Xəbər lenti

  

Dəfələrlə müxtəlif yazılarımızda şiə aləmində iki fərqli məktəbin olduğunu vurğulamış və bunlar arasında soyuq müharibə getdiyini bildirmişdik. Bu gün artıq bu soyuq müharibə qanlı toqquşmaya çevrilib.

Ovqat.com-un məlumatına görə, toqquşma Nəcəf şəhərində baş verib.

 

Bildirilir ki, İraqın cənubunda yerləşən və şiəliyin daha sekulyar qanadı sayılan Nəcəf məktəbinin mərkəzi şəhərində nümayişçilərlə Müqtəda əs-Sədr tərəfdarları arasında küçə davası başlayıb. İnsidentə Nəcəf sakinlərinin korrupsiya, işsizlik, sosial həyat şərtlərinin yaxşılaşdırlması və rüşvətxorluğa qarşı etirazları səbəb olub. Nümayişçilərin hökumətə istefa tələblərinin səsləndirildiyi aksiyaya Müqtəda əs-Sədr tərəfdarları hücum edib. Açılan atəş nəticəsində 8 nəfərin öldürüldüyü, xeyli sayda insanın yaralandığı iddia olunur.

 

 

Qeyd edək ki, bir zamanlar korrupsiyaya qarşı mübarizə aksiyalarına rəhbərlik edən Müqtəda əs-Sədrin seçki bloku 2018-ci ildə keçirilən seçkilərdə ən çox deputat yeri qazanmasına  baxmayaraq, hökumət qura bilməmişdi. Bunun səbəbi isə İranın ona dəstək verməməsi idi. İraqda hardasa bir il davam edən hökumət böhranından sonra Nəcəf məktəbinin lideri Ayətullah Sistani hökumət quruculuğu üçün yeni ünvan göstərmiş və ən az səs toplamasına baxmayaraq, Adil Əbdülmehdinin liderliyində qurulan yeni hökumətin ömrü çox sürməmişdi. Sistaninin təsiri altında olan Adil Əbdülmehdinin ABŞ-ın da təzyiqi ilə bəzi Həşdi Şabi liderlərini, o cümlədən Qasim Süleymani ilə bərabər öldürülən əl-Mühəndisi işdən azad etməsi böyük qalmaqala səbəb olmuşdu. Nəticədə istefaya getdiyini açıqlasa da, yeni hökumət qurulana qədər vəzifəsini indi də davam etdirən A.Əbdülmehdinin bu addımından qısa müddət sonra Qasim Süleymani sui-qəsdi gerçəkləşmişdi. ABŞ-ın Qasim Süleymaniylə yanaşı əl-Mühəndisi də öldürməsi hərbi əməliyyatın əsas hədəflərinin təkcə Qüds gücü komandanı olmadığını təsdiqləyir.

  

Xüsusilə əl-Mühəndisin öldürülməsindən sonra Həşdi-Şabiyə kimin rəhbərlik etməsi gündəmə gəldiyi bir zamanda Müqtəda əs-Sədrin İrana yollanması və geri qayıdan kimi “Milyonların yürüşü” adlı nümayiş keçirməsi Sədr hərəkatı liderinin rəsmi Tehrandan xeyir-dua aldığını göstərir. Halbuki, 2018-ci ildə İran rəsmiləri Müqtəda əs-Sədrin hökumət qurmasına dəstək verməyəcəklərini açıq  şəkildə bəyan etmişdilər. “Milyonların yürüşü”ndə çıxış edən Müqtəda əs-Sədr ABŞ əsgərləri İraqdan çıxanadək nümayişi davam etdirəcəyini açıqlamışdı.

 

İraq xalqını isə təkcə ABŞ-İran arasında hesablaşma poliqonuna çevrilmək təhlükəsi narahat etmir. İranın dəstəyi ilə hakimiyyətə gətirilən və çox ciddi korrupsiyaya bulaşan hökumətlərin yürütdüyü siyasətlər də sadə xalq kütləsini boğaza yığıb. Nədən ki, ölkənin bütün varidatı sonu görünməyən müharibələrə xərclənir, bəzən Yaxın Şərqin digər ölkələrində İranın hesablaşmalarına Həşdi Şabi döyüşçüləri də qatılırlar. Bu gün işsizliyin baş alıb getdiyi İraqda gənclər üçün ən asan tapılan iş Həşdi Şabiyə qoşulmaq və sonu ölümlə nəticələnən müharibələrdə muzdlu əsgər kimi döyüşməkdir. Üstəlik, bütün bunlar İraqın neftdən əldə etdiyi öz puluyla həyata keçirilir. İran tərəfindən dəstəklənərək hakimiyyətə gətirilən Nuri əl-Maliki hökumətinin təkcə 600 milyard dolları yox etdiyi güman olunur. Bu cür ağır talançılıq altında əzilən İraq əhalisinin korrupsioner rejimə qarşı ayaqlanması isə Həşdi Şabi birlikləri tərəfindən silah gücünə yatırılır.

   

İraqda 2019-cu ilin oktyabrından indiyədək davam edən “talançılığa son” aksiyalarının gedişatında 100-lərlə insanın öldürüldüyü iddia olunur. Ölkə prezidentinin sözlərinə görə, toqquşmalar və qarışıqlıqlarla müşayiət edilən etiraz aksiyaları nəticəsində 600-dən çox insan həlak olub, təxminən 50 min nəfər xəsarət alıb. Bu, 2003-cü ildə sabiq dövlət başçısı Səddam Hüseynin devrilməsindən sonra İraqda ən genişmiqyaslı etiraz aksiyalarıdır və qanlı hesablaşmaların nə zaman bitəcəyi də bəlli deyil. Belə bir zamanda İraqın ən müqəddəs şəhəri sayılan Nəcəfdə də etirazçıların qanının axıdılması ölkədə birmənalı qarşılanmayacaq. Çünki Nəcəf Ayətullah Sistaninin ofisinin yerləşdiyi şəhərdir və təkcə İraqda deyil, bütün şiə dünyasında böyük ehtiramla qarşılanan, təqlid mərcii sayılan bu dini liderin aksiyaçılara zaman-zaman dəstək verməsi də sirr deyil. Ümumiyyətlə, İranda doğulmasına baxmayaraq, İraqın suverenliyinə böyük əhəmiyyət verən, lakonik və kifayət qədər konkret mesajları ilə Qumun bəzi fitvalarına qarşı çıxan Sistaninin bu mövqeyi İran tərəfindən də birmənalı qarşılanmır, amma böyük ayətullah-üzma olması rəsmi Tehranı ona qarşı ehtiyatla davranmağa məcbur edir. Zira, şiə inanışına görə, ayətullah-üzmalar mühakimə oluna bilməzlər.

 

İranın son zamanlar üzərində dayandığı Müqtəda əs-Sədrin isə Sistani ilə ixtilafının qədim keçmişi var. Bu ixtilaf hələ onun əmisi və qaynatası olan Məhəmməd Bağır əs-Sədrdən başlayıb, atası Məhəmməd Sadıq əs-Sədrlə davam edib. Hər iki şiə lideri Nəcəfin ən nüfuzlu din xadimlərindən sayılıb və hər ikisi də Səddam Hüseyn tərəfindən qətlə yetirilib. 1991-ci ildə şiə aləminin böyük alimi ayətullah-üzma Seyid Əbülqasim Xoyi vəfat etdikdən sonra Nəcəf elmi hövzəsinə rəhbərlik etməyə başlayan Məhəmməd Sadıq əs-Sədr kəfənlə gəzməsilə tanınıb. 1999-cu ildə onun və iki oğlunun sui-qəsdlə öldürülməsindən sonra Nəcəf elmi hövzəsinə rəhbərlik Ayətullah Sistaniyə keçmişdir. Sistani isə səssiz mübarizə xətti seçmiş, hətta Səddam Hüseyn hakimiyyətdən devrilənə qədər 4 il evindən kənara çıxmamışdır. Bu da sözsüz ki, əyninə kəfən geyib islami təbliğatla məşğul olan Məhəmməd Sadiqin oğlu Müqtəda əs-Sədr tərəfindən həzm edilə bilməzdi. Zaman-zaman Sistaninin bu səssiz mübarizəsinə qarşı çıxan Müqtəda əs-Sədrin onun postuna iddiası da yox deyil.

 

 

İrandan aldığı dəstək də Müqtəda əs-Sədrinə bu arzularını reallaşdırmağa kömək edə bilər. Üstəlik, 90 yaşını haqlayan Sistaninin səhhətində də problemlər var. Bu yaxınlarda İran dini lideri Ayətullah Xameneinin öz həmkarı Sistaniyə yazdığı məktubunda ayağının sındığına görə ona təskinlik verməsi də bu ehtimalı gücləndirir. Belə bir zamanda həm hökumət qurmaq, həm də Nəcəf məktəbinin başına keçmək fürsəti yaxalayan əs-Sədr tərəfdarlarının Nəcəfdəki etirazçılara sərt davranması təəccüblü görünmür. Müqtəda əs-Sədrin populist çıxışları da onun şansını artırır. Amma Sistani də hər halda asan yemlərdən deyil. Onun nadir hallarda verdiyi fitvaları təkcə İraqda deyil, bütün şiə dünyasında ciddi nəticələr doğura bilər. Təsadüfi deyil ki, ABŞ İraqı işğal etdiyi dövrlərdə xalq arasında yarızarafat-yarıciddi söylənən məşhur bir fikir vardı: “İraqın iki ayətullahı var – biri Corc Buş, digəri Sistani. Ayətullah Sistani “ayətullah” Buşdan daha demokratik və sekulyar liderdir”.

Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 111          Tarix: 6-02-2020, 03:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma