Xəbər lenti


Dünya neft bazarında “qara qızılın” qiyməti 20%-ə qədər artıb.
Ovqat.com-un məlumatına görə, hazırda Londonun İCE birjasında bir barrel Brent markalı neft 34.89 ABŞ dollarına (+16.33%) təklif olunur. 
Nyo-york mərkəzli NYMEX birjasında da WTI markalı neft 28.97 $/Bar.-ə (+14.42%) yüksəlib.
Azərbaycan nefti də 4 dollara qədər bahalaşıb. Hazırda Azerlight markalı neftin bir barreli 24.14 dollara satılır.
Neftin qiymətinin birdən-birə bu qədər bahalaşması Rusiya ilə Səudiyyə Ərəbistanı arasında hasilatin həcmi barəsində ortaq məxrəcə gəlinməsiylə izah olunur. Məlum olduğu kimi, iki gün əvvəl ABŞ prezidenti öz Twitter hesabında neft hasilatçılatını sevindirən xəbər paylaşmış, bununla da dünya bazarlarında qara qızılın qiymətləri bahalaşmışdı. D.Tramp bildirmişdi ki, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla danışıb və vəliəhd ona Rusiya prezidenti Putinlə neft hasılatını azaltmaq barədə müəyyən razılıqlara gəldiyini bildirib. Tramp da bu təklifi bəyənib və koronavirus pandemiyasına qarşı neft istehsalçılarının müqavimət gücünü artırmaq və bazarlardakı təkliflə tələb arasındakı balansı tənzimləmək üçün hasilatı gündəlik 10 milyon barrel azaltmaq  lazımdır. 



ABŞ prezidentinin bu sözləri elə həmin gün qiymətlərin 22% yüksəlməsinə səbəb olmuş və Brent markalı neft 25 dollardan 30 dollara qədər yüksəlmişdi. Bu gün OPEC+ ölkələrinin aprelin 6-da hasilatı azaltmaqla bağlı telekonfrans keçirəcəkləri barədə məlumatların yayılması neft birjalarını daha da rahatlatmış və qiymətlər 35 dollara yüksəlmişdir. Daha sonra isə OPEC+-in virtual toplantısının aprelin 6-da deyil, 9-da keçiriləcəyi məlum olmuşdur. Bu məqam OPEC+ ölkələrinin orta məxrəcə gələ biləcəkləri ümidini azaltsa da, birjalar tələsmir və istehsalçıların aprelin 9-da verəcəkləri qərarı gözləyirlər.
Məsələ burasındadır ki, Trampın gündəlik hasilatı 10 milyon barrelə qədər endirmək təklifi nəzəri olaraq cazibədar görünsə də real deyil, məhz bu səbəbdən ayın 9-da keçiriləcək görüşün müsbət nəticələnəcəyinə şübhə yaranır. Zira son ucuzlaşmanın səbəbi də elə hasilatı azaltma təklifindən doğmuşdu. 



Məlum olduğu kimi, koronavirus pandemiyasının sənaye ölkələrini vurmasıyla neftə olan tələbat azalmış, nəticədə qiymətlər ucuzlaşmağa başlamışdı. Bu tənəzzülün qarşısını almaq üçün Səudiyyə Ərəbistanı Rusiyaya qarşılıqlı sürətdə hasilatı azaltmaq təklifində bulunsa da, rədd cavabı almışdı. Təklifinin geri çevrilməsindən qəzəblənən rəsmi Riyad Rusiyanı batırmaq üçün hasilatı mümkün olduğu qədər artırmış və nefti daha bazardan belə ucuz qiymətə təklif etmişdi. Beləcə, Rusiyanı həm çətin vəziyyətdə qoyaraq geri addım atdırmaq, həm də onun bazarını ələ keçirmək istəyən krallığın bu arzusu reallaşmamışdı. Putin belə təhdidlərə asanlıqla boyun əyəcək adam olmadığını hətta iqtisadi tənəzzülü də gözə alacağını göstərmişdi. Rusiyanın aprel ayında hasilatı gündə 300 min barrel artıracağını bəyan etməsi də bu inadkar əzmin nümayişi idi. Görünən budur ki, Rusiyanın hasilatı artıracağını söylədiyi aprelin ilk günündə geri addım atan tərəf Məhəmməd bin Salman oldu.



Trampın hasilatı gündəlik 10 milyon barrel azaltmaq təklifinə gəlincə, Rusiya ilə neft savaşından əvvəl 9.7 milyon barrel “qara qızıl” hasil edən Səudiyyə Ərəbistanı indiyədək gündəlik istehsalı cəmi 2,5-2.8 milyon barrel artırıb. Dolayısıyla onun neft savaşından əvvəlki vəziyyətə qayıtması ən böyük güzəşt ola bilər. Yerdə qalan 7-7.5 milyonu isə digər neft hasilatçıları boynuna götürməlidir. Amma kim? Ən iri neft hasilatçısı olan Rusiyanın geri çəkilməyəcəyi son iki ayda özünü büruzə verdi. Moskva öz məntiqində haqsız da deyil. Kremlin fikrincə, OPEC+ ölkələrinin təkbaşına hasilatı azaltması ABŞ-ın şist neft istehsalçılarının işinə yarayır. Zira şist neftinin maya dəyəri normal neftdən yüksəkdir. Dünya neft istehsalçıları hasilatı artıranda qiymətlər aşağı düşür və ABŞ-ın şist neft istehsalçıları işlərini dayandırırlar. OPEC+ ölkələri azaldanda isə onlar yenidən fəaliyyətə başlayıb yeni bazarlar əldə edirlər. Bu isə əslində heç bir hasilatçı ölkənin marağına uyğun deyil.



Kremldə hesab edirlər ki, hasilat azalacaqsa, bu şərt həm də ABŞ neftçiləri üçün keçərli olmalıdır. ABŞ neftçilərinə isə heç kim əmr edə bilməz. Onlar özəl şirkətlərdir və Trampın OPEC+ qarşısında götürəcəyi öhdəliklərə boyun əyməzlər.  
Digər iri hasilatçılar da prinsipcə Rusiya kimi düşünürlər. İraq iqtisadiyyatının böhranlı vəziyyəti ümumiyyətlə hasilatı azaltmağa imkan vermir, körfəz ölkələri isə bazar itirmək istəmir və bu daşın altına hər kəsin əlini qoymasını tələb edirlər. Belə mürəkkəb vəziyyətdə hər kəsin əlini yük altına qoyması isə yuxarıda zikr etdiyimiz səbəblərdən mümkün görünmür.



Maraqlıdır ki, OPEC+ ölkələrinin aprelin 9-da keçirilməsi gözlənilən videokonfransa Azərbaycan da qoşulmaq niyyətindədir. Azərbaycan Energetika Nazirliyinin bugünkü (artıq dünən) açıqlamasına görə, ölkəmiz neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə də hazırdır. Bu isə o deməkdir ki, lazım gələrsə, biz də hasilatı azalda bilərik. Bizim hasilatı azaltmağımızın isə dünya neft bazarına ciddi təsiri olmayacaq. Çünki Azərbaycan gündə ən yaxşı halda 750 min barrel neft çıxarır. Bu isə neft bazarında təkliflə tələbi tənzimləmək üçün nəzərdə tutulan həcmin heç 1/10-i də deyil. Başqa sözlə desək, biz hətta neft hasilatını tamamilə dayandırsaq belə, “qara qızıl” hasilatçıları ağ günə çıxa bilməyəcəyik.
Bununla belə, Azərbaycanın neft bazarında qiymətlərin tənzimlənməsi üçün fədakarlığını təklif etməsi başadüşüləndir. Çünki qlobal neft bazarında ən çox qiyməti düşən elə bizim məhsulumuzdur. Bunun əsas səbəbi isə son ucuzlaşmanın əsas baiskarı kimi görülən koronavirusun ən çox bizim alıcıları vurmasıdır.



Məlum olduğu kimi Azərbaycan neftinin əsas müştəriləri Qərbi Avropa ölkələridir ki, onlar da bu gün dünyanın koronavirus ocağı sayılırlar. Nə zaman özlərinə gələcəkləri isə bəlli deyil. Koronavirus pandemiyasından yaxa qurtarsalar belə, bu ölkələr hələ uzun müddət iqtisadiyyatlarını bərpa edə bilməyəcəklər. Bərpa etsələr belə, ağır yoluxucu xəstəliyin mərkəzinə çevrilmiş bu ölkələrin əvvəlki bazarını əllərində saxlayacağı inandırıcı görünmür. Necə ki, “əsrin vəbası” adlanan bu mərəz yeni ortaya çıxanda heç kim Çin malı almırdı. Eyni taleyi, sözsüz ki, Qərbi Avropa ölkələri də yaşayacaqlar. 
Azərbaycan isə ixrac etdiyi neftin 24%-ni İtaliyaya, 9%-ni Fransaya, 8%-ni Almaniyaya satır. Ümumi ixracatımızın 40%-dən çoxunu təşkil edən bu ölkələrdəki vəziyyətin mürəkkəbliyi hər kəsə bəllidir və belə görünür ki, rəsmi Bakının neftdən tamamilə ümidini kəsməsini şərtləndirir. Amma neftə arxayınlaşdığımızdan iqtisadiyyatımızı ona bağlılıqdan xilas edə bilməməyimiz də ortadadır. Belə bir çətin vəziyyət qarşısında qalan ölkəmiz bu dilemmadan necə çıxacaq? Ümidvarıq ki, bizim cavabını bilmədiyimiz bu suala Azərbaycan hökuməti bir çarə tapıb. Əks təqdirdə hər tərəfi qaranlıq olan bu tuneldə işıq yolu tapmağın özü belə uzun zaman tələb edəcək.
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 9 290          Tarix: 5-04-2020, 01:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma