Son vaxtlar Rusiyada siyasi və hüquqi islahatlar aparılır, hökumət buraxıldı, artıq yeni parlament sisteminə keçiddən söhbət gedir. Görəsən, Rusiyadakı bu dəyişiklikləri demokratik islahatlar adlandırmaq olarmı və bu proses Azərbaycana nə dərəcədə təsir edə bilər?
Qabil Hüseynli:“Azərbaycandakı proseslər daha mütərəqqidir”
Ovqat.com-un suallarını cavablandıran keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli dedi ki, Rusiyada aparılan islahatlar hələ kosmetik xarakter daşıyır: “Rusiyada islahatlar hakimiyyətin daha da möhkəmlənməsinə və ehmal, hadisəsiz ötürülməsinə xidmət edir. Rusiyanın tam demokratikləşməsi hələ uzun çəkəcək. Əksinə, Rusiyada gedən proseslər, zənnimcə, avtoritarizimi bir az da dərinləşdirir. Ona görə də onun Azərbaycana təsirindən qətiyyən danışmaq mümkün deyil. Azərbaycandakı proseslər Rusiya ilə müqayisədə daha mütərəqqi xarakter daşıyır.
Rusiyada hələ kadr dəyişiklikləri getdiyini bildirən Hüseynli sual etdi ki, nə islahatlar gedir: “Bunu islahat anlayışına çətin sığışdırmaq olar. Yeni qanunvericiliyə görə, ölkədə Dövlət Şurası yaradılacaq. Dövlət Şurasının sədri Putin, onun müavini Medvedev olacaq və bu Şura digər hakimiyyət orqanlarına nəzarət funksiyası həyata keçirəcək. Bunu nə icra, nə qanunverici, nə məhkəmə hakimiyyətinə aid etmək olar. Yəni qarışıq və indiyə qədər dünyada mövcud olan siyasi sistemlərin qəribə bir qarışığı formalaşdırılmağa çalışılır.
Postsovet ölkələrində islahatlar onunla bağlıdır ki, indiyə qədər keçid dövrü deyilən bir dövr var idi. Totalitar Sovet quruluşundan, siyasi strukturlarından azad olmaq uğrunda mübarizə gedirdi. Keçid dövrü postsovet ölkələrində, xüsusən Azərbaycanda başa çatıb. Yəni totalitarizimdən tədricən demokratizmə və xalq hakimiyyətinə doğru keçid dövrü başlayır. Bu dövrlə əlaqədar olaraq müəyyən struktur, qanunvericilik islahatlarının aparılmasına ehtiyac yaranır ki, bunu da Azərbaycan hökuməti etməyə çalışır”.
Q.Hüseynlinin fikrincə, Rusiyada aparılan dəyişikliklər daha çox Qazaxstanda Nazarbayevin islahatlara bənzəyir: “Yəni Rusiya özü Nazarbayevdən, Qazaxstandan təsirlənir. Başqa ölkələrə gəlincə, Qırğıstan çoxdandır ki, demokratiya şəraitində yaşayır və hakimiyyət orqanları xalqın iradəsinə söykənməklə formalaşdırılır. Eyni proseslər Moldavada, Gürcüstanda gedir. Rusiyanın vaxtilə metropoliyaları olmuş ölkələrdən nümunə götürməyə daha çox “haqqı” var, nəinki onlara hansısa nümunəni ötürməyə”.
Məhəmməd Əsədullazadə:“Azərbaycanda baş verən proseslər həmin ssenariyə uyğun həyata keçirilir”
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə nəzərə çatdırdı ki, Rusiyada Putinin prezidentliyi dövrü 2024-cü ildə bitir: “Göründüyü kimi, bu istiqamətdə varis ortaya çıxmadı, Putin növbəti dəfə hakimiyyətdə qalmaq, öz sistemini yaşatmaq üçün struktur islahatlarına, kadr dəyişikliklərinə getdi, baş naziri dəyişdi, indi də yeni Konstitusiyanın formalaşması, Dumaya seçkilər gözlənilir. Həmçinin yeni bir Təhlükəsizlik Şurası yaradılıb, həmin şuranın başına gələrək növbəti illərdə de-fakto Rusiyanı idarə etməyi planlaşdırır. Bu, o deməkdir ki, artıq Rusiyada siyasi dəyişikliklər qaçılmaz olacaq və MDB məkanına, xüsusilə Azərbaycana müəyyən qədər təsirsiz ötüşməyəcəyini istisna etmirəm. Çünki Rusiya Azərbaycana qonşu ölkədir və burada baş verənlərin MDB məkanı kimi birbaşa təsirləri var.
Qaldı ki, Azərbaycanda biz kadr islahatları, struktur dəyişiklikləri görürük. Nazirlər Kabinetində, Prezident Administrasiyasında kadr dəyişiklikləri getdi, növbədənkənar parlament seçkiləri elan edildi. Göründüyü kimi, artıq qlobal bir proses müstəvisində dəyişikliklərə getmək mütləqdir. Yeni çağırışlara cavab verən bir Administrasiyanın, sistemin qurulması qaçılmaz görünür. Çünki əvvəlki sistemlə bugünkü qlobal müstəvidə yeni formalaşan dünya nizamında köhnə sistemlə cəmiyyəti və dövləti idarə etmək çox çətinləşmişdi. Bu, Rusiyadan görünürdü.
Rusiyada siyasi-iqtisadi böhran dərinləşir və Putinin reytinqi ciddi aşağı düşürdü. Təbii ki, Azərbaycanda baş verən proseslər də həmin ssenariyə uyğun həyata keçirilir. Çünki Azərbaycan prezidenti də ölkədə yeni çağırışlara cavab verəcək bir idarəetmə modeli həyata keçirməyi planlaşdırır. Biz prezident İlham Əliyevin Davosdakı çıxışlarına diqqət etsək, görərik prezidentin siyasi iradəsi diktə edir ki, bu prosesləri həyata keçirsin. Amma çox ciddi daxili faktorlar, müəyyən təzyiqlər var ki, bu islahatlara mane olur. Mən 2024-cü ilə kimi Azərbaycanda da ciddi siyasi-iqtisadi dəyişiklikləri istisna etmirəm. Bu dəyişikliklər fonunda da Avropa İttifaqı ilə Çərçivə sazişi imzalaması gözlənilir”.
M.Əsədullazadənin sözlərinə görə, NATO-nun Cənubi Qafqazda, artıq Gürcüstan üzərində təsiri görünməkdədir: “Bu, o deməkdir ki, regional bir müstəvidə Azərbaycanın köhnə modellə idarə edilməsi artıq cəmiyyətdə ciddi böhrana gətirib çıxardırdı və biz buna Rusiyada da şahid olurduq. Artıq bu prosesin Azərbaycanda da davam etməsindən qaçılması üçün islahatlara start verildi. Təbii ki, aparılan struktur islahatalarını, siyasi-iqtisadi dəyişiklikləri mən ciddi islahatlar kimi təqdim etmək istəmirəm. Məhkəmə hüquq, insan hüquqları sahəsində və digər fundamental məsələlərdə Azərbaycanda ciddi islahatlara ehtiyac var. Amma hələ ki, proses çox ləng və ağır davam edir. Görünür, bunun da müəyyən subyektiv və obyektiv səbəbləri var. Hesab edirəm ki, Rusiyada gedən müəyyən dəyişikliklər Azərbaycanda gedən proseslərə daha da təkan verəcək”.
M.Əsədullazadə diqqətə çatdırdı ki, struktur dəyişiklikləri ilk öncə, Qazaxstanda baş verdi: “Göründüyü kimi, Rusiya Qazaxstan modelini tətbiq etmək istəyir. Belarusa gəldkdə isə Belarus və Rusiya arasında ciddi problemlər yaşanır. Ukrayna Rusiya ilə münaqişə vəziyyətindədir. Özbəkistanın isə öz yolu var. Artıq Özbəkistan prezidenti Şövkət Mirzəyev qeyd etdi ki, ölkəsi Avrasiya İqtisadi Birliyinə daxil olmaq istəmir, bu, ölkənin milli təhlükəsizliyini təhid edə bilər. Qırğıstana gəldikdə isə orada demokratik bir sistem qurulub. Türkmənistan da neytral bir ölkədir. Bildiyiniz kimi, Ermənistan da forpostdur. Gürcüstanın da Avropaya inteqrasiya siyasəti davam edir. Yalnız Azərbaycan qalır. Yəni yalnız Azərbaycana təsiri ola bilər. Çünki Bakı ilə Moskva arasında çox ciddi siyasi əlaqələr mövcuddur, ciddi məsləhətləşmələr gedir. Amma təbii Azərbaycan da ciddi təsir etməyəcək. Çünki bildirilir ki, Azərbaycanla Avropa İttifaqı arasında Çərçivə sazişi artıq 90-95% razılaşdırılıb. Azərbaycan Avropa İttifaqı ilə hər hansı sazişi imzalayarsa, ciddi islahatlara gedərsə, avrointeqarsiya siyasətinə üstünlük verərsə, təbii ki, Rusiyada baş verənlər Azərbaycana təsirsiz ötüşər. Amma Azərbaycan hakimiyyəti ilə Kreml arasında sıx siyasi əlaqələrə nəzər saldıqda müəyyən siyasi-iqtisadi məsələlərdə kordinasiyalı fəaliyyəti, anoloji ardıcıllığı istisna etmirəm”.
Şamo EMİN,
Ovqat.com
Paylaş: