Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Dünya neft bazarı həftəyə indiyədək bənzəri görünməyən çöküşlərlə başladı. Həftənin ilk günü WTI markalı neft mənfi həddə qədər ucuzlaşdı. Qısa müddətdən sonra qiymətlər dəyər qazansa da, səmərəlillik səviyyəsi hələ də xeyli aşağıdır.
Ovqat.com-un məlumatına görə, hazırda Nyu-York Əmtəə Birjasında bir barel xam neft (WTI) 10.32 ABŞ dollarından, London birjasında Brent markalı neft isə 16.10 $/barel-dən müştərilərə təklif olunur.
“Azeri Light” markalı neftin qiyməti barədə isə konkret heç bir məlumat verilmir. Bunun səbəbi Azərbaycan neftinin digərlərindən fərqli olaraq fyuçers müqavilələri əsasında satılmaması ilə izah olunur. SOCAR sözçüsü İbrahim Əhmədovun dünən “BBC News Azərbaycanca”ya verdiyi açıqlamadan bu nəticəni çıxarmaq mümkündür.
Əhmədovun sözlərinə görə, "Azerilight" birjalarda satılan növlər kimi yox, birbaşa qiymət əsasında satılır: "Yəni, bu gün alıcı tapılır, bu gün alınır və ya satılır. Əgər elan edilən qiymət WTI markalı neftin may ayı üçün qiyməti idisə, Azerilight neftinin qiyməti isə bu günün olur. Buna görə də biz bu günü və qarşıdakı ayları nəzərdə tutaraq planlaşdırma aparırıq".
SOCAR rəsmisinin qəliz cümlələrlə nə izah etmək istədiyini anlamaq üçün Nyu-York birjasında mənfi hədlərə qədər düşən fyuçers qiymətinin nə demək olduğuna və fyuçers müqavilələri olmadan satış həyata keçirməyin hansı problemlərə yol aça biləcəyinə aydınlıq gətirmək lazımdır.
İqtisadçıların fikrincə, beynəlxalq birjada iki əsas kontrakt növü var: real əmtəə üzrə və fyuçers (müddətli) sövdələşmələr.
Real əmtəə üzrə sövdələşmələr malın satıcıdan alıcıya həqiqi mənada verilməsi ilə, yəni konkret təhvil-təslim aktı ilə yekunlaşır. Bu isə o deməkdir ki, birjadakı satıcının əlində həmin mal mövcud olmalıdır və faktiki olaraq o, alıcıya müqavilədə göstərilən müddətdə çatdırmalıdır.
Fyuçers müqavilələr isə hazırda mövcud olmayan, gələcəkdə istehsal edilməsi nəzərdə tutulan məhsullar üçün bağlanır. Yəni tərəflər bir-biri ilə müəyyən edilmiş qiymətə gələcək tarixlər üçün mal alıb-satmaq bürədə sövdələşirlər.
İbrahim Əhmədovun sözlərindən isə belə çıxır ki, Azərbaycan tərəfi neft alış-verişində real əmtəə üzərində sövləşmə aktları imzalayırlar. Doğrusu, bu açıqlamanın nə qədər səhih olduğu şübhə doğurur. Çünki Azərbaycan neftinin satıcısı belə, rəsmi Bakı deyil. “Əsrin müqaviləsi”nə əsasən, neftimizin 82%-ni hasil edən də, onu dünya bazarına çıxarıb satan da BP şirkətidir. Yerdə qalan 18%-i SOCAR hasil edir ki, burdan qazanılan gəlir Rövnəq Abdullayevin qohum-əqrabalarının keyf xərclərinə belə yetmir, dövlət büdcəsindən bu eyş-işrət üçün ayrıca hər il milyardlarla manat dotasiya ayrılır.
Dünyanın ən böyük neft şirkətlərindən olan BP-ın isə digər ölkələrdə hasil etdiyi “qara qızılı” müxtəlif kantraktlar əsasında satışa çıxardığı məlumdur. Onun Azərbaycanda daha fərqli satış siyasəti həyata keçirməsi bu baxımdan inandırıcı görünmür.
Üstəlik, neftə tələbatın azaldığı indiki vaxtda fyuçers sözvdələşmələrindən imtina etmək qara fəhlə bazarındakı dövrün nökərləri kimi günəmuzd puluna bel bağlamaq anlamına gəlir, bu isə qətiyyən ağıllı siyasət təsiri bağışlamır. Baxmayaraq ki, ilk baxışdan real əmtəə üzrə satışda risk payı sıfıra bərabərdir. Amma real əmtəə satışlarının doğuracağı elə ciddi nəticələr var ki, neft bazarında tamamilə bizim iflasımızla nəticələnə bilər və digər enerji maqnatları başlarına at təpdiyindən nəqdi qoyub, fyuçers sövdələşmələrinə getmirlər.
Məsələ burasındadır ki, xüsusilə koronavirusun darmadağın etdiyi qlobal iqtisadiyyatın indiki vaxtında təklif tələbi üstələdiyindən bazar tapmaq o qədər də asan məsələ deyil. Hər kəs öz bazarını əldə saxlamaqla yanaşı yeni bazarlar ələ keçirmək yarışındadırlar və bu yarış getdikcə sürətlənir. Bu gün əlindən qaçırdığın bazarı əbədi itirmək ehtimalın var və həmin itki indi itirdiklərinlə müqayisə edilə bilməyəcək qədər böyük ola bilər. Ciddi xarici şirkətlər məhz bu zərurətləri nəzərə alıb fyuçers sövdələşmələri bağlayırlar.
Nəticədə başqaları gələn ayın neftinin üzərinə pul qoyub satdığı halda sən “günəmuzd satışları”na bel bağlasan, biznes tərəfdaşlarını və müştərilərini əldən çıxara bilərsən. Zatən ABŞ-ın neft şirkətlərinin etmək istədikləri budur. Məqsəd neftin qiymətlərini maya dəyərindən belə aşağı salmaqla Rusiya və peyklərini bazardan məhrum etmək, Kremlin dünya hegemonluğu iştahasına son qoymaqdır. Hasilatın artması nəticəsində anbarlarda yer qalmadığından artıq məhsulu müftə qiymətə, üstəlik, üzərinə pul qoyaraq satmaq məcburiyyəti isə əsl səbəbin bəhanəsidir.
Qeyd edək ki, bir çox iqtisadçılar neftin mənfi qiymətə satılması təcrübəsinin ilk dəfə yaşandığını bildirsələr də, əslində tarixdə transmilli neft şirkətlərinin bu cür metodlardan zaman-zaman istifadə etdikləri hallarına rast gəlinib. Ötən əsrin əvvəllərində Çin bazarını ələ keçirmək üçün şirkətlər arasında gedən rəqabət sonunda eynilə 20 apreldəki kimi bitmişdi – şirkətlər bir müddət məhsullarının üzərinə hədiyə qoyub müştərilərinə müftə verirdilər. Nəhayət, əsas rəqiblər Çin bazarından tamamilə çıxarıldıqdan sonra qiymətlər də astronomik şəkildə artmağa başlamışdı.
Bənzər hadisə son zamanlar Rusiya və Səudiyyə Ərəbistanı arasında yaşanan çəkişmələr zamanı da ortaya çıxmışdı. Rəsmi Riyadın hasilat kəsintisinə getmək təklifinin Moskva tərəfindən qəbul edilməməsi Səudiyyə Krallığını bərk qəzəbləndirmiş və o, neft hasilatını artırmağa, məhsulunu real qiymətindən ucuza satmağa qərar vermişdi. Rusiya da buna seyrçi qalmamış, hasilatını maksimum səviyədə artıraraq inadcıl rəqabəti daha da alovlandırmışdı. Əslində neft qiymətlərinin bugünkü çöküşünün də təməlləri məhz bu inadlaşma zamanı atılmışdı.
Azərbaycan rəsmilərinin açıqlamasında dünya neft bazarında yaşanan tənəzzüllərin “Azerilight”-a aid olmadığına və ya olmayacağına dair nikbin əsaslandırmalar da həqiqəti əks etdirmir. Son zamanların birja qiymətlərinə nəzər salsaq, Azərbaycan neftinin WTI ilə eyni taleyi yaşadığını, bundan sonra da yaşayacağını deyə bilərik. Belə ki, uzun illər boyu Brent markalı neftdən 2-3 dollar bahaya satılan “Azeri Light” son bir neçə həftədə WTI ilə eyni qiymətə, hətta ondan aşağı təklif olunurdu. Bu da Azərbaycan neftinin əsas alıcıları olan İtaliya, İspaniya kimi ölkələrdə koronavirus səbəbindən bütün iqtisadi fəaliyyətlərin dayanması ilə əlaqədardır. Alıcılarımızın sənayesində yaranana durğunluq istər-istəməz neftimizə olan tələbatı münimuma endirmiş, tənəzzülü qaçılmaz hala gətirmişdir. Loru dillə desək, qlobal neft bazarındakı indiki qiymətlər belə Azərbaycan üçün də “hasil etdiyin “qara qızıl”ın üzərinə bir də əlavə vəsait qoyub ver” anlamına gəlir. Nədən ki, hazırda dünya bazarında neft 10-11 dollar arasında satılır. Azərbaycan nefti isə ən nikbin hesablamalarda belə, 12.5-13 dollara hasil edilir. Bir də bunun üstünə 4-5 dollarlıq transit xərclərini əlavə etsək, fərq kəllə-çarxa çıxır.
Bazar ertəsi günü WTI markalı neftin hətta mənfi dollara qədər enməsi Prezident İlham Əliyevin bir neçə il əvvəl söylədiyi “Neft erası bitdi” sözlərinin məcazi mənadan real ifadəyə çevrilməsinin göstəricisi idi. Qiymətlərin qısa müddətdən sonra tənzimlənərək yenidən qismən yüksəlməsi belə Azərbaycan üçün böyük məna kəsb etmir. Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda təklif edilən qiymətlər Azərbaycan neftinin maya dəyərindən aşağıdır və ölkəmiz artıq satışlardan mənfəət qazanmır. Dolayısıyla ümidini neft gəlirlərinə bağlayan 10 milyonluq Azərbaycan xalqı istehlakçıların müftə hambalına çevrilir.
Dövlət Gömrük Komitəsinin (DGK) statistik məlumatları da bunu təsdiqləyir. DGK-nın 2018-ci ilin ixracat statistikasına görə, 2018-ci ilin yanvar-noyabrında (11 ay) Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payı 91,29% təşkil edib. Bunun 81,60%-i xam neftin, 2,68%-i (2,33%) neft məhsullarının və 7,01%-i (9,25%) isə təbii qazın payına düşüb.
Statistik məlumatdan aydın olur ki, təbii qazın 7%-lik payını nəzərə almasaq, Azərbaycan ixrfacatının ümumilikdə 84-85%-i neft sənayesi ilə birbaşa bağlıdır. Halbuki, 2017-ci ilin müvafiq dövründə bu miqdar 77,09% idi.
İki bir-birini izləyən illər arasındakı fərq Azərbaycan hakimiyyətinin qeyri-neft sektoruna keçid strategiyasının uğursuz alındığından, əksinə ölkəni daha çox təbii resurslarından asılı vəziyyətə gətirib çıxardığından xəbər verir. Belə çıxır ki, qeyri-neft sektorunu yetərli səviyədə inkişaf etdirə bilməyən Azərbaycan xalqı uzun illər ərzində əldə etdiyi neft bazarını qorumaq üçün əcnəbilərə müftə işləyəcək və çıxardığı neftin üzərinə bir də əlavə pul qoyaraq başqalarına satacaq. Ya da neft satışlarını tamamilə dayandıracaq. İkinci ehtimalda itirdiyimiz bazarı bir daha qazana bilməyəcəyimizi də nəzərə almalı və “qara qızıl”a ümidimizi də bir dəfəlik dəfn etməli, nəyin bahasına olursa olsun, qeyri-neft sektorunun inkişafına çalışmalıyıq.
Qeyri-neft sektoru ərsəyə gəlib bizi ayaq üstə tutana qədər isə indiyədək enerji resurslarımızdan qazanıb iqtisadi təhlükəsizlik sığortasına çevirdiyimiz valyuta ehtiyatlarını ayaqda və həyatda qala bilmək üçün xırıd etməliyik. Nə yazıq ki, valyuta ehtiyatımız tükənməz deyil və onun böyük hissəsini artıq göyə sovurmuşuq.
Qarşımızda dayanan vəzifələrin icrasına xərcləyəcəyimiz vəsaitlər isə bir neçə ay ərzində maliyə resurslarımızın tamamilə əriyib yox olmasına səbəb ola bilər. Heç olmasa bundan sonra hər qəpiyimizin qədrini bilməli, pullarımızı real və tez dönüşümü olan iqtisadi sektorlara yatırmalıyıq. Əks halda defoltla qarşılaşma riskimiz çox da uzaq ehtimal deyil.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar