Xəbər lenti

  

İdlibdəki Türk ordusuna aid müşahidə postlarının artilleriya atəşinə tutulmasından sonra ölkə rəhbəri Rəcəb Tayib Ərdoğan sərt danışdı. O, Suriya ordusundan bunun qısasının alacağını bildirdi və Rusiyanı bu işə qarışmamağa çağırdı.

Bir çox müşahidəçilər bununla Türkiyə-Suriya arasında müharibənin başlayacağını iddia etsələr də, ABŞ mərkəzli “Al-Monitor” xəbər portalı tamamilə başqa mətləblərdən danışır. Portalın analitiki  Fehim Taştekin 3 gün öncə dərc olunan “Türkiyə İdlibdə dirənir, amma çarəsiz” sərlövhəli yazısında rəsmi Ankaranın əslində Rusiya və Suriya ilə İdlibdən çıxacağı ilə bağlı gizli anlaşdığını iddia edir. Onun fikrincə, İdlibdəki hərbi müşahidə postları sövdələşmə kartından başqa bir şey deyil.

Bugünkü gərginliyə işıq tutduğunu nəzərə alıb məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:

 

  

 

Soçi razılaşmasında götürdüyü öhdəliklərə baxmayaraq, özünü İdlib çevrəsindəki silahlı qrupların qalxanı kimi aparan Türkiyə Suriya ordusunun 28 yanvar tarixində Maaret əl-Numan qəsəbəsinə girməsiylə bir daha izahı çətin vəziyyətə düşdü. Morek və Surmandan sonra Maar Hattatdakı Türk müşahidə məntəqəsi də Suriya ordusunun mühasirəsində qaldı.

Ankara 12 müşahidə nöqtəsinə əsgər cəlb etmək əzmini qoruyur və Rusiyanın havadan dəstəklədiyi Suriya ordusunun irəliləməsini izləməklə kifayətlənir. Türkiyənin dəstəyinə bel bağlamış müxalif qüvvələr isə xəyal qırıqlığı yaşayır.

Bunun səbəbi həm müşahidə nöqtələrinin gözlənildiyi ölçüdə işə yaramaması, Türkiyənin Liviyaya döyüşçü daşıyaraq cəbhəni zəiflətməsi, həm də Ankaranın Moskva ilə razılaşaraq əməliyyata örtülü şəkildə razılıq verməsidir. Maaret əl-Numandan əvvəl yaşanan bir çox hərbi ekspadisiyalar da Ankaranın əməliyyatla əlaqədar Rusiya və Suriya ilə açıq şəkildə razılaşdığı qənaətini gücləndirir.

Təxminlərə görə, Suriya ordusunun İdlibdə son günlər sürətlə irəliləməsi Ankara ilə Moskva arasında razılaşma ilə əlaqədardır. Xarici və müdafiə nazirləri səviyyəsindəki təmaslardan başqa, prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə arasında 8 yanvarda baş tutan görüşü, Milli Kəşfiyyat Təşkilarının rəhbəri Hakan Fidan və Suriya Milli Təhlükəsizlik Bürosunun rəhbəri Əli Məmlukun Moskvada bir araya gəlməsiylə davam etdi.

  

Dəməşqdən Al-Monitor-la telefonla danışan bir Suriyalı bir mənbənin iddiasına görə, "Fidan-Mamluk görüşü Ərdoğan-Putin zirvəsini tamamlayırdı. Bu görüşlərdə İdlibdə əməliyyat üçün fikir birliyinə varıldı”.

Moskvadakı danışıqlardan sonra Türkiyə səlahiyyətliləri, Suriya Milli Ordusundan və Milli Qurtuluş Cəbhəsindən, Reyhanlı və Qaziantepdə müxaliflərin iki dam təşkilatı olan komandirləri topladı və Rusiya ilə danışıqlarda əldə olunan məqamları paylaşdılar. Bu görüşlərdə, Türkiyənin M-4 və M-5 otoyollarının açılması mövzusunda bir mexanizm tapmaq sözüylə Moskvadan 15 günlük bir atəşkəs sözü aldığı qeyd olunur. Yəni Türkiyə Astana razılığı çərçivəsində elan edilən dörd gərginlik bölgəsində artıq atəşkəs rejimini qoruya bilməyəcəyi mesajını verdi.

Putin və Ərdoğan arasında 17 sentyabr 2018-ci ildə Soçidə əldə olunan razılaşmada İdlib ətrafında bufer zonanın yaradılması, onlardan ağır silahların çəkilməsi, terror təşkilatlarının başqalarından ayrılması və ən əsası M-4 və M-5 avtomobil yollarının açılması nəzərdə tutulmuşdu. Müəyyənləşdirilən təqvim 31 Dekabr 2018-ci ildə tamamlandı, amma Türkiyə öhdəliklərini yerinə gətirə bilmədi.

Üstəlik, bu dövrdə terror təşkilatı kimi göstərilən Təhrir əl-Şam (HTŞ) və digər əl-Qaidəyə bağlı qruplar İdlibin 90 faizinə nəzarət edir. Maaret El Numanın İdlibdəki mövqeyi xüsusilə önəmli idi. HTŞ-yə qarşı çıxan müxalif qrupların ən güclü olduğu yer bu idi. 2018-ci ildə HTŞ bu yeri mühasirəyə almış, ancaq döyüş olmadan əldə edilən razılaşmaya əsasən, şəhərin idarəsi HTŞ-nin mülki uzantısı Qurtuluş hökumətinə verilmişdi.

 

İdilibdəki 4 gərginlik bölgəsindən 3-ü daha əvvəl müxalif cəbhənin (Əsədə qarşı döyüşənlər nəzərdə tutulur-Ovqat.com) yarılmasıyla onsuz da  rejimin əlinə keçmiş  və  bu ərazidə Türkiyənin aldığı 15 günlük möhlət əslində hər hansı anlam daşımırdı.

Yanvarın 9-da atəşkəs qərarından sonra Müdafiə naziri Hulusi Akar yanvarın 11-də Moskva ilə atəşkəsin tətbiqi ilə bağlı yeni razılıq əldə olunduğunu bəyan etdi. Bölgədən qaçanların Türkiyəyə yönəlməsini qarşısını almaq və hökumət qüvvələrinin nəzarətində olan bölgələrə keçidlərini təmin etmək üçün İdlib cənubunda Xamaya açılan Habit, şərqindəki Əbu El Zuhur və şimal-şərqində Hələbə bağlı Hazırda (Yer adıdır-Ovqat.com nəzarət nöqtələri quruldu.

Rusiyanın verdiyi möhlətin tamamlandığı gün yanvarın 24-də əməliyyatlar başladı, Suriya ordusu dörd gün ərzində 24 yeri ələ keçirdi. Yaşayış məntəqələrindən əlavə, Vadi əl-Deyf hərbi bazası da nəzarət altına alındı. Müxaliflərin mövqeyini gücləndirən Vadi El Deyf 2014-cü ildən Nusra Cəbhəsinin törəməsi HTŞ-nin nəzarətində idi.

  

Müxalifət mənbələrinin verdiyi məlumata görə, Suriya ordusu "yaxıb-yıxmaq" siyasətini davam etdirir. Bu, əməliyyatın önündəki əyləclərin səradan çıxdığımı göstərir. Bu əyləc, Rusiyanın Türkiyəni sakitləşdirmək və əməkdaşlıq içində tutmaq ehtiyacından qaynaqlanırdı.

 

Müxaliflər Maaret əl-Numanda şiddətli bir müqavimət göstərdiklərini söyləsələr də, bəzi mənbələr ordunun böyük müqavimətdən daha çox booby tələlərlə qarşılaşdıqlarını qeyd edirlər.

 

2012-ci ildə hökumətin idarəsindən çıxan Maaret əl-Numanın təkrar əl dəyişdirməsi bir neçə baxımdan əhəmiyyətlidir: Yalnız HTS deyil, Türkiyənin dəstəklədiyi bütün qruplar ən əhəmiyyətli qalalarını itirmiş oldular. Bu, Ərdoğanın Suriya planları üçün böyük itkidir. Digər tərəfdən, Suriya rəhbərliyi Hələbi Xama, Humus və Şam ilə birləşdirən M-5 avtomobil yolunu açmaq üçün irəlilədilər. İlk ciddi itki avqust ayında Xan Şeyhunun alınması ilə reallaşmışdı.

 

Sərakib, Maaret El Numanın ardınca Hələb istiqamətində gerçəkləşən ən əhəmiyyətli maneə M-5 və M-4-ün qovuşma nöqtəsidir. Hələbin cənub-qərbindəki Xan Tumanın Maaret əl-Numandan cəmi 24 saat sonra əl dəyişdirməsi, İdlibin tamamən müxaliflərdən təmizlənməsinin gözləniləndən daha sürətli olacağını göstərir.

 

Bəzi mənbələr, Suriya ordusunun Sərakibə yüklənmədən əvvəl Zaviyə dağından gələcək əks hücumlarının qarşısını almaq üçün Maaret əl-Numanın qərbindəki Kafr Nubl və Kafr Sacna kimi yerlərdə özünü gücləndirəcəyini təxmin edirlər.

  

Əməliyyatın bu cür davam edəcəyi təqdirdə Türkiyənin mühasirə altında qalan hərbi müşahidə nöqtələrinin sayı 6-ya çata bilər. Maaret əl-Numan əməliyyatı ilə paralel olaraq Suriya ordusunun Latakiyanın şimal-şərq hissəsində və İdlibin qərbindəki bəzi mövqelərə yüklənməsini həm müxalif cəbhənin diqqətini fərqli yerlərdə yayındırmaq, həm də M-4 avtomobil yolunun açılması üçün bir hazırlıq olaraq görmək olar. M-5-nin açılması Suriya rəhbərliyinin bölgədəki hərəkətliliyini artırır.

 

Digər tərəfdən, İdlibin qərbi ilə Latakiyanın dağlıq olması çətin bir döyüş vəd edir. Burada yeraltı tunellər və müdafiə xətləri qurulub və çox sayda təcrübəli xarici döyüşçü var.

 

Maaret əl-Numanın zəbt olunması qarşısında Türkiyə bir tərəfdən Rusiyaya xəbərdarlıq edərkən, digər tərəfdən Kafr Luseyndən Sərakibin cənubuna doğru 12-si zirehli 30 vasitədən ibarət hərbi güc göndərdi. Lakin bu hərbi ekspedisiyalar vəziyyəti dəyişdirə biləcək qədər geniş deyildi.

 

Siyasi bəyanatlar hər kritik zamanlarda olduğu kimi yenidən kəskinləşdi. Müdafiə Nazirliyi "Astana və Soçi razılaşmaları çərçivəsində fəaliyyət göstərən müşahidə məntəqələrimizi güzəştə yönəltmək üçün edilən hər bir cəhdə ən sərt cavab veriləcəkdir”, - bəyanatı ilə çıxış etdi. Ərdoğan, “Astana prosesi deyə bir şey qalmadı”. (...) Bu an etibarilə Rusiya, Astanaya da Soçiyə də sadiq deyil "deyərkən hücumların dayanmaması halında Türkiyənin lazım olanı edəcəyini bildirdi.

  

Bəs hərəkətə keçmək üçün daha nə lazımdır? Türkiyə nə edə bilər?

Bununla bağlı dəqiq bir strategiya yoxdur. Bir tərəfdən daxili ictimaiyyətə yönəldilən bu sözlər, digər tərəfdən Cenevrədə konstitusiya hazırlama danışıqları nəticəsi verməyincə Türkiyə İdlibdəki prosesləri ləngitməyə çalışır. Bir ssenariyə görə, Suriya ordusu, rusların məsləhətilə M-4 və M-5 magistral yollarını, hətta İdlibin mərkəzini ələ keçirdikdən sonra əməliyyatları dayandıra bilər.

Razılaşma sənədlərinə yanaşmayan faktorların gələcəyinin təyin ediləcəyi, ya da Cenevrə prosesin tamamlanacağı günə qədər Türkiyə sərhədlərinə bitişik yerlərdə etibarlı bölgə yaradıla bilər ki, Suriyadan qaçanları bu ərazidə yerləşdirmək mümkün olsun. Təhlükəsiz bölgə ssenarisi, Türkiyə səhrədlərində köç təzyiqinə çarə olaraq da görülür. Suriya İnsan Haqları Müşahidə Qrupu 1 dekabr 2019-cu ildən bəri İdlibdəki evlərini tərk etmiş 505 min insana yardım edir.

 

Əlbəttə, İdlibin gələcəyini Türkiyənin nəzarət etdiyi bölgələrdən ayrı tutmaq mümkün deyil. Artıq M-4 və M-5 avtomobil yollarındakı təmizlənmə əməliyyatlarına mane ola bilməsə də, Ərdoğan Suriyadakı hərbi müşahidə nöqtələrini sövdələşmə kartı kimi əlində saxlamaq istəyir.




Ana səhifəyə qayıt        Baxış: 3 741          Tarix: 3-02-2020, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma