Ovqat.com artıq neçə gündür ki, Naxçıvan Ali Məclisinin yerli parlamentə seçkilər keçirməsini müzakirəyə çıxarıb.
Naxçıvan Ali Məclisi sədrinin mövcud Ali Məclisi buraxmadan seçki elan etməsinin 9 fevral 2020-ci il tarixində “muxtar parlamentin” siam əkizi kimi ikibaşlı olacağı barədə iradımızla respublikamızın ən ünlü hüquqşünasları razılaşmışdılar. Saytımıza açıqlama verən bütün ekspertlər Naxçıvan Ali Məclisinin sədrinin bu qərarının heç bir hüquqi əsası olmadığını vurğulayaraq, ölkə başçısını “muxtar özbaşınalığa” hüquqi qiymət verməyə çağırmışdılar.
Ölkənin aparıcı media qurumlarından olan “Hürriyyət” qəzeti isə bu iddialara cavab vermək üçün Naxçıvan MR Daimi Nümayəndəliyinə müraciət etmişdi. Qəzet əməkdaşının üzünə telefonu qapadaq Daimi Nümayəndə nədənsə “Hürriyyət”in sualına cavabı Naxçıvan MR-in rəsmi informasiya kanalı “Nuhçıxan”a verib. Həm də necə? Heç bir əlavə şərhə ehtiyac duymadan cavabı olduğu kimi təqdim edirik:
Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərlə bağlı konkret münasibət bildirib:
"Naxçıvanda Parlament buraxılmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilər "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2020-ci il fevral ayının 9-da keçiriləcək seçkilərlə ona görə eyni günə təyin olunub ki, əlavə vaxt və vəsait itkisinə yol verilməsin, vəssəlam. Məhz buna görə Ali Məclis belə bir qərar qəbul edib".
Şair təbiətli Bəxtiyar Əsgərov bu fikirləriylə təsdiqləyib ki, Naxçıvan MR Ali Məclisinin sədrinin bu qərarı heç bir qanuna əsaslanmır və 9 ferval seçkilərindən sonra Naxçıvan Ali Məclisi həqiqətən də “siam əkiz”inə çevriləcək. Bizim arqumentimizi təsdiqlədiyi üçün Daimi Nümayəndəyə təşəkkür edirik.
Paylaş: