Xəbər lenti

 

Azərbaycanın tanınmış iş adamlarından Mürvət Həsənliylə söhbətimizdə quşçuluq sektorunun qarşısında dayanan problemlərdən tutmuş, ölkəmizin ərzaq təhlükəsizliyi strategiyasına, gömrük siyasətinə və kənd təsərrüfatının inkişaf perspektivlərinə qədər bir çox məsələri masaya yatırdıq. Açığını desəm, mən iş adamının dediklərini dövlətimizin təhlükəsizliyi baxımından ciddi SOS siqnalı kimi başa düşdüm.

Mürvət Həsənlinin Ovqat.com-a müsahibəsini təqdim edirik:

-Mürvət müəllim, fərqindəsinizmi, siz olduqca ciddi bir iddia irəli sürürsünüz. Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasının erməni təxribatıyla qarşı-qarşıya qaldığını iddia edirsiniz. Əlinizdə bunu sübut edəcək konkret faktlar mövcuddurmu?

-Əlbəttə, mövcuddur. Azərbaycana uzun illərdən bəri damazlıq yumurta idxal edən şirkət “Emre Piliç Gida Sənaye və Ticarət Limited” olub. 2008-ci ildən son iki ilə qədər həmin şirkətin burdakı bütün fəaliyyəti mənim gözümün qabağında baş verib. Demək olar ki, həmin şirkət hansı təsərrüfata nə qədər yumurta satıb,  nə qədər vəsaiti vergi və gömrük orqanlarından yayındırıb, hamısını bilirəm. Sonradan “Emre Piliç”in 60 faiz erməni ortaqlığını eşidib onlarla əlaqəmi kəsdim. Bilirsiniz ki, bu gün mənə qarşı iddialarla çıxış edən Ömür Oral həmin şirkətin 3 ortağından biridir. Digər iki ortaq Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyandır. Bu iki erməninin hər biri şirkətdə 30%-lik səhmə malikdirlər. Yəni faktiki olaraq şirkətin 60%-i ermənilərə məxsusdur. 

 “Emre Piliç”in erməni şirkəti olduğu faktı ortaya çıxandan sonra Azərbaycandakı quşçuluq təsərrüfatları onunla əməkdaşlıqdan imtina etdilər. Şirkət isə öz bazarını əldən buraxmaq istəmədiyi üçün müəyyən tədbirlərə əl atdı. Başlıca tədbir adını gizlətmək oldu. “Emre Piliç”in ortaqları rəsmi səhmdarları arasında həmin ermənlərin adı göstərilməyən yeni şirkətlər qurdular– “Orallar” və “Qaranti” adı altında. Bir müddət də Azərbaycana bu yeni adlar altında damazlıq yumurta satdılar. Sonradan bu əməlləri ifşa olununca, növbəti fırıldağa əl atdılar. Bu səfər Azərbaycana məhsullarını “Demir Hayvançılık” şirkəti vasitəsilə ixrac etməyə başladılar.

“Demir Hayvançılık” 2010-cu ildə Bursada yaranıb. İlk fəaliyyət sahəsi Qurban bayramlarında heyvan kəsmək olub. Daha sonra digər qida sektoruna da yönələn şirkətin qısa zaman ərzində Azərbaycan bazarına çıxa bilməsinin sirri “Emre Piliç”in ortaqlarının öz fəaliyyətlərini, işgüzar münasbətlərini ona transfer etməsi, daha doğrusu, bu törəmə qurum üzərindən davam etdirməsi ilə bağlıdır. Təsadüfi deyil ki, “Emre Piliç”in törəmə quruluşlarından biri olan “Garanti Piliç”in iki ortağından biri, 50%-lik səhmdarı Melih adlı şəxs həm də “Demir Hayvançılık”ın sahibidir. Melihin “Demir Hayvançılık”dakı digər ortağı isə öz atasıdır. Yəni faktiki olaraq bu şirkət “Emre Piliç”in  törəmə quruluşu olan “Garanti Piliç”ə bağlıdır...

 

-Bir növ, törəmə şirkətin törəməsi...

-Bəli, eynilə o cürdür. Hazırda Azərbaycana damazlıq yumurta ixrac edən əsas şirkət Demir Hayvançılık”dır. Faktiki olaraq bu gün də Azərbaycanın quşçuluq sektoru erməni sərmayəsindən asılı vəziyyətdədir və onlar yerli təsərrüfatları çökdürmək üçün hər cür vasitələrə əl atırlar. Əsasən də qiymətləri maya dəyərindən aşağı salaraq bizim inkişafımıza mane olurlar. Halbuki, Azərbaycan hakimiyyəti ölkənin bu böhranlı vəziyyətində ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli təsərrüfatların yaranmasına 120 milyon dollarlıq kerditlər ayırıb və həmin təsərrüfatları vergidən azad edib. Erməni şirkətinin törəmələri isə dempinq siyasətilə bu strateji planın qarşısını alırlar. Nəticədə ölkəmizdə damazlıq yumurta istehsal edən təsərrüfatların anbarlarında 500-600 min, bəzilərində isə milyon ədədə yaxın məhsul satılmadan qalır, öz alıcısını gözləyə-gözləyə xarab olur...

-Və bizim yerli quşçuluq təsərrüfatlarımız Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasına qarşı yönəlmiş dempinq siyasətində xarici qurumlarla əməkdaşlıq edirlər. Niyə bu təhlükəni vaxtında görmürlər? Axı sabah bu əməkdaşlığın ən böyük zərərini onların özləri yaşaya bilərlər.  

-Bilirsinizmi, iqtisadi münasibətlərdə hər şeyi tənzimləyən amil məhsulun qiymətidir. Kim məhsulu ucuz verirsə, alıcı istər-istəməz həmin tərəfə yönəlir. Xarici şirkətlər isə öz dövlətlərindən aldığı subsidiyalarla qiyməti maya dəyərindən aşağı salırlar. Biz isə bunu edə bilmirik.

-Adətən, dövlətlərin gömrük siyasəti bu cür halların qarşısını almağa hesablanır. Məsələn, özündə istehsal olunan məhsulun xaricdən gətirilməsinə yüksək gömrük rüsumları tətbiq olunur. Nəticədə xaricdən idxal olunan malların maya dəyəri artır və yerli məhsullar bazarda daha ucuz qiymətə satılır. Azərbaycan hakimiyyəti bu təcrübəni niyə tətbiq etmir?

-Əslində tətbiq edir.  Milli Məclis tərəfindən 31 may 2016-cı il tarixində qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən imzalanmış “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası Qanunu” məhz belə halların qarşısını almaq üçün hazırlanıb. Bu qanuna uyğun olaraq Milli Məclis 01.02.2017-ci il tarixində ““Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” əlavə qanun qəbul edib. Hazırda gömrük  rüsumları bu qanunlarla tənzimlənir. Amma nə yazıq ki, bu qanunların icrası arzuolunan nəticəni vermir. Bunun iki başlıca səbəbi var. Səbəblərdən biri xarici damazlıq yumurta ixrac edən şirkətlərin gömrük sənədlərində saxtakarlığa yol verərək, qiymətləri həqiqi dəyərindən ucuz göstərmələridir. Digəri isə gömrüklərdə damazlıq yumurtalara sadəcə 18% ƏDV vergisi tətbiq olunmasıdır. Biz - yerli damazlıq yumurta istehsal edən təsərrüfatlar ƏDV ilə yanaşı 15%-lik gömrük rüsumunun da tətbiq olunmasını vacib hesab edirik.

 

“3-4 qəpik üçün ərzaq təhlükəsizliyimiz risk altına atılır”

 

-Maraqlı bir məqama toxundunuz. Belə başa düşdüm ki, xarici şirkətlər damazlıq yumurtanı həqiqi dəyərindən aşağı qiymətlə sənədləşdirərək, faktiki olaraq, ƏDV-ni daha az ödəyirlər. Bəs, onlardan məhsul alan yerli təsərrüfatlar niyə buna göz yumur? Axı bütün hallarda onlar mal aldıqları şirkətə sənəddə göstəriləni yox, həqiqi dəyəri ödəyirlər.

-ƏDV-ni istehsalçı xarici şirkətlər yox, onlardan məhsul alan bizim yerli təsərrüfatlar ödəyir. Bizim yerli təsərrüfatların marağı isə aydındır. Məqsəd daha az ƏDV ödəməkdir. Yəni biri var 100 min manatın 18%-ni ödəyəsən, biri də var 200 minin. Hardasa hər damazlıq yumurtada 2 sent qabağa düşürlər.

-Yəni hər toyuqda 3-4 qəpik.

-Bəli. Hər toyuğu 3-4 qəpik baha satmaq üçün ərzaq təhlükəsizliyimiz risk altına atılır.

-Bəs, xarici şirkətlər öz qazancları olmadığı halda, bu siyasətə niyə gedirlər? Axı özünüz də deyirsiniz ki, xaricə nə qədər çox mal satarlarsa, öz dövlətləri tərəfindən bunun müəyyən faizini geri alırlar. Elədirsə, onların sənədlərdə qiyməti daha yüksək göstərməsi daha ağlabatan deyilmi?

-Xarici şirkətlərin marağı Azərbaycan bazarını əllərində saxlamaqdır. Bunun üçün isə müştərilərinə daha ucuz mal almaq şəraiti yaradırlar. Üstəlik, bayaq dediyim kimi, dempinq siyasəti yürüdürlər.

-O zaman Azərbaycan gömrüyü niyə bu qanunsuzluğa göz yumur?

-Gömrüyün bundan xəbəri yoxdur. Axı gömrük məmuru hardan bilsin ki, yumurtanı hansı şirkət hansı qiymətə alıb? Onlar şirkətlər arasındakı anlaşma sənədlərinə baxıb rüsum tətbiq edirlər.

-Bəs, siz hardan bilirsiniz ki, bizim yerli təsərrüfatlar xarici damazlıq şirkətləriylə bu qaydayla işləyirlər?

-Bayaq dedim axı, mən uzun müddət “Emre Piliç”-in burda ən məlumatlı adamı olmuşam. Hansı şirkətə nə qədər məhsul satıb, neçəyə anlaşıb, sənədlərdə neçə göstərib hamısını bilirəm. Şirkətin sahibləri bunu mənə özləri göndərirdilər. Sizə o sənədlərdən bir neçəsini göstərim. Baxın, bu fakturaya, görürsünüzmü, burada bir neçə qrafa var. Qrafanın birində “Fiyat Dolar”, digərində isə “F Fiyat”  yazılıb. “F Fıyat” “faktura fiyatı”, yəni “faktura qiyməti” deməkdir. “Fiyat Dolar”-ın altında nə yazılıb?

 

-0.52

-Bəli, o real qiymətdir. Bəs, “F Fiyat”ın altında nə yazılıb?

-0.30

-Bu isə fakturada göstərilən qiymətdir. Faktiki olaraq 22 sent aşağı qiymətə sənədləşdirilib. Diqqətlə baxsanız, bu da fakturada dəqiq göstərilib.

-Bəli, “N Fiyat” qrafasında 22 yazılıb.

-“N Fiyat” “nəğd qiymət” deməkdir. Yəni sənəddə göstərilməyən qiymət fərqinin nəğd ödənilməsi nəzərdə tutulub. Deməli, hardasa real qiymətin 40%-i gömrükdən yayındırılıb.

-Belə başa düşdüm ki, bu sənəd sizinlə Ömür Oral arasında sərin yellər əsmədiyi dövrlərə aiddir. Bəlkə indi o cür fırıldaqlara getmirlər?

 

-Xeyr, indi də eyni qayda ilə işləyirlər. Bu yaxınlarda “Azpolitika.info”da bir məlumat dərc olunmuşdu. Saytın yaydığı bir sənədə baxsanız, orda “Orallar” şirkətindən hansı şirkətin damazlıq yumurtanı neçəyə aldığı, daha doğrusu, sənədləşdirdiyi qiymətlər açıq-aydın şəkildə göstərilir. Sənəndən məlum olur ki, “Səba” ASC damazlıq yumurtanı 36 sentə, “Qaraqaşlı Broyler” 18, “Pənah Quşçuluq” isə 15 sentə alıb. Sizcə, arada bu qədər qiymət fərqi ola bilərmi?

 

-Nə bilim, mənim ticarətdən başım çıxmır. Elə incəlikləri bilmərəm. Siz o sənəddən nə nəticə çıxartdınız?

-Amma mənim ticarətdən də başım çıxır, “Emre Piliç”in hansı yollara əl atdığını da yaxşı bilirəm. Əslində sizin də başınızın çıxmadığını zənn etmirəm. Sənəddəki ciddi qiymət fərqinin altında yatan hikməti başa düşmək üçün biznesmen təcrübəsinə ehtiyac yoxdur. Belə deyək, siz bazara gedibsiniz və kartof alacaqsınız. Satıcı sizdən öndə dayanan adama bir kilo kartofu 15, sizə isə 36 qəpiyə təklif etsə, necə reaksiya verərsiniz? Yəqin ki, “məni niyə aldadırsan?” deyib başqa yerdən kartof alarsınız, deyilmi?

 

-Yəqin ki, elə olar...

-Amma “Səba” ASC damazlıq yumurtanı başqa yerdən almayıb. Bu o demək deyil ki, şirkət alış-verişdə sizdən daha təcrübəsizdir. O deməkdir ki, “Səba” bu saxtakarlığa getməyib. Digər şirkətlər isə qiyməti ucuz göstərərək ƏDV-ni tam ödəməkdən yayınıblar.

-Mürvət müəllim, ataların bir sözü var: “Meyiti özbaşına buraxsan, kəfəni batırar”. Əlbəttə, şirkətlərin öz öhdələrinə qalsa, dövlətə bu cür kələk gələrlər. Amma dövlət bu cür halların qarşısını almaq üçün bəzi mexanizmlər hazırlayır. Konkret olaraq, siz dediyiniz halın qarşısını almaq üçün vergi və görük nəzarəti var. Vergilər Nazirliyi və ya Gömrük Komitəsi həmin o “Qaraqaşlı”ın qaraqaşlı sahibindən niyə soruşmur ki, eyni xarici şirkət “Səba”ya 36 sentə satdığı yumurtanı sənin qara qaşına aşiq olub 18 sentə verib? Məni bu sual daha çox maraqlandırır...

-Mən dedim axı, dövlət qurumlarının buna nəzarət etmək imkanları yoxdur. Şirkətlər eyni vaxtda həmin yumurtaları ölkəyə gətirmirlər ki, qiymətlər arasında müqayisə aparılsın? Üstəlik, bu cür yoxlamalar bəzi xoşagəlməz hallara da yol açar, rüşvət üçün şərait yaradar. Amma dövlət elə bir siyasət yürüdə bilər ki, yerli təsərrüfatlar istəsələr də, bu cür saxtakarlığa getmək imkanına malik olmazlar. Bunun yolu, antidempinq məqsədli əlavə vergilər tətbiq etməkdən keçir.

-Bayaq bir fikriniz diqqətimi cəlb etdi. Dediyinizdən belə çıxır ki, dempinq siyasəti yürüdən şirkətlər ən böyük dəstəklərini öz dövlətlərindən alırlar. Deməli, qonşu dövlətlər də Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasının oturuşmasında maraqlı deyilllər?

-Mən bunu həmin dövlətlərin Azərbaycana qarşı təxribatı kimi qiymətləndirmək istəməzdim. Ümumiyyətlə, istənilən dövlət öz yerli şirkətlərinin inkişafında maraqlı olur. Odur ki, ixracatı təşviq etmək üçün müəyyən təşviq siyasəti yürüdür. Bu, yalnız quşçuluq sektoruna da aid deyil. Bütün ixracatçı şirkətlər bu cür təşviqlərdən faydalanırlar. Damazlıq şirkətləri də bundan faydalanıb Azərbaycan bazarını əldə saxlamağa çalışırlar.

Biz bu sektorun təməllərini atdığımız ərəfədə istər Türkiyə, istərsə də İran şirkətləri damazlıq yumurtanın qiymətini 50 sentdən 22 sentə qədər endirdilər. Amma biz bu amansız rəqabətdən üzüağ çıxdıq. Allaha şükür, Azərbaycan öz illik tələbatını ödəyəcək səviyyədə bu işi qura bilib. İndi qarşımızda öz mövcudluğumuzu qoruyub saxlamaq hədəfi dayanır. İnanıram ki, dövlətimiz milli maraqlarımız naminə yenə bizim arxamızda dayanacaq. Nəticədə ölkəmizin ərzaq təhlükəsizliyi hansısa dövlətlərdən asılılıqdan qurtulacaq və ölkədə xeyli iş yerləri açılacaq. İqtisadiyyatımız da bu zaman neftin enib-qalxan qiymətlərinə göz tikməyəcək. Cənab Prezidentimizin strateji hədəflərini hansısa şirkətin bir toyuqda 3-4 qəpik qabağa düşməsinə qurban vermək olmaz. Bu, həm Prezidentimizə, həm də dövlətimizə xəyanətdir.

 

-Prezident İlham Əliyevin çıxışlarında ortaya qoyduğu hədəflərdən biri quşçuluq sektorunu ixracatçı səviyyəyə gətirilməsi idi. Necə bilirsiniz, Azərbaycanın yaxın gələcəkdə xaricə toyuq ixrac etmək şansı nə qədərdir?

-Şanslarımız əlbəttə var. Prezidentimiz məhz Azərbaycanın potensialını nəzərə alıb bu fikirləri deyib. Bunun üçün isə kompleks tədbirlər görülməli, ən başlıcası yem təsərrüfatı inkişaf etdirilməlidir. Bizim təsərrüfatların istehsal etdiyi məhsulların dünya bazarına çıxması üçün ilk növbədə qiymətdə ucuz mal təklif etməliyik. Bu isə yemin və yem əlavələrinin ucuzluğundan asılıdır. Hazırda Ukrayna və Braziliyada 1 kiloqram toyuq əti 90 sentə başa gəlir. Rusiya və Türkiyədə isə maya dəyər 1.40 dollara yüksəlir. ABŞ-da da eynilə 1.40 dollara gəlib çıxır. Avropada maya dəyər 1.60 dollardır. Azərbaycanda isə bir kiloqram toyuq əti 1.90-2.00 dollara başa gəlir. Səbəb isə yem və yem əlavələrini xaricdən almağımızdır. Azərbaycan yerli yem məhsulları problemini həll edə bilmədikcə, xarici bazarda rəqabətə dayana bilməz. İnanıram ki, dövlətimizin hədəfində xarici bazara çıxmaq prinsipi olduğundan bu sahədə təxirəsalınmaz addımlar atılacaq.

Söhbətləşdi: Heydər Oğuz

 




Ana səhifəyə qayıt        Baxış: 1 859          Tarix: 12-06-2017, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma