, hazırda Tramp Çinin “Huawei” şirkətinə qarşı sanksiya siyasətini həyata keçirir".
Şamo EMİN,
Ovqat.com
Paylaş: