Məlum olduğu kimi, dünən tanınmış jurnalist Xədicə İsmayıl Zeynəb Xanlarova ilə Aslan İsmayılovun adını “Azərbaycan Camaşırxanası" (Azerbaijani Laundromat) qalmaqalında hallandırmışdı. Jurnalistin bildirdiyinə görə, Amerikada yaşayan iki dostunun köməyilə “Laundromat” üzrə ödənişlərdə adı keçdiyi üçün Zeynəb Xanlarova fondunu da araşdırmış və fonda Bakıdan “qara yollarla” pul köçürüldüyünü müəyyənləşdirmişdi:
“ Sadəcə məbləğ çox kiçik idi deyə, maraq doğurmadı.
Fond qeyri kommersiya təşkilatıdır. Direktorları Rovshan Sharipov, David Yusubov və Aslan İsmayılov”.
İttiham irəli sürülən gün Sevinc Osmanqızına müsahibə verən Aslan İsmayılov Zeynəb Xanlarova Fondunun yaradılması zərurətinə gətirərək bildirmişdi ki, fond ABŞ-da yaşayan əslən Azərbaycandan olan yəhudilərin təşəbbüsü ilə yaradılmış, məqsəd isə ölkəmizdəki uşaqlara yardım göstərmək imiş.
Açığı, adı illər öncə uşaq pullarının kəsilməsi təşəbbüsü ilə çıxış etməkdə hallanan Zeynəb Xanlarovanın birdən-birə bu cür xeyirxahlıqla gündəmə gəlməsi maraq doğurmuş və gözlər istər-istəməz onun müğənni həmkarı xalq artisti Flora Kərimovaya yönəlmişdi. Nədən ki, Flora xanım iki il əvvəl instagram paylaşımında millət vəkili həmkarını uşaq pulunu kəsdirməkdə ittiham edərək demişdi: “Deyən lazımdır ki, ürəyinin “yumuşalmağı” üçün qocalmağın lazım idi? Pensiya vaxtını azaltdığın, uşaq pulunu kəsdirdiyin, maaşının artırılmasına etiraz etdiyin müəllimləri illər sonra Türkiyədə acınacaqlı görüb, halına acıyaydın?! Müəllimə bu rəzaləti layiq bilib, sonra başını sığallamaq… Kimə gərəkdir? “Prezidentə düzgün məlumat çatdırmırlar!” – heç fərqindəsən nə danışırsan!? “Mənim ağıllı prezidentim her şeyi görür və düz edir, nə edirsə”- sözünlə, dünən dediyin üst -üstə düşür? Belə çıxır ki, prezident bilərəkdən, sənin sözünlə desəm, milləti acından öldürür”?
Flora Kərimova Zeynəb Xanlarovanın uşaqlara yardım məqsədilə fond yaratması xəbərinə də laqeyd qalmayıb. Dünən mövzu ilə bağlı “Yeni Sabah”a verdiyi açıqlamasında xalq artisti bu məlumatın səhihliyinə şübhə etdiyini gizlətməyib:
“Düzü, mən bu iddianın doğruluğuna şübhə edirəm. Çünki o elə bir şey etsə idi, bizimkilər bilərdi və sual verərdilər ki, Azərbaycan xalqına deyirsən ki, gedək ölək, ya erməni ilə dostluq edək, ya azərbaycanlıları “Qara camaat” adlandırırsan, sonra da gedib ermənilərə xeyriyyəçilik edirsən. Ona görə mən bu informasiyaya o qədər də inanmıram. Əgər elədirsə, Zeynəb Xanlarovaya ayıb olsun”.
F.Kərimova hesab edir ki, əgər Z.Xanlarova ABŞ-dakı azərbaycanlılara yardım edirsə, o zaman konkret olaraq kimlərə köməklik göstərdiyini açıqlasın:
“Əgər oradakı azərbaycanlılara xeyriyyəçilik edirdisə, onda çıxıb kimlərə, nə vaxt kömək etdiyini desin. Mən bu informasiyanın araşdırılıb, dəqiqləşdirilməyin tərəfdarıyam. Belə bir şey doğrudan da olubsa, niyə Amerikada xeyriyyəçiliyə qol qoyan insan, Azərbaycanda bu addımı atmadı? Özü də 40 ildən çoxdur millət vəkilidir. Mən onun haqqında ayrı şeylər eşitmişəm.
Deyirdilər, ustaları çağırırdı, işlədirdi, mebeli sökdürüb-yığdırırdı, 1 qəpik də vermirdi. Milli Məclisdən çıxanda ayrı çıxışdan çıxırmış ki, dayandırıb ondan pul istəməsinlər, ya da xahişlər etməsinlər. Bunları media çox geniş işıqlandırıb. Öz millətinə 5 manat verməkdən qaçan insan, gedib Amerikada kimlərə xeyriyyəçilik edəcək?”
Paylaş: