Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Azərbaycan tarix boyu özünün mizah mədəniyyətilə seçilib. Ən əzazil hökmdarlara belə, babalarımız saraydakı şairlər, ozanlar, təlxəklər (bu günün artistləri) və s. mədəniyyət xadimləri vasitəsilə öz dərdlərini çatdırır, onları yürütdükləri siyasətə yenidən baxmağa dəvət edirdilər. Xalqın elçisi və sözçüsü olduqları üçün həmin mədəniyyət xadimlərinin ən sərt tənqidləri belə xoş görülür, heç bir cəza kəsilmirdi. Əksinə, bəzən şahları ən ağır tənqid atəşinə bu adamlar müxtəlif ənamlarla təltif olunurdular. Bu da təsadüfi deyildi. Hökmdarlar məhz bu insanlar vasitəsilə ictimai rəyi öyrənib özlərini sosial iğtişaşlardan, üsyanlardan sığortalayırdılar. Bu mənada həcv ədəbiyyatına bir çox hallarda dövlət təhlükəsizliyi məsələsi kimi baxırdılar. Təbii ki, güclü hökmdarlar.
Hüseyn Cavidin eyni adlı dram əsəri əsasında çəkilmiş “Topal Temur” tamaşasını, yəqin ki, orta nəslin əksər nümayəndələri xatırlayırlar. Tamaşada maraqlı bir epizod var. Dövrün şairi Əmir Teymuru sərt sözlərlə tənqid edir. Tənqidə dözümsüz əmirin nə qədər qəzəblənməsinə baxmayaraq, verdiyi cavab təmkinliyi ilə seçilir: “Haqlısan, çünki şairsən”.
Teymurləngin bu sözündən də aydın olur ki, o, əslində şairin fikirlərini haqlı qəbul etmir. Sadəcə şair olduğuna görə ona toxunmur, hər hansı cəza vermir.
Əmir Teymurun zamanından indiyədək 700 ilə yaxın zaman keçir. Bu uzun dövr ərzində Azərbaycan xalqı xeyli sayda hakimiyyətlər görüb və öz mizah ənənəsini uğurla davam etdirib. Hətta müstələkəçilik illərində belə, ziyalılarımız milli dərdləri, problemləri bu yolla ictimailəşdirməyə çalışıblar, amma hər hansı cəzaya layiq görülməyiblər. Məhz mizah sənətinə bu tolerant yanaşmanın nəticəsidir ki, Azərbaycan ədəbiyyatı Molla Nəsrəddinçi şairlər, yazıçılar yetişdirib. Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin və digər Molla Nəsrəddinçilərin yaratdığı əsərlər bu gün də öz aktuallığını qoruyur, gələcəkdə də qoruyacaq. Onlara həmişəyaşarlıq qazandıran isə xalqın dərdlərinin aynası olmalarıdır.
Nə yazıq ki, 14-cü əsrdə demokratiya, söz azadlığı kimi məfhumların heç bir məna kəsb etmədiyi Əmir Teymur dövründə mizahçılara tanınan haqlar bu gün – XXI əsrin az qala ortalarında yaşayan insanlarımıza verilmir. Bunu Şamaxı rayon sakini İkram Xudiyevin mizah cəsarətinə verilmiş rəsmi reaksiya da sübut edir.
Xatırlayırsınızsa, Ovqat.com bu yaxınlarda kəndlərimizdə valideynlərin öz övladlarına otlamaq sənətinin sirlərini öyrətməsi ilə əlaqədar bir video paylaşmışdı. Videodan da aydın olurdu ki, valideyn öz övladları ilə bərabər kiçik bir “teatr” səhnəciyi hazırlayıb. Məqsəd isə Azərbaycan hökumətinin koronavirusla mübarizə Tədbirlər Planını tənqid etmək idi. Zira bu Tədbirlər Planında torpağı olan kənd əhalisinə hər hansı sosial kompensasiyanın verilməməsi nəzərdə tutulur. Bu da istər-istəməz əhalimizin hardasa yarısını təşkil edən kəndlilərimizdə bu suala yol açır: Bəs biz otla qidalanmalıyıq?
Şirvan rayon sakini İkram Xudiyevin övladları ilə bərabər hazırladığı səhnə də bu sualın mizah yoluyla ifadəsi idi.
Azərbaycan hüquq mühafizə orqanları isə XIV əsrin ən qəddar hökmdarı kimi tanınan Əmir Teymur qədər tolerantlıq nümayiş etdirə bilməyib və mizahçıları cəzalandırıb.
DİN-nin məlumatına görə, uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görülüb: “Məlum olub ki, həmin şəxs Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır. İ. Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb.
İ.Xudiyev bildirib ki, videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub”.
Azərbaycan hökumət strukturlarının mizah sənətini cəzalandırmasının nə dərəcədə qanuni və mütərəqqi addım olub-olmadığını müəyyənləşdirməyi dəyərli siyasi iradəmizin və Əlahəzrət Tarixin ixtiyarına buraxırıq. Biz isə otlamaq səhnəciyinin ikinci hissəsini oxucularımızla paylaşırıq. Ümidvarıq ki, bir tamaşanın iki müxtəlif hissələri üçün Azərbaycanın hüquq mühafizə orqanları ikinci cəza kəsməzlər. Çünki hüquqa və ədalətə prinsipinə görə, bir əmələ iki cəza verilməz.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar