Rusiyada yaşayan tanınmış iş adamı, milyarder Fərhad Əhmədovun seçkilərlə bağlı "yol xəritəsi" Azərbaycan siyasi səhnəsində birmənalı qarşlanmayıb. Halbuki, bu təklifləri siyasi partiyalar vaxtaşırı gündəmə gətiriblər. Bəs eyni fikirlərin bir iş adamı tərəfindən səsləndirilməsi niyə bu cür təpkilərə yol açır?
Fərhad Əhmədovun təkliflərinin heç bir narahatçılıq doğurmadığını deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ovqat.com-a bildirdi ki, bu adam Azərbaycan cəmiyyəti üçün heç bir məna ifadə eləmir: "Belə bir məşhur söz var; eşşəyə kitab yükləyəndə alim olmur. Kiminsə pulu çoxdursa, bu o demək deyil ki, həmin adam doğurdan da ictimai-siyasi xadimdir və yaxud xalqın taleyi ilə bağlı söz demək hüququna malikdir. O, sadəcə bir pul kisəsidir. Biz bilirik, belə adamlar hansı yollarla o pulları əldə ediblər.
Belə “pul kisə”lərinin Azərbaycan xalqı üçün heç bir əhəmiyyəti olmadığını vurğulayan S. Cəlaloğlunun fikrincə, o tip insanlar xarici qüvvələrin ölkəmizə təzyiq vasitəsidir: “Rusiya zaman-zaman Azərbaycanda ictimai-siyasi hadisələrdə Rusiyada yaşayan varlı adamlardan, ayrı-ayrı ziyalılardan istifadə eləyir. Keçən dəfə biz Rüstəm İbrahimbəyovu bu rolda gördük, bundan sonra da belə şeylər olacaq. Bu baxımdan, mən düşünürəm ki, Fərhad Əhmədov da Rusiyanın bir variantıdır, onun çox məsuliyyətsiz bir bəyanatı var. Ömründə xalq, millət üçün heç bir addım atmayıb, gəlib indi Azərbaycan siyasi mühiti ilə bağlı proqnoz, fikir verir. Azərbaycanda onu heç kəs tanımır, şəxsən mən də onu tanımıram ki, o kimdir. Yəni belə təsadüfi adamların sözlərinə fikir vermək lazım deyil. Onun sözünün özündən başqa, heç ailəsinə də təsiri yoxdur. Öz ailəsini qoruya bilməyən adamın ictimai-siyasi mövzularda bəyan etdiyi fikirlərə diqqət yetirməyə dəyməz".
F. Əhmədovun seçkilərlə bağlı təklif etdiyi "yol xəritəsi ilə bağlı fikirlərini bölüşən deputat Fazil Mustafa isə hesab edir ki, bu, elə də səviyyəli bir sənəd deyil: "Bunu çox güman ki, müəyyən ixtisaslı analitiklər hazırlayaraq, təqdim ediblər və o da öz adından belə açıqlama verib. Kənardan verdiyi məsləhətlər də onu göstərir ki, məsələyə kifayət qədər bir diletant yanaşma var. Onun təqdim etdiyi “yol xəritəsi” Azərbaycan reallığını nəzərə almadan Milli Məclisində gedən prosesləri görmədən, siyasi proseslər haqqında təsəvvürü olmadan, onun inkişaf dinamikasını anlamadan hazırlanmış bir sıra müddəalardan ibarətdir. Bunlar da müəyyən dərəcədə həmin şəxsin bu məsələdə yanaşmasının obyektiv olmadığını göstərir.
Belə sənədlər çox hazırlanıb. Oradan-buradan köçürüb, belə bir şey ortaya qoymaq mümkündür, bunu hər kəs edə bilər. Burada məsələ orasındadır ki, senator ola-ola onun bir dəfə də olsun Rusiya mühtində hansısa bir debatda Qarabağ məsələsini, Azərbaycanın maraqlarını müdafiə edən bir addım atdığını görməmişəm. Necə ola bilər, Azərbaycanın problemi ilə bağlı Rusiya mühitində konkret hansısa bir söz sahibinə çevrilə bilməyən adamlar Azərbaycanda siyasi sistemin yenidən qurulması isiqamətində özünün təfsirlərini daha intensiv şəkildə verməyə başlayıblar. Bunu anlamaq mümkün deyil. Hər kəs öz mühitində Azərbaycan üçün bir iş görməyə çalışsa, daha çox fayda verər".
"Fərhad Əhmədovun seçki ərəfəsi bu "yol xəritəsi"ni təqdim etməkdə hansısa məqsədi varmı" sualına F. Mustafanın cavabı: "Əlbəttə, məqsəd var. Bu, Fərhad Əhmədovun mövqeyindən daha çox, Rusiyada Azərbaycanla bağlı maraqları olan qüvvələrin tezisləridir. Mən hesab edirəm ki, bu tezislər də Azərbaycan üçün indiki şəraitdə reallıq baxımından konkret heç nə vəd etmir. Çünki Azərbaycanda daha optimal yol fərqli bir şəkildə həyata keçirilməlidir. Bunu da iqtidarın özü tərəfindən aparılan müəyyən islahatlar prosesi daha təhlükəsiz formada başa çatdırılmasına şərait yarada bilər. Belə məsələlərdə bu cür “analitik təhlillər”lə yanaşma açığı, səmimi qarşılanmır".
Şamo EMİN,
Ovqat.com
Paylaş: