“Şuşa qalası ilə bağlı son addımlar bir daha Ermənistanın münaqişənin dinc yolla konstruktiv həllində maraqlı olmadığını göstərir və Azərbaycanı münaqişənin həlli ilə bağlı digər vasitələrdən istifadə etməyə təhrik edir”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Ovqat.com-a açıqlamasında belə deyib.
Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma rejim Şuşa qalasının restavrasiyasına başladıqlarını elan etmişdi. Bu isə onların ilk belə addımı deyil. Bir müddət əvvəl Şuşadakı məşhur “Gövhərağa” məscidini də İran arxitektorlarının köməyi ilə “restavrasiya” edən ermənilər daha sonra onu fars mədəniyyətinin nümunəsi kimi dünyaya tanıtmağa çalışmışdılar.
Bu cür addımların Dağlıq Qarabağdan Azərbaycan tarixini, mədəni irsini silmək cəhdi kimi qiymətləndirən F.Şəfiyev belə təşəbbüslərin problemi sülh yoluyla həllini çətinləşdirdiyini və bunun məsuliyyətini Ermənistan tərəfinin daşıdığını bildirib: “Ermənistan son 30 il ərzində Azərbaycan torpaqlarının işğalını davam etdirməklə yanaşı, bütün vasitələrlə xalqımızın tarixi, mədəni, musiqi və mətbəx irsinə qarşı təcavüz və qəsbkarlıq siyasəti yürütməkdədir. Aydındır ki, Ermənistanın bu istiqamətdə siyasətinin əsas hədəflərindən biri də işğal edilmiş ərazilərdə özünün əsassız iddialarını rəsmiləşdirmək məqsədi daşıyır. Bu məqsədlə də onlar həmin torpaqların həqiqi tarixi sakinlərinin və sahiblərinin mədəni irsini məhv etməyə, bu mümkün olmadıqda isə maddi mədəniyyət nümunələrini saxtalaşdırmağa çalışırlar. Halbuki, işğal edilmiş ərazilərdəki bütün mədəni və tarixi abidələr həmin torpaqlarının həqiqi tarixi sakinlərinin və sahiblərinin kimliyi heç bir ciddi və obyektiv müşahidəçidə hansısa şübhə yaratmır. Şuşa qalası ilə bağlı son addımlar da eyni məqsədə xidmət edir. Belə addımlar gələcəkdə danışıqlar prosesinin pozulması ilə bağlı bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə qoyur”.
Açıqlamasında Şuşa qalasının tarixi barədə qısa məlumat verən diplomat deyib: “Azərbaycanlılar tərəfindən Şuşa qalası adlandırılan həmin tarixi abidənin əsası 1751-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş, tikinti işlərinə rəhbərliyi isə şəxsən şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif nəzarət etmişdir”.
Şuşa qalasının restavrasiyası adı ilə özgələşdirilməsinin ermənilərin mədəni soyqırım istiqamətində atdığı ilk addım olmadığını xatırladan həmsöhbətimizin fikrincə, keçən il Şuşada yerləşən və azərbaycanlılara məxsus olan “Yuхarı Gövhər ağa” məscidi də eyni üsulla “təmir” olundu: “Təmirdən sonra məscid Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edildi. Bundan əvvəl isə Ermənistan rəhbərliyi paytaxt Yerevanda tarixi Azərbaycan memarlıq nümunələri olan 8 məsciddən 7-sini tamamilə sıradan çıxarıblar. Qalan bir məscid - 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmiş məşhur Göy məscidin 4 minarəsindən 3-ü sökülüb və saxtalaşdırılaraq İran tarixi abidəsi kimi İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib”.
Bir daha dünya ictimaiyyətini Ermənistanın işğal etdiyi ərazilərdə atdığı bu cür addımları pisləməyə çağıran Fərid Şəfiyev ermənilərin bu siyasətini Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirib. Onun fikrincə, ermənilərin bu addımları heç bir beynəlxalq hüquqa sığmır: “Ermənistan hakimiyyətinin bu istiqamətdə fəaliyyəti beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn bütün normalarına və əsaslarına zidd olan hərəkətlər kimi qiymətləndirilərək dünya ictimaiyyəti tərəfindən pislənməli və onlar məsuliyyətə çağırılmalıdırlar. Həmçinin, beynəlxalq ictimaiyyət münaqişənin həlli tapılana qədər işğal edilmiş ərazilərdəki bütün tarixi abidələrin toxunulmaz və ilkin formada qalmasını təmin etmək istiqamətdə Ermənistana müvafiq təzyiq göstərməlidir”.
Paylaş: