Xəbər lenti
Dünən, 19:25

  

Almaniya Kansleri Angela Merkelin 2021-ci ildə siyasətdən gedəcəyini elan etməsindən sonra onun Avropa İttifaqında (Aİ) azalan siyasi təsirinin fonunda Fransa Prezidenti Emmanuel Makron aparıcı fiqur kimi önə çıxmağa və hadisələrə istiqamət verməyə davam edir. 2017-ci ilin may ayında Prezident seçilən Makron hakimiyyətinin ilk aylarından etibarən Aİ-də ciddi dəyişikliklərin carçısı olmuş və İttifaqın idarə edilməsində islahatlara çağırmışdır. Hakimiyyətə Avropada inteqrasiyanın dərinləşdirilməsi üzərində qurulmuş bir platforma ilə gələn Makron bu ilin mart ayında Aİ-nin 28 ölkəsinin mətbuat orqanlarında xalqa müraciətlə çıxış etməklə, İttifaqın üzləşdiyi təhdid və çağırışlara qarşı ciddi addımlar atılmalı olduğunu vurğuladı. Prezident öz çağırışında Aİ-də mərkəzləşdirilmənin sürətləndirilməsini əsas tutan bir neçə təklif səsləndirmişdi. O, parlament seçkilərinə və seçki öncəsi siyasi proseslərə nəzarət edən bir agentliyin yaradılmasını, kiber hücumlara və manipulyasiyalara qarşı mübarizə aparılmasını və siyasi partiyaların xaricdən maliyyələşdirilməsinin qadağan edilməsini təklif etmişdi. Qaçqınlarla bağlı siyasətin İttifaq səviyyəsində mərkəzləşdirilməsinin lazım olduğunu bildirən Macron təklif etdi ki, Aİ-nin sərhəd polisiqaçqınlarla bağlı mərkəzi institutu yaradılsın. Müdafiə sahəsində islahatları lazım bilən Makrona görə, Böyük Britaniyanın da daxil olduğu Avropa Təhlükəsizlik Şurasının yaradılması və müdafiə xərclərinin artırılması vacibdir. Bu təkliflərin reallaşdırılmasında Aİ-nin ən böyük iqtisadi gücü olan Almaniyanın rəhbərliyindən istədiyi dəstəyi ala bilməsə və hətta bəzi məsələlərdə müqavimətlə üzləşsə də, Makron planından hələ geri çəkilməyib.

 

Fransa Prezidenti tez-tez Şarl de Qollun millətçiliyini və anti-Amerikanizmini yenidən canlandırmaqda günahlandırılır. O, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra Avropa və Amerika arasında müxtəlif sahələrdə yaşanan mübahisələrin çarəsini Aİ-nin öz ayaqları üstündə dura bilən geosiyasi aktor kimi güclənməsində görür. Bu baxımdan İttifaqda müxtəlif sahələrdə (müdafiə, daxili siyasət, genişlənmə strategiyası, Rusiya ilə münasibətlər və s.) dəyişikliklər təklif etsə də, tənqidlərin əksinə olaraq, onun ABŞ-la olan münasibətləri güclü saxlamaq marağı hiss edilir. Yay aylarında İran – ABŞ münasibətlərinin yumşalması üçün cəhdlər edən (məs. İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi G7-nin sammitinə dəvət etməsi və ya İran üçün çox milyardlıq kredit xətti yaratmağa çalışması) Makron ötən il 14 sentyabrda Səudiyyə Ərəbistanında neft emalı zavoduna edilən dron hücumundan sonra Tehrana qarşı sərt mövqe tutmağa başladı. Belə ki, 23 sentyabrda Böyük Britaniya və Almaniya liderləri ilə birlikdə ortaq bəyanat yayan Fransa rəhbərliyi həmin hücumda İranın məsuliyyət daşıdığını bildirdi. Prezident Makron İranın öhdəliklərinə əməl etməyəcəyi təqdirdə, Fransanın da ABŞ-ın ardınca 2015-ci il nüvə sazişindən çıxmasının mümkün olduğunu bildirdi.

 

Prezident Makronun NATO-ya yönəlik siyasəti onun ABŞ-la münasibətlərdə saxlamaq istədiyi davamlılıqdan fərqli mənzərə ortaya qoyur. NATO-nu Avropa təhlükəsizliyi üçün vacib bir institut hesab etsə də, Makrona görə, Avropa İttifaqı bu sahədə tamamilə NATO-ya arxalanmamalı və özünümüdafiə qabiliyyətini inkişaf etdirməlidir. Oktyabr ayında Economist jurnalına verdiyi müsahibəsində geniş əks-səda doğuran bir fikir səsləndirən Prezident NATO-nu “beyin ölümündə” günahlandıraraq, mövcud şərtlərdə Alyansın Nizamnaməsinin ən vacib müddəası sayılan kollektiv təhlükəsizliklə əlaqədər 5- ci maddəsinin ehtiyac olduğu təqdirdə tətbiq edilə biləcəyinə şübhə nümayiş etdirdi. Onun fikrincə, NATO üzvü Türkiyənin Alyansla razılaşmadan Suriyada həyata keçirdiyi hərbi əməliyyat, Qərbin Rusiya siyasəti və s. ümumilikdə Alyansda yenidənqurmanın aparılmasına ehtiyac yaradır. Alyansın dekabrın əvvəlində keçirilmiş London sammitindən öncə açıqlama verən Makron yenə çox müzakirə edilən fikir söyləyərək, Rusiyanın və Çinin NATO-nun düşməni olmadığını bildirdi.

 

Prezident Makronun xarici siyasətində Rusiya ilə münasibətləri bərpa etmək meyli xüsusi diqqət çəkir. Bloomberg informasiya agentliyinin yazdığına görə, digər Qərb liderləri Rusiyanı rəqib kimi görsə də, Fransa rəhbəri üçün Moskva dünyadakı yeni geosiyasi konfigurasiyalarda “potensial müttəfiq” ola bilər. Onun rəhbərliyi altında Fransa, Ukraynanın böyük etirazlarına baxmayaraq, iyulun əvvəlində Almaniya ilə birlikdə Rusiyanın Avropa Şurasının Parlament Assembleyasında səsvermə hüququnun bərpa edilməsinə dəstək vermişdi. Bunun davamı olaraq, avqust ayında Vladimir Putini G7-nin sammitindən cəmi bir neçə gün öncə Fransada qəbul edən Makron ikitərəfli münasibətlər üçün müsbət siqnallar verdi və hətta Ukrayna məsələsində irəliləyiş əldə olunacağı təqdirdə, Rusiyanın G7-ə geri qaytarılmasına çağırdı. Fransa Prezidenti inanır ki, “ortaq maraqlar təşviq edilməli və Aİ ilə Rusiya arasında münasibətlər yenidən qurulmalıdır.” O, eyni zamanda bu il 9 May Qələbə Günündə Rusiyaya səfər edəcəyini də bildirdi. Fransa diplomatları ilə avqustun 27-də keçirilən illik görüşündə Makron bəyan etdi ki, “əgər Rusiya ilə bağlı strategiyasına yenidən baxmasa, Avropa yox olar (disappear).” Makrona görə, Rusiya, Çin və ABŞ-ın hegemonluq üçün mübarizə apardığını nəzərə alsaq, Avropa qərar verməlidir ki, ya bu və ya digər tərəfin kiçik müttəfiqi olsun, ya da oyunda müstəqil tərəf kimi iştirak eləsin. O bildirib ki, “biz Rusiya ilə münasibətlərimizi yenidən qurmadan (rebuilding) Avropanı yenidən qura bilmərik. Əks təqdirdə, Rusiya digər güclərlə yaxınlaşacaq”. Bu yanaşmanın davamı olaraq, Fransa oktyabr ayında Rusiya ilə Aİ arasında münasibətləri normallaşdırmaq üçün xüsusi elçi təyin etdi. Parisin bu münasibətlərin normallaşması kontektsində önəmli cəhdlərindən biri də Ukrayna – Rusiya münaqişəsinin həlli istiqamətində göstərdiyi fəaliyyətdir. Dekabrın əvvəlində son üç ildə ilk dəfə olaraq Rusiya və Ukrayna liderlərinin sammitinin Parisdə təşkil olunması bu baxımdan önəmlidir.

  

Prezident Makron eyni zamanda Avropa İttifaqının son zamanlar böyük tənqidlərə tuş gələn genişlənmə strategiyası ilə bağlı da yeniliklər etmək niyyətindədir. Bu haqda ilk ciddi həmləni bu ilin oktyabr ayında keçirilən Aİ sammitində edən Fransa Prezidenti iki Balkan ölkəsinin (Şimali Makedoniya və Albaniyanın) İttifaqa üzvlük danışıqlarının başladılmasına qarşı çıxdı. Avropa Komissiyasının keçmiş Prezidenti Jean-Klaud Yunker (Jean-Claude Juncker) və Aİ Şurasının Prezidenti Donald Tusk bu qərarı “ciddi səhv” adlandırsa da, Paris öz mövqeyindən geri dönmədi. Fransa tərəfi mövcud şərtlərin genişlənmə üçün uyğun olmadığını və Aİ-nin daxili islahatlara fokuslanmalı olduğunu bildirdi, həmçinin genişlənmə üçün yeni metodologiyanın qəbul edilməsinə çağırdı. Noyabr ayında Aİ-də genişlənmə strategiyasında aparılmalı olan islahatlarla bağlı sənəd (non-paper) yayımlayan Fransa hesab edir ki, üzvlüyə dair danışıqlar prosesi “geriyə dönüşümlü” (reversible) olmalıdır. Belə ki, Parisə görə, üzvlüklə bağlı danışıqlarının başlanması heç də tərəfdaş ölkənin sonunda Aİ-yə üzv olacağı anlamına gəlməməli, əgər həmin ölkənin idarəetməsində Aİ dəyərlərinə zidd proseslər aşkarlanarsa, danışıqlar dayandırılmalıdır.

 

Beləliklə, Breksit və Almaniyadakı daxili siyasi çəkişmələr nəticəsində Avropa İttifaqında yaranan boşluqdan faydalanan Fransa Prezidenti Emmanuel Makron İttifaqı öz görüşlərinə uyğun olaraq formalaşdırmağa çalışır. Onun bu cəhdləri Aİ-nin təhlükəsizlik və xarici siyasətində nəzərəçarpan yeniliklərin yaranmasına səbəb olub. Onun istər Aİ-nin genişlənmə strategiyasına təklif etdiyi dəyişikliklər, istərsə də NATO ilə bağlı səsləndirdiyi fikirlər Aİ və NATO institutları tərəfindən birmənalı qarşılanmır və bəzi dairələrdə ciddi etirazla üzləşir. Bloombergə görə, bu institutlarda “bir çox rəsmilər” Makronu “təkəbbürlü, avtokrat və əməkdaşlığın daha yaxşı nəticələr verə biləcəyi təqdirdə, ondan yayınıb təkbaşına hərəkət edən” biri hesab edirlər. Bu qəbildən olan addımlardan biri də onun Qərbin son illərdə ciddi problemlər yaşadığı Rusiya ilə münasibətləri yenidən qurmağa çalışmasıdır. Xüsusilə Şərqi Avropa və Baltik ölkələrinə görə, Rusiya ilə mövcud şərtlərdə münasibətləri bərpa etmək Ukrayna böhranının nəticələrini Moskvanın legitimləşdirməsi ilə nəticələnəcək və bu, Rusiyaya məğlub olmaq deməkdir. Buna baxmayaraq, Qərbdə kifayət qədər siyasətçi və ekspert Makronun təkliflərinin regionda gərginliyin azaldılmasına və Çinlə bağlı siyasətdə Avropanın daha çevik xətt yürütməsinə şərait yaradacağına inanır. Bəzi ekspertlər hətta iddia edirlər ki, Prezident Makron Qərbdə aydın geosiyasi baxışı olan və qüvvələr balansını dəqiq qiymətləndirə bilən nadir siyasətçidir.

Vasif Hüseynov,

BMTM-in baş məsləhətçisi




Ana səhifəyə qayıt        Baxış: 723          Tarix: 30-01-2020, 06:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma