9 fevral seçkiləri geridə qaldı. Bir çoxları “özünü buraxmış parlamentin” tərkibinin tamamilə dəyişəcəyi həvəsinə düşdüklərindən, özlərini və yaxud yaxınlarını boşalan postlarda hiss etdiklərindən gözlədiyi nəticələrlə qarşılaşmayıb xəyal qırıqlığı yaşasalar da, əslində MM-in tərkibində çox ciddi dəyişikliklər oldu. Sözsüz ki, bu dəyişikliklər hələ parlament seçkilərinin ədalətli və demokratik keçirilməsi anlamına gəlmir və buna qiymət vermək də bizim vəzifəmiz deyil. Biz daha çox bir siyasi təhlilçi olaraq, Azərbaycan reallıqlarını unutmadan, MM-nin tərkibində aparılan “kadr islahatlarının” nə anlama gəldiyi və nələr vəd etdiyi üzərində dayanmaq istəyirik.
İlk əvvəl onu vurğulamaq yerinə düşərdi ki, bir çox qapıdan qovulanların, seçici qınağıyla üzləşənlərin deputat mandatıyla mükafatlandırılmasına baxmayaraq, MSK-nın elan etdiyi ilkin nəticələr Azərbaycanın ciddi siyasi dəyişikliklər astanasında olduğunu göstərir. O başqa məsələdir ki, bu dəyişiklikləri demokratik inkişaf adlandırmaq xeyli mübahisəlidir və seçkilərin nəticəsi daha çox hakimiyyətdaxili hesablaşmaların təzahürü kimi özünü büruzə verir.
Bəs yeni parlamentin tərkibində hansı dəyişikliklər baş verib?
İlkin nəticələrin təhlili onu deməyə əsas verir ki, MM-in tərkibində ən azı 43 deputat dəyişikliyi olub. Bir neçə dairənin nəticələri hələ açıqlanmağından bu sayın artacağı da istisna deyil. Parlamentdəki son “kadr dəyişiklikləri”ni isə əsasən 3 yerə ayırmaq mümkündür.
- Məşhur Saatlı-Sabirabad icra başçılarının yer dəyişdirməsinə bənzəyən “kadr islahatı”
Yeni tərkibdə bu tipli dəyişiklik 7 seçki dairəsində qeydə alınıb. Yerdəyişmə “islahatı” nəticəsində iki sabiq deputat Milli Məclisdən kənarda saxlanılıb. Bunlardan biri Kamran Telman oğlu Nəbizadə, digəri isə Araz Əlizadədir. Təqdim edəcəyimiz siyahıda bu dəyişikliklər qırmızı hərflərlə göstəriləcək;
- Məcburi dəyişikliklər
Bəzi deputatların ölümü, bəzilərinin isə icra strukrurlarında başqa işə təyin olunması nəticəsində onlar digər alternativlərlə əvəz olunublar. Belə dəyişiklik 6 seçki məntəqəsində qeydə alınıb. Aşağıdakı siyahıda onlar yaşıl çərçivədə veriləcək;
- Tamamilə mandatdan məhrum olunanlar
Son seçkilərdə ən çox bu tipli dəyişikliklərlə qarşılaşırıq. Parlamentdən qovulan deputatların yerinə təyin olunanların kimliyi isə xeyli maraqlıdır. Onlardan bəzilərinin Heydər Əliyev Fonduyla, beynəlxalq idman yarışlarıyla və ya bank sistemi ilə birbaşa əlaqəsi şübhə doğurmur. Nəzərə alsaq ki, keçmiş heyətdə də bu qurumlara bağlı kifayət qədər deputatlar var idi, ortaya bu nəticə çıxır: yeni parlamentdə Heydər Əliyev Fondu öz çəkisini artıracaq və lazımi "hüquqi islahatlar" apara biləcək.
“Köhnə qvardiya”dan bəziləri bu dəfə də öz mandatlarını qoruya bilsələr də onların təsiri o qədər güclü olmayacaq. Nədən ki, onlar sayısal üstünlüklərini itirdikləri kimi, seçki prosesindən tam əzilərək çıxdılar. Bəziləri hətta açıq şəkildə seçki dairələrindən qovuldu, bəziləri seçicilərin ağır təhqirlərinə məruz qaldılar. Bununla da həmin “köhnə qvardiyaçı”lara hədləri göstərilmiş oldu. Sabah yeni komandanın qarşısında köhnə vərdişlərini yada salmaq istəsələr, qarşılarına necə seçildiklərinə dair video-həqiqətlər qoyulacaq. Yenə də bir şey anlamasalar, təbii ki, seçicilərin saxta yolla deputat mandatı almış şəxsləri geri çağırmaq hüququ “doğacaq”. Bu cür mürəkkəb psixoloji şəraitlə üz-üzə qalan və onsuz da hər an başqa bayrağın altına keçməyə hazır vəziyyətdə gözləyən Hadi Rəcəbli, Kəmaləddin Qafarov, Elman Nəsirov və s. kimi şəxslərin dirəniş gücü də qalmayacaq.
Bir sözlə, 9 fevral seçkiləri Azərbaycan siyasi tarixinə yeni “era”ya keçid mərhələsinin başlanğıcı kimi düşəcək. Bu keçid mərhələsini ərsəyə gətirən MM-də “kadr islahatları” siyahısını təqdim edirik:
- Quliyev Cəbi (YAP) – Qüdrət Həsənquliyev
(Quliyev Cəbi yeni vəkillərdəndir və onun barəsində hələ ki, heç bir informasiyaya malik deyilik. Qüdrət Həsənquliyev isə son illər Naxçıvan Ali Məclisinin sədrinin qəzəbinə gəldiyindən namizədliyini Bakıdan verməli oldu və mandat qazana bildi).
- Mixail Zabelin - Xasiyeva Səbinə
(34-cü dairədən Araz Əlizadənin yerinə “seçilən” Mixail Zabelinin xələfi Xasiyeva Səbinə barədə məlumat əldə edə bilmədik).
- Soltan Məmmədov – Mehriban Əliyeva
(Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü olan Soltan Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentində çalışır. Hazırda Beynəlxalq Təşkilatlarla Əlaqələr Departamentinin rəisidir. Əvvəlki deputat Mehriban Əliyeva indi I vitse-prezident vəzifəsini icra etdiyindən bu yer baş qalmışdı).
- Elkin Qədirli - Aytən İnqilab qızı Mustafazadə
(ReAL İdarə Heyətinin üzvü).
- Könül Nurullayeva - Rövnəq İbrahim oğlu Abdullayev
(Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin "İdmanda Gender Bərabərliyi" Komissiyasının üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi. Könül xanımın sələfinin isə qanunən, deputat seçilmək hüququ olmasa da, o, uzun illər boyu MM-in dəyişilməyən simalarından biri kimi tanınıb).
- Əliabbas Salahzadə - Dilarə Məmmədağa qızı Cəbrayılova
(Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən icra hakimiyyətinin İctimai-
siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib)
29. Nigar Arpadarai - Şəmsəddin Hümmət oğlu Hacıyev
(Formula 1 yarışını təşkil edəcək Baku Grand Prix şirkətinin Milli Mətbuat Katibi və Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri. Əvəz etdiyi adam isə iqtisad elmlər doktoru, İqtisad Universitetinin keçmiş rektoru)
31 Etibar Əliyev – Fərəc Quliyev
(Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi. O, bu mandatı seçkilərə bir neçə gün qalmış bağışlanmaz səhviylə özünü yandıran sələfinə borcludur)
- Afət Həsənova - Ağacan Qulam oğlu Abıyev
(Azərbaycan Dövlət İqtisad Universitetinin “Ekonometrika” kafedrasının baş müəllimi, iqtisad elmlər namizədi)
- Mixail Zabelin - Araz Məmməd Mübariz oğlu Əlizadə
(Mixail Zabelin 12-ci seçki dairəsindən mandatlanıb. Araz Əlizadə isə özünü yaxşı aparmadığına görə Milli Məclisin qapılarını öz üzünə bağlayıb)
- Qüdrət Həsənquliyev – Səməd Seyidov
(Səməd Seyidov bundan sonra Qazax camaatını təmsil edəcək. Onları da Azərbaycanı Avropa Şurasındakı kimi təmsil etmək eşqinə düşsə, vay, qovulmağa yeri qalmayacaq)
- Müşfiq Cəfərov - Xanlar Nuru oğlu Fətiyev
(Beynəlxalq dərəcəli idman ustası, SSRİ çempionu, cüdoçu, SSRİ Xalqlarının Spartakiadasının çempionu, Cüdo üzrə 2 qat dünya çempionu)
- Hicran Hüseynova - Mirzəcan Mirzəmməd oğlu Xəlilov
(Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor).
- Emin Hacıyev - Muxtar Bahadur oğlu Babayev (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri).
(2007-ci ildən Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşı, 2009-2020-ci illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibi vəzifəsində çalışmışdır).
- İltizam Yusifov - Rafael Kamil oğlu Cəbrayılov
(“Shirvan Operating Company ltd” şirkətində Vitse-Prezidentidir. Texnika üzrə fəlsəfə doktorudur).
- Şahin Seyidzadə - Zeynəb Xanlarova
(Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İB tərəfindən elan olunan "Sosial layihələr" müsabiqəsinin rəhbəri)
- Anatoliy Rafailov – Yevda Abramov (1948-2019)
(Dağ yəhudilərinin namizədi)
- Sadiq Qurbanov - Tahir Süleyman oğlu Süleymanov
(YAP-ın ilk üzvlərindən biri, SOCAR-da işləyir)
- Sevil Mikayılova - İlham Əlisəftər oğlu Əliyev
(Trend İnformasiya Agentliyi, rəsmi səfərləri işıqlandırır)
- Əminə Ağazadə - Müslüm Mürsəl oğlu Məmmədov
(AMEA Ġnformasiya Texnologiyaları İnstitutu)
- Jalə Əhmədova - Əliağa İzzət oğlu Hüseynov
(Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünası)
- Sabir Rüstəmxanlı - Arif Qafar oğlu Rəhimzadə
(Zənnimizcə, xüsusi təqdimata ehtiyac yoxdur)
- Əziz Ələkbərov - Əflatun Əhməd oğlu Amaşov
(Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı)
- Kamal Cəfərov - Elçin Bəybala oğlu Quliyev
(Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyinin Rəhbəri)
- Ramin Məmmədov - Rüstəm Gülabba oğlu Xəlilov
(Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini, Ramin Məmmədovun barəsində mediada xeyli kompromatlar dərc olunub. https://yenixeber.org/manset/87447-deputatliga-namized-ramin-memmedovun-adi-100-min-manatliq-deleduzluq-isinde-hallanir-.html)
- Bəhruz Məhərrəmov – Xanhüseyn Kazımlı
(Yeni deputatın özü haqqında verdiyi məlumat: “Bakı Dövlət Universitetinin hüquq fakültəsində müəlliməm, hüquq üzrə fəlsəfə doktoru, dossent, alimlik dərəcə və adım var. Hazırda hüquq üzrə elmlər doktoru proqramı üzrə dissertasiya üzərində işləyirəm. Həmçinin Vəklillər Kollegiyasının üzvüyəm, “PAŞA Sığorta” ASC-nin Hüquq Xidmətinin rəhbəriyəm”).
- Elman Nəsirov - Mirkazım Məhəmməd oğlu Kazımov
(89 saylı Göyçay – Ağdaş seçki dairəsindən keçmiş deputat. Məşhur səngər açıqlamasının müəllifi. Özünü beynəlxalq hüququn ən yaxşı bilicisi adlandırsa da, seçkiqabağı polemikalarda məhz öz sahəsində ADP sədri Sərdar Cəlaloğlu qarşısında küllü-küfan olmuşdu).
- Məşhur Məmmədov - Nəriman Əlibaba oğlu Əliyev
(“Embawood’ şirkətinin həmtəsisçisi. Məşhur müəllim həm də Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verməklə məşhurdur. İddialara görə, o, 2012-ci ildə əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürübmüş. Onun indi deputat seçilməsində Vaşinqtonun nə qədər rolu olub, deyə bilmərik).
- Anar İsgəndərov - Elmira Hüseyn qızı Axundova
(Yeni deputat 1984-cü ildən BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında çalışır. 1999 cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasına müdir seçilmişdir. Dəfələrlə ölkə başçısı tərəfindən müxtəlif dövlət mükafatlarına layiq görülüb).
- Vüqar Bayramov - Bahar Əvəz qızı Muradova
(Tanınmış iqtisadçı ekspert)
- Tamam Cəfərova - Elxan Sirac oğlu Süleymanov
(Tarix elmləri namizədi, dosent, 2004-cü ildə ABŞ-ın Konsensus Quruculuğu İnstitutunun "Konfliktologiya və danışıqaparma bacarıqları" adlı kursunu bitirib.)
- Məzahir Əfəndiyev - Elman Xudam oğlu Nəsirov
(1999–cu ildən 2019–cu ilə kimi BMT Azərbaycan ofisinin alt strukturlarında müxtəlif vəzifələrdə çalışmışdır.)
- - Ramil Həsən - Hüseynov Vüsal Əfqan oğlu (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi)
(Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi, "İdman Bütövlüyü üzrə Qlobal Alyans"ın vitse-prezidenti)
- Fatma Yıldırım - Gövhər Baxşəli qızı Baxşəliyeva (keçmiş deputat)
(Hazırda YAP Nəsimi rayon təşkilatının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavinidir. Komitə daxilində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədridir)
- Anar Məmmədov - Mahir Məhəmmədəli oğlu Aslanov
(AAYD Agentliyində (Azəravtoyol) Avtonəqliyyat şöbəsinin rəisi)
- Nurlan Həsənov - Sona Əliyeva (aktrisa)
(Barəsində təfsilatlı məlumat yoxdur. Bircə o bəllidir ki, Almaniya Federativ Respublikası Bremen Universitetinin hüquq elmləri üzrə doktoranturasını bitib. Avropa Şurasının Şərq siyasəti ilə əlaqədar araşdırmalar yazıb)
- Elşad Mirbəşiroğlu - Rövşən Şükür oğlu Rzayev (Azərbaycanın milli qəhrəmanı)
(Siyasi elmlər doktoru. Sələfi Rövşən Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunduğundan onu əvəz edir)
- Nizami Səfərov - Valeh Feyruz oğlu Ələsgərov
(Milli Məclis aparatında inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri-?)
- Arzu Nağıyev - Rafiq Musa oğlu Məmmədhəsənov
(Trend İnformasiya Agentliyində Baş direktorun korporativ inkişaf üzrə müavini, Qarabağ müharibəsi veteranı, politoloq).
- Seyidov Səməd - Kamran Telman oğlu Nəbizadə
(Səməd Seyidovu təqdim etməyə lüzum görmürük).
- Vüqar İsgəndərov - Yaqub Mikayıl oğlu Mahmudov (Məşhur tarixçi alim)
(Karate-do üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisidir. Fəaliyyətlərinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin və Şəki şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunmuşdur. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıdır. O, “Liderlik” və “Vaxtın idarə olunması” proqramları üzrə təlimçi olmuşdur).
- Ceyhun Məmmədov - Astan Nuşrəvan oğlu Şahverdiyev (1948—2018)
(Azərbaycan İlahiyyat İnstitutunun rektoru. Qanunvericiliyə görə, rektorlar deputat mandatı daşıya bilməyəcəyindən, yəqin ki, Ceyhun Məmmədov bu iki vəzifədən birini seçməli olacaq).
- Tural Gəncəliyev - Flora Qasım qızı Qasımova
(XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri).
Bir sözlə, yeni "era"ya bu heyətlə qədəm qoyuruq. Azərbaycan xalqı üçün xeyirli-uğurlu olsun.
Heydər Oğuz
Ovqat.com
Paylaş: