Naxçıvan MR Daimi Nümayəndəsi Bəxtiyar Əsgərov dünən mətbuata verdiyi açıqlamada Ali Məclis sədrinin seçkilərlə bağlı sərəncamına kifayət qədər aydınlıq gətirdi. Onun sözlərindən belə çıxdı ki, fevralın 9-da keçiriləcək seçkidən sonra Naxçıvan Ali Məclisi ən azı 9 ay “siam əkizinə” çevriləcək: “vəssəlam” (bu ifadə tamamilə ona aid idi), şüt-tamam.
Bəxtiyar Əsgərov bu açıqlaması ilə cənab Vasif Talıbovun məlum qərarının heç bir hüquqi əsasının olmadığını etiraf etsə də, elminə şübhə etmədiyimiz bəzi hüquqşünaslar hələ də başqa cür düşünürlər. Bunlardan biri də şəxsinə böyük hörmətimiz olan dəyərli deputat Fazil Mustafadır.
Fazil bəy “Yeni Müsavat”a bildirib ki, Vasif Talıbovun bu sərəncamında hər hansı qanun pozuntusu baş verməyib, sadəcə, Milli Məclisin buraxılmasının proseduru ilə Naxçıvan Ali Məclisinin buraxılıb yeni seçkilərin təyin edilməsinin proseduru fərqli oldu: “Milli Məclisin deputatları fəaliyyətlərini dayandırdıqları barədə müraciət etdilər. Yetərsay 83-dən aşağı düşdüyü üçün ölkə prezidenti də Milli Məclisə yeni seçkilər təyin etdi. Təbii ki, bunun siyasi çalarları islahatlarla bağlı idi. Amma Naxçıvan Ali Məclisinin buraxılması məsələsində bu prosedura ehtiyac qalmadı. Azərbaycan Milli Məclisinin buraxılması və yeni seçkilərin təyin edilməsi əsas götürülərək seçkilərin eyni vaxtda keçirilməsi prinsipinə əməl etmək üçün belə bir addım atıldı. Bu da normaldır və qanuna zidd deyil. Çünki Naxçıvan Ali Məclisinə seçkilər Azərbaycan Milli Məclisinə seçkilərlə eyni vaxtda keçirilməlidir. Təbii ki, məsələ ilə bağlı fərqli hüquqi izahatlar ola bilər. Amma bütövlükdə Azərbaycan Milli Məclisinə yeni seçkilər təyin olunmuşdusa, gözlənilən idi ki, Naxçıvan Ali Məclisi də buraxılacaq və eyni günə seçkilər təyin olunacaq. Belə də oldu. Bunu normal qarşılayıram. Naxçıvan Ali Məclisinin 45 deputatı var. 45 deputatın 3-də ikisi öz fəaliyyətlərindən narazı qalardılarsa, Ali Məclisin buraxılması təşəbbüsünü də qaldıra bilərdilər. Lakin orada bu prosedura gedilmədi”.
Deputatın bu fikirlərini şərh edən ekspert Elçin Qurbanov deyib: “Dəyərli Fazil bəyə xatırlatmaq istəyirəm ki, Naxçıvan MR Ali Məclisi buraxılmayıb. Bunu Muxtar Respublikanın Daimi Nümayəndəsi Bəxtiyar Əsgərov dünənki açıqlamasında da etiraf edərək deyib: "Naxçıvanda Parlament buraxılmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2020-ci il fevral ayının 9-da keçiriləcək seçkilərlə ona görə eyni günə təyin olunub ki, əlavə vaxt və vəsait itkisinə yol verilməsin, vəssəlam. Məhz buna görə Ali Məclis belə bir qərar qəbul edib"”.
Elçin Qurbanovun fikrincə, Naxçıvan MR-ın mövqeyi bu qədər konkert olduğu halda, Ali Məclisin buraxılmasının qanunauyğunluğunu araşdırmaq yersizdir: “Bir şey ki mövcud deyil, onun hüquqi tərəflərinə necə baxmaq olar?”
Ekspert vurğulayıb ki, qanunvericiliyə əsasən, Ali Məclisin sədri yalnız növbəti seçkilərin keçirilməsinə sərəncam verə bilər. “Başqa sözlə desək, onun səlahiyyəti növbəti seçkinin vaxtını təyin etməklə ilə məhdudlaşır. Ali Məclis 5 illiyinə seçildiyinə görə səlahiyyət müddəti 2020-ci ilin noyabrın ilk həftəsinə qədər davam edir və həmin həftə keçirilən seçkilərlə formalaşan Ali Məclisin ilk sessiyasında tamamlanır. Seçki əgər mövcud parlamentin səlahiyyət müddətindən əvvəl keçirilərsə, bu, növbəti yox, növbədənkənar seçki sayılır. Ali Məclis sədrinin isə növbədənkənar seçki keçirmək səlahiyyəti yoxdur. Çünki bunun üçün sədr ilk əvvəl mövcud Ali Məclisi buraxmalıdır. Nəzərə alsaq ki sədrin özü də deputatlardan biridir və onu həmin deputatlar öz aralarından seçiblər, belə çıxır ki, eyni səlahiyyətli şəxslərdən biri onlarla digər həmkarının səlahiyyətlərinə xitam verir. Səlahiyyətlərinə xitam verilənlər isə hüquqən xalqın iradəsi sayılırlar”.
O ki qaldı prezidentin məlum sərəncamının Naxçıvan Ali Məclisinə şamil olunub-olunmaması məsələsinə, Elçin Qurbanov bu məsələdə də Fazil Mustafadan fərqli düşünür: “Prezidentin həmin Sərəncamında konkret olaraq Azərbaycan Milli Məclisinin buraxılması nəzərdə tutulur. Naxçıvan MR Ali Məclisi isə Milli Məclisin nə uzantısıdır, nə də hər hansı komitəsi. Ali Məclis muxtar səlahiyyətlər çərçivəsində fəaliyyət göstərən müstəqil hakimiyyət qoludur. Naxçıvan Konstitusiyasının Qanunvericilik hakimiyyəti ilə bağlı II fəslində də Ali Məclisə seçkilərin Milli Məclislə eyni vaxtda keçirilməsi nəzərdə tutulmayıb. Muxtar Respublika rəhbərliyinin yaydığı açıqlamada belə seçkilərin eyni vaxtda keçirilmə zərurəti iqtisadi və zamanlama arqumentilə əsaslandırılıb. Bunlar səmərəli səbəblərdir, amma hüquqi təməllərə söykənmir. Konstitusiyaya görə isə, Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətlərdə heç bir səbəb hüququn fövqündə dayana bilməz”.
Qeyd edək ki, Fazil bəyin deputat həmkarı, hüquqşünas Qulamhüseyn Əlibəyli də Elçin Qurbanovla eyni mövqeyi paylaşır. Deputat məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlamasında demişdi: “Təbii ki, Azərbaycanın Milli Məclisinin buraxılması haqqındakı qanunvericilik Naxçıvana olduğu kimi şamil oluna bilməz. Çünki Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər onların Konstitusiyası ilə müəyyən olunub və mənim bildiyimə görə, Naxçıvan Ali Məclisinin buraxılma mexanizmi dəqiq müəyyən olunmayıb”.
Paylaş: