Xəbər lenti
Dünən, 19:25

 

“Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb”.

Azpost.info bildirir ki, bu barədə Azərbaycandakı seçkini müşahidə edən beynəlxalq missiya belə nəticəyə gəlib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Aasmbleyası və Avropa Şurası Parlament Assambleyasının birgə bəyanatında deyilir ki, namizədlər çox olsa da, real siyasi müzakirənin olmamasına görə seçicilər nəticə yönümlü seçim edə bilməyiblər. “Çox təəssüf edirəm ki, əldə edilə biləcək irəliləyişlər həqiqi demokratik seçkilərə imkan yaradan rəqabət mühiti ilə nəticələnmədi. Seçki günü səslərin sayılması məyusedici oldu. Bəzi real dəyişikliklərə ümid edirdim. Ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının ciddi işıqlndırılmaması, ictimaiyyətdə və televiziyada debatın olmaması cəmiyyətin seçkilərə diqqətinin az olmasının səbəblərindən biridir”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi Artur Gerasimov bildirib.

O deyib ki, bu seçkidə bir sıra perspektivli namizədlərə iştirak imkanı yaradılmayıb. Səsvermə günü məntəqələrin 70 faizindən çoxunda pozuntu qeydə aldıqlarını vurğulayan koordinatorun sözlərinə görə, səslərin sayılması məntəqələrin yarısından çoxunda ciddi pozuntularla müşayiət olunub. A.Gerasimov Azərbaycanda seçicilərin sayı ilə bağlı Dövlət statistika Komitəsilə MSK-nın rəqəmləri arasındakı ziddiyyətə də diqqət yetirib. Bildirib ki, bu qurumların təqdim etdiyi rəqəmlər arasında 2 milyona qədər fərq var. Bu da seçki sistemilə bağlı şübhələr yaradır.

AŞPA nümayəndə heyətinin rəhbəri Frank Schwabe REAL sədri İlqar Məmmədov və bir sıra başqa namizədlər haqqında Avropa Məhkəməsinin qərarlarının icra olunmaması və onların namizəd olmaq hüququnun məhdudlaşdırılmasından danışıb. Onun sözlərinə görə, bir sıra hallarda isə namizədə iştirak imkanı yaradılsa da, qalib gəlmək imkanı verilməyib.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Elona Hoxha Gjebrea qadın namizədlərin az olduğunu söyləyib. Yada salıb ki, Azərbaycanda nazirlərin heç biri qadın deyil: “Namizədlərin cəmi 21 faizi qadın idi. Azərbaycanın siyasi həyatında qadınların rolu çox aşağıdır”.




Ana səhifəyə qayıt        Baxış: 707          Tarix: 10-02-2020, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma