Xəbər lenti

 
 
Azərbaycan kimi korrupsiya və rüşvətxorluğun dərin kok saldığı ölkələrdə ən yaxşı islahat resepti idarəetmə orqanlarında insan amilini minimum həddə endirməkdir. 
Təcrübələr sübut etmişdir ki, bir ölkədə çox məmurun olması dövlət mexanizminin nəinki daha yaxşı işləməsini sürətləndirir, əksinə mənasiz bürokratik əngəllər yaradaraq, süründürməçiliyə, rüşvət və korrupsiyanın çiçəklənməsinə, vətəndaşların narazı salınmasına, dolayısıyla sosial gərginliyin artmasına səbəb olur. Azərbaycan hökuməti bu neqativ halların qarşısını almaq üçün bir neçə il əvvəl “ASAN” Xidmət sistemi yaratsa da, artıq işə yaramaz hala gələn əvvəlki mexanizmə də toxunmamış, nəticədə dövlət arabasının “beşinci təkərləri” meydana gəlmişdir. Bu da istər-istəməz həmin “beşinci təkərlərin” saxlanılması üçün lüzumsuz xərclər tələb edir və dövlət büdcəsinin xərcləri böyüyür.



Dünya neft bazarında “qara qızıl”ın son zamanlar hədsiz dərəcədə ucuzlaşması isə tələb olunan büdcə xərclərini qarşılamağa imkan vermir. Nəticədə ölkə rəhbərliyi büdcə açıqlarını bağlamaq üçün uzun illər boyu Valyuta Fondunda toplanmış vəsaitlərdən istifadə etməyə məcbur olur. Dövlət Neft Fondunun cari ilin ilk rübü ilə bağlı hazırladığı hesabatdan aydın olur ki, son 3 ay ərzində maliyə ehtiyatlarımızdan 3.6 milyard dollar sırf bu məqsədə yönəldilib. Nəticədə ötən il 45 milyard dollara qədər yüksələn maliyə ehtiyatlarımız əriyərək 41 milyard dollara qədər geriləyib.



Təkcə ötən ay bu məqsədlə 2.6 milyard dollar sərf olunduğunu nəzərə alsaq və bunu aylıq norma kimi qəbul etsək, belə çıxır ki, dünya neft bazarında qiymətlər sabitləşməsə, Azərbaycanın valyuta ehtiyatlarının tamamı önümüzdəki il yarım dövr ərzində beştəkərli dövlət mexanizminin qorunub saxlanılmasına qurban gedəcək. Halbuki Azərbaycanın qarşısında qeyri-neft sektorunun qurub yaratmaq və inkişaf etdirmək kimi böyük vəzifələr var. Bu vəzifələr isə ciddi yatırım tələb edir. 
Üstəlik, Azərbaycanın xarici borc öhdəliklərini də bu hesaba qatsaq, ciddi addımlar atılmasa, gözlənilən iflas daha tez reallaşa bilər. Belə vəziyyətdə yeganə çıxış yolu Azərbaycanın iqtisadiyyatının parazitlərinə çevrilmiş “beşinci təkərlər”dən dərhal xilas olmaq, onların ac gözlərindən və doymaq bilməyən qarınlarından artırdıqlarımızı qeyri-neft sektorunun inkişafına yatırmaqdır. Başqa sözlə desək, qarşı-qarşıya qaldığımız durumda onlarla məmurun görə bilmədiyi işləri robotlara həvalə etmək tələb olunur.
Son zamanlar Ukraynada həyata keçirilən bir təcrübə Azərbaycan hakimiyyəti üçün ən yaxşı nümunəyə çevrilə bilər. Söhbət "İnfokom LTD" şirkəti tərəfindən hazırlanan toratan robot-polislərdən gedir.



Ovqat.com-un məlumatına görə, əslində polisləri koronavirus infeksiyalarından qorumaq üçün hazırlanan bu toratan qurğuların təyinatı epidemiya küçələrdə patrul xitməti həyata keçirməkdir. Layihə kifayət qədər uğurlu alındığından koronavirus təhlükəsi sovuşduqdan sonra da Ukrayna küçələrinin bu qurğulara tapşırılacağı istisna edilmir.
Robot-polislər təkcə ictimai asayişi pozanları tora salmaqla kifayətlənmir. Onlar həm də gözyaşardıcı qaz baloncuqları, səsgücləndiricilər, videokamera və müxtəlif ötürücülərlə də təchiz ediliblər. Eyni anda 10 polisin işini görmək qabiliyyətinə malik olan toratan qurğular adam kimi dil də “qanırlar”. Onları həm uzaqdan idarə etmək mümkündür, həm də lazım gələndə özləri də müstəqil hərəkət qabiliyyətinə malikdirlər. 
Ən əsası isə 10 adam-polisin işini görən bu robot-polislər çox acgöz də deyillər. Nə tora saldıqları vətəndaşdan rüşvət alıb sərbəst buraxırlar, nə də dövlətdən böyük məbləğli maaş tələb edirlər. İki-üç ildən bir “üst geyimlərini” açıb bəzi detallarını təzələsən və arada bir orasını-burasını yağlasan, yetər.


Ana səhifəyə qayıt        Baxış: 7 001          Tarix: 19-04-2020, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma